Son illərdə narkotik tcarəti İranın dövlət ticarətinə çevrilib. Təsadüfi deyil ki, tez-tez İran narkotikinin Azərbaycan gömrüyündə tutulmasına şahid oluruq. Elə bu günlərdə Azərbaycandan keçən İran narkotik yükü Dağıstanla sərhəddə tutuldu. Sonra isə Azərbaycanda bir həftədə iki narkotik tranzitinin qarşısı alındı.
Məsələnin maraqlı tərəfi budur ki, Azərbaycanla sərhədə gələnə qədər narkotik yükü daşıyan TIR-lar İranın öz ərazisi daxilində sərbəst hərəkət edir və polis tərəfindən saxlanılmır. Bəs necə olur ki, külli miqdarda narkotik İranın bütün ərazisindən keçərək sərhədə gəlir, ölkəni sərbəst şəkildə tərk edir?! Belə anlaşılır ki, narkotik satışı, tranziti İranın dövlət siyasətinə çevrilib. Yox, əgər belə deyilsə, İran polis orqanları tərəfindən bunun qarşısı niyə alınmır? Hətta demək olar ki, narkotranzitə görə İrana başqa dövlətlər tərəfindən irad tutulmur, tənbeh edilmir.
Qeyd edək ki, İranın narkoticarətdən gələn gəlirinin ölkənin rəsmi ÜDM-ni üstələdiyini BMT hesabatı ortaya qoyur. Bunun üçün qurumun verdiyi rəqəmləri gözdən keçirmək kifayət edər. Əvvəlcə hesabatda yer alan ümumi məqamlara göz ataq.

Hesabatda əksini tapan məlumata görə, 90-cı illərdən bəri Balkan marşrutu Əfqanıstandan Qərbi və Mərkəzi Avropaya qeyri-leqal tiryək, xüsusən də heroin daşınması üçün ən əhəmiyyətli tranzit yolu olmuşdur. Marşrut Əfqanıstandan başlayır və İranla Türkiyədən keçir. Burada Balkan marşrutu üç əsas qola bölünür:
Şimal qolu - Cənub-Şərqi Avropanı keçərək Bolqarıstanla Rumıniyadan keçir və Qərbi- Mərkəzi Avropaya uzanır.
Qərb qolu - Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Kosovo, Monteneqro və Serbiyadan keçir, Qərbi və Mərkəzi Avropaya çatır.
Cənub qolu - Türkiyədən Yunanıstana və oradan İtaliyaya keçərək Avropa Birliyinə aparır.
Həm heroin, həm də tiryək istifadəsinin geniş yayıldığı İranla yanaşı, Qərbi və Mərkəzi Avropa da Əfqanıstanda istehsal olunan və Balkan marşrutu ilə daşınan heroinin əsas istiqamətidir. Marşrut boyunca hər bir ölkədə opiatlar istehlak edilsə də, istehlakın böyük hissəsi Fransa, Almaniya, İran, İtaliya, Polşa, Böyük Britaniya və Şimali İrlandiya da daxil olmaqla bir neçə böyük ölkədə cəmləşib. Balkan marşrutundan əlavə, iki başqa marşrutun Əfqanıstan opiatını digər qeyri-leqal istehlakçı bazarlarına, Qərbi və Mərkəzi Avropaya tədarük etdiyi məlumdur. Şimal marşrutu Orta Asiyadan Rusiya Federasiyasına, Pakistan və İran ərazisindən keçən Cənub marşrutu isə Afrika, Qərbi və Mərkəzi Avropa və Cənubi Asiyada bir neçə bazara narkotik tədarük edir.
O da məlumdur ki, heroinin yerini yavaş-yavaş metamfetamin alır və xaşxaşdan əldə edilən opiatlardan fərqli olaraq, tamamilə kimyəvi maddələrdən istehsal edilə bilən sintetik narkotikdir. Bu növ narkotik demək olar ki, hər yerdə istehsal edilə bilər. Onun istehsalı, əslində, bir neçə ölkəyə yayılıb, qaçaqmalçılıq yolları isə daha regionaldır. Tarixən metamfetamin Avropada kiçik rol oynayıb, lakin son təhlillər göstərir ki, metamfetamin istehsalı, qaçaqmalçılığı və istehlakı Balkan marşrutu ölkələri boyunca yeni təhlükədir. Balkan marşrutu boyunca opiat və metamfetamin ticarətinin illik dəyəri 2019-2022-ci illərdə 13,9 ilə 21,4 milyard ABŞ dolları arasında olub. Opiatlar və metamfetamin bazarlarından əldə edilən 17,5 milyard ABŞ dolları məbləğində qeyri-leqal gəlir Əfqanıstan (14,5 milyard ABŞ dolları) və Şimali Makedoniya (13,7 milyard ABŞ dolları) kimi marşrut üzərindəki ölkələrin 2022-ci il ÜDM-indən çoxdur. Digər tərəfdən narkotikdən gələn qeyri-leqal məbləğ Finlandiyanın 16,9 milyard ABŞ dolları olan 2021-ci il təhsil büdcəsini aşıb.
Sintetik narkotiklərin artan populyarlığına baxmayaraq, opiatlar 2019-2022-ci illər arasında Balkan marşrutu boyunca fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupların gəlirlərinin əsas hissəsini formalaşdırıb. Bu müddət ərzində opiatlar marşrut boyunca əldə edilən ümumi qeyri-leqal gəlirin təxminən 90 faizini təşkil edib. Opiat ticarəti və pərakəndə satışı təxminən 15,5 milyard ABŞ dolları gəlir gətirib ki, bu da metamfetamin ticarətindən əldə edilən gəlirin təxminən səkkiz qatıdır (2 milyard ABŞ dollarından bir qədər az).
Opiatların ümumi gəlirinin daha yüksək olmasının iki əsas səbəbi var. Birincisi, opiatların qanunsuz istifadəsi bir çox ölkələrdə metamfetamin istifadəsi ilə müqayisədə hələ də nisbətən yüksəkdir. Məsələn, İranda opiat istifadə nisbəti 3,31 faizdirsə, metamfetaminlər üçün bu rəqəm 0,40 faizdir. İkincisi, opiatlar daha baha satılır. Orta hesabla, tərkibinin saflığına görə opiatların qramının pərakəndə satış qiyməti Balkan marşrutu boyunca metamfetamin qiymətindən təxminən 60 faiz bahadır. Narkoticarətə bağlı ümumi gəlirin ən böyük payı Balkan marşrutunun tam boğazındakı İranın payına düşür ki, İran regionda ən çox opiat istifadəçisinə ev sahibliyi edir və Balkan marşrutundakı demək olar ki, bütün opiatlar onun ərazisindən keçir. 2019-2022-ci illər arasında İranın ildə narkotik istifadəsindən və tranzitindən qazandığı gəlir orta hesabla 5,7 milyard ABŞ dolları olub ki, bu da Balkan marşrutu boyunca opiat ticarətinin gətirdiyi ümumi gəlirin üçdə birindən çoxunu (36,9 faiz) təşkil edib. Yəni demək olarki, bu 40%-ə yaxındır.

İranın narkotik qara bazarında fəaliyyət göstərən fərdlər-narkobaronlar və narkomafiya qrupları opiat satışından daha çox gəlir əldə ediblər, nəinki metamfetamin ticarəti və satışından. Buna baxmayaraq, İranda metamfetamin qara bazarının gətirdiyi ümumi gəlir Balkan marşrutu boyunca beşinci ən böyük bazar olub və İrana ildə 126 milyon ABŞ dolları ilə 188 milyon ABŞ dolları arasında gəlir gətirib. İranda tiryək bazarının yüksək dəyəri əsasən üç amillə bağlıdır:
1) əhalinin çoxluğu;
2) narkotik istifadəsinin geniş yayılması;
3) daşınan bütün tiryək ticarətinin mənbəyi olan Əfqanıstana qonşu olması, Balkan marşrutu boyunca strateji mövqeyi.
İrandan keçən bütün tiryək daşınmalarının İran sakinləri ilə birbaşa əlaqəsi olmasa da, ölkədən keçən narkotiklərin böyük həcmi, onun geniş daxili bazarı ilə birlikdə, xeyli miqdarda qanunsuz narkotik iqtisadiyyatı yaradıb.
Bundan başqa opiatlar və metamfetamin bazarlarında “fırlanan” pul dövriyyəsi ictimai asayiş və təhlükəsizlik üçün dövlət xərclərinə bərabərdir.
Yuxarıda deyildiyi kimi, Balkan marşrutu boyunca qanunsuz opiat və metamfetamin bazarlarından əldə edilən ümumi qeyri-leqal gəlir kiçik və orta səviyyəli bir ölkənin ÜDM-i ilə müqayisə edilə bilər.
2019-2022-ci illər arasında qanunsuz ümumi gəlirin ÜDM-ə nisbəti ən yüksəkdir və bu nisbət opiatlar və metamfetamin ticarəti ilə bağlıdır. Başqa sözlə, ölkənin qanuni ÜDM-si azaldıqca, qeyri-leqal ümumi gəlir arıtr-İrandakı kimi. İranda bu göstəricinin yüksək olması təkcə yuxarıda izah edildiyi kimi coğrafi mövqeyi ilə deyil, həm də 2012-ci ildən bəri ÜDM-in əhəmiyyətli dərəcədə azalması ilə bağlıdır.
Eyni zamanda, metamfetamin ticarətinin təhlili opiat ticarəti ilə oxşarlıqları ortaya qoyur. Müsadirə və qiymət haqda məlumatlara görə, əsas narkoticarət əlaqələri Əfqanıstanda yaranmış və İrana, daha sonra isə Türkiyəyə keçmişdir. Bu hesabatda tətbiq olunan modelə əsasən, əsasən 2019-2022-ci illər arasında DMP (məlumat idarəetmə platforması) məlumatlarına əsasən, təxmin edilir ki, Əfqanıstandakı narkotacirlər İrandakı narkotacirlərə 16 tondan çox, Balkan marşrutuna daxil olmayan ölkələrdəki narkotacirlərə isə daha 6,5 tondan çox təmiz metamfetamin ixrac edirlər. Həm İranda, həm də Balkan marşrutu olmayan ölkələrdə narkotacirlər həmin metamfetaminin bir hissəsini Balkan marşrutu boyunca yerləşən ölkələrə yenidən ixrac edə bilərlər. Narkotik axınlarının təhlili həm opiatların, həm də metamfetaminin ticarətində konkret mərkəzlərin mühüm rolunu vurğulayır. Məsələn, həm opiat, həm metamfetaminin əsas ticarət marşrutları Əfqanıstandan başlayır, İran və Türkiyədən keçir. Kokain kimi digər narkotiklərdə olduğu kimi, təhlil göstərir ki, narkotiklərin müsadirə nisbəti təchizat zəncirinin başlanğıcına yaxın yerdə çox vaxt daha yüksək olur. Məsələn, İran və Türkiyənin opiatların müsadirə səviyyəsinin 28,2 və 29,3 faiz olduğu təxmin edilir, çünki onlar Balkan marşrutunda Əfqanıstandan sonra ilk ölkələrdir.

2019-2022-ci illər arasında Əfqanıstandakı narkomafiya tərəfindən İrandakı narkotik mafiyasına ildə təxminən 166 ton təmiz heroin ekvivalentində tiryək daşınıb. Təkcə Əfqanıstandan İrana qanunsuz tiryək axınının dəyəri təxminən 900 milyon ABŞ dolları təşkil edib. Bu tiryəyin böyük hissəsi daxili bazarın tələbatını ödəmək üçün ya müsadirə edilib, ya da ölkə daxilində paylanıb.
Hesbatdan belə nəticə hasil olur ki, İranın narkotik iqtisadiyyatı qurmasına səbəblərdən biri də sanksiyalardır. Xüsusən də İran sanksiya üzündən neftini sata bilməməsi də onu üstünlüyü narkotik satmağa verməyə sövq edib. Bir tərəfdən də narkotik iqtisadiyyatı neft iqtisadiyyatından da gəlirli sahədir. Amma narkotik iqtisadiyyatı inzibati cəhətdən molla rejiminin nəzarəti altındadırsa, bu ticarətin hərbi, təhlükəsizlik tərəfdən himayəsi SEPAH-ın nəzarətindədir, yəni İran narkotik pulları hesabına büdcəni doldurur. Məsələn, İranın narkotikdən gələn gəlirlərinə baxaq.
2019-2022-ci illər üzrə İranın opiat ticarətindən əldə edilən təxmini ümumi gəlir ən azı 4572.3 milyon dollar, təxmini orta həddə 5728.6 milyon dollar, yüksək həddə isə 7013.3 milyon dollar olub. İranın metamfetamin tranzitindən təxmin edilən gəliri isə 125.5 milyon dollar, orta hesabla 155.2 milyon dollar, yüxarı gəlir həddi isə 188 milyon dollar olub. İranın opiat ticarətindən pərakəndə satışda təxmini xalis gəliri isə aşağı həddə 3633.1 milyon dollar, orta hesabla 4567.3 milyon dollar, yuxarı hesabla isə 5605.3 milyon dollar olub. Metamfetamin ticarətindən pərakəndə satışda təxmini xalis gəlir minimum 89.9 milyon dollar, orta hesabla 116 milyon dollar, maksimum isə 142.4 milyon dollar olub. Rəqəmləri sadalamağa davam etmək olar. Amma hər şeyə rəğmən dövlətlərin İrana narkotik tranziti səbəbindən niyə təzyiq etməməsi sual doğurur…
Hazırladı: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az