Tramp Zelenskiyə “yox” deyib – ABŞ Ukraynaya bunu verməkdən imtina edib

Bu həftə Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş zamanı ABŞ Prezidenti Donald Tramp Kiyevə “Patriot” hava hücumundan müdafiə raketləri vermək tələbini rədd edib.

Bu barədə öz mənbələrinə istinadla “The Atlantic” nəşri məlumat yayıb.

Bu raketlər Ukrayna Silahlı Qüvvələrinin Rusiya ballistik raket zərbələrini dəf etməsi üçün lazımdır. Mənbələrə görə, Zelenski Ukraynanı Rusiya qüvvələrinin qış hücumlarından qorumaq üçün ABŞ-dəki bu raketlərdən 300-nü istəyib. Lakin Tramp onları verməkdən imtina edib.

Qeyd olunur ki, ABŞ-nin özünün sözügedən raket ehtiyatı İrana qarşı müharibə səbəbindən xeyli tükənib. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına görə, Vaşinqtonda hazırda yalnız 759 Patriot (Pac-3) raketi qalıb ki, bu da ilkin ehtiyatın təxminən üçdə birini təşkil edir. Amerikanın “Lockheed Martin” şirkəti tərəfindən bu cür sursatların illik istehsalı isə 600-620 ədədi keçmir.

İyulun əvvəlində Ankarada Zelenski ilə danışıqlar zamanı Tramp Kiyevə özünün “Patriot” sistemlərinə aid raketlərin istehsalı üçün lisenziya verəcəyinə söz vermişdi. Lakin bu vədə əməl edilsə belə, Ukrayna bir neçə il ərzində onları böyük miqdarda istehsal edə bilməyəcək.

Ankaradakı görüşdən sonra Zelenski Amerika Prezidentinin Ukraynaya lisenziya verməyə razılaşdığını bildirmişdi. Lakin Ağ Ev bunu rəsmi olaraq təsdiqləmədi və Tramp özü də bu məsələ ilə bağlı hələ yekun qərar vermədiyini bildirdi. Ağ Ev rəhbərinin sözlərinə görə, o, lazımi lisenziyanın Kiyevə veriləcəyinə "əmin deyil", lakin məsələ hələ də nəzərdən keçirilir./azpolitika.info