Çilidə narkotik maddələr hopdurulmuş 2000 kubmetr taxta materialı müsadirə edilib.
Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkənin dəniz polisi və gömrük xidməti Arika, Valparaiso və San-Antonio limanlarında qiymətli ağac materialları daşıyan 45 konteyneri saxlayıb. Yükün tərkibində qadağan olunmuş maddələr aşkarlanıb.
İlkin hesablamalara görə, taxta və tirlərin kütləsinin 10-20 faizini kokain hidroxloridi və ya ketamin təşkil edir. Bu isə ən azı 108 ton narkotik maddə deməkdir.
Bu, dəyəri 8 milyard 300 milyon ABŞ dollarına çata bilən rekord həcmli narkotik partiyası hesab olunur.
Çili KİV-lərinin yazdığına görə, bu əməliyyat nəticəsində Albaniya mafiyası həcmi milyardlarla dollarla ölçülən gəlirdən məhrum olub.
Məlumata əsasən, müsadirə olunan ağac materialları Çiliyə qonşu Boliviyadan gətirilib. Həmin yükün daha sonra 14 müxtəlif limana, əsasən Qərbi Avropa, Şimali Amerika və Yeni Zelandiya istiqamətlərinə göndərilməsi planlaşdırılıb.
Maskalanmış narkotik yükünün aşkarlanmasında xüsusi təlim keçmiş itlərdən istifadə olunub. Hesab edilir ki, bu üsulla daşınan kokaini texniki vasitələrlə aşkar etmək çox çətindir.
Ölkə hakimiyyəti bildirib ki, onlar belə bir partiyanı gözləyirdilər və yük daşımalarını diqqətlə təhlil ediblər. Çünki ötən il və daha əvvəl narkotiklərin bu cür gizlədilməsi üçün istifadə oluna bilən çoxlu kimyəvi maddələr müsadirə edilmişdi.
Mütəxəssislərin fikrincə, qurudulmuş ağac kokain məhlulunu özünə hopdura bilir. Daha sonra ağac yenidən məhlula salındıqda və ya xüsusi emaldan keçirildikdə, qadağan olunmuş maddəni bərpa etmək mümkün olur.
Stopnarkotik.az