Donald Trampın göstərişi ilə ABŞ ordusu İranda yüksək səviyyədə zənginləşdirilmiş uranın ələ keçirilməsi üçün genişmiqyaslı plan hazırlayıb.
Bu barədə "The Washington Post" nəşri iki rəsmi mənbəyə istinadla məlumat yayıb.
İddialara əsasən, plan çərçivəsində İranda yerləşən təxminən 450 kiloqram zənginləşdirilmiş uranın çıxarılması üçün bölgəyə xüsusi qazıntı texnikası göndərilməsi və radioaktiv materialların daşınması məqsədilə yük təyyarələri üçün uçuş-enmə zolağının inşası nəzərdə tutulur.
ABŞ mətbuatına danışan ekspertlər isə qeyd ediblər ki, bu cür radioaktiv materialların çıxarılması üçün yüzlərlə, hətta minlərlə hərbçinin və ağır texnikanın havadan bölgəyə daşınması tələb oluna bilər. Onların fikrincə, belə bir əməliyyat olduqca mürəkkəbdir və həftələrlə davam edə bilər.
Məlumata görə, daha əvvəl İranın 400 kiloqramdan çox 60 faiz zənginləşdirilmiş urana və təxminən 200 kiloqram 20 faiz səviyyəsində nüvə materialına malik olduğu ehtimal edilirdi. Bu materialların qısa müddətdə silah səviyyəsi sayılan 90 faizə qədər zənginləşdirilə biləcəyi vurğulanır.
Qeyd edək ki, uranın zənginləşdirilməsi U-235 izotopunun faizinin artırılması prosesidir. Bu texnologiya həm enerji istehsalında, həm də tibbi sahədə istifadə olunsa da, zənginləşdirmə səviyyəsi 90 faizə çatdıqda nüvə silahlarının hazırlanması üçün əsas komponentə çevrilir və bu səbəbdən qlobal təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır./azpolitika.info