Rusiyada kifayət qədər tanınan, Kremlə yaxın təbliğatçı sayılan hökumətyönlü bloqer İlya Remeslo gözlənilməz bəyanatla çıxış edib.
Tez-tez Vladimir Solovyovun verilişlərinin də qonağı olan İ.Remeslo sosial şəbəkə səhifəsindəki paylaşımında Ukraynadakı müharibəni tənqid edib və Putinin müharibə cinayətkarı kimi məhkəməyə verilməsini tələb edib. Sonradan onunla əlaqə saxlayan jurnalistlərin efirinə çıxan bloqer həmin paylaşımın ona aid olduğunu, hazırda Rusiya ərazisində yaşadığını təsdiqləyib və sölərinin üstündə durduğunu deyib.
Həm də hüquqşünas və vəkil olan Remeslo daha əvvəllər müxalifət xadimlərinə qarşı “donosçuluq” etməsi, hətta mərhum Boris Nemtsova qarşı cinayət işi ilə nəticələnən iddia qaldırmasıyla tanınıb.
O, sözügedən paylaşımını "Vladimir Putini dəstəkləməyi dayandırmağımın beş səbəbi" adlanırıb. Göstərdiyi beş səbəb arasında Remeslo Ukraynadakı müharibəni, iqtisadiyyata və vətəndaşların rifahına dəyən ziyanı, internet və media azadlığının boğulmasını, Putinin hakimiyyətdə olma müddətini və onun seçicilərinə qarşı hörmətsizliyini sadalayır: "Nəticə: Vladimir Putin legitim Prezident deyil. Vladimir Putin istefa verməli, müharibə cinayətkarı və oğru kimi məhkəmə qarşısına çıxarılmalıdır ".
Daha sonra Remeslo növbəti paylaşımında Putinə qarşı çıxmasının 6-cı səbəbini də göstərib: "Dəbdəbəyə olan dəlicəsinə, sərhədsiz həvəsi. Əvvəllər yaxtalar və malikanələrlə bağlı bütün bu “xarici agent” araşdırmalarının bir az uydurma olduğunu düşünürdüm. Lakin 2026-cı ildə artıq bunu gizlətmək mümkün deyil".
"Aqentstvo” kanalı ilə söhbətində Remeslo deyib ki, onun bəyanatının Putinə göstəriləcəyinə əmindir: “Çünki administrasiyada və hüquq-mühafizə orqanlarında məni yaxşı tanıyırlar". Remeslo əlavə edib ki, "Putini tənqid edənlərin hamısını həbsə atmaq mümkün deyil”.
Daha sonra, ayrıca bir paylaşımda Remeslo yazıb ki, bir neçə il əvvəl Navalnıya qarşı Moskva hava limanında keçirilən aksiya "Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko tərəfindən şəxsən sifariş edilib".
Remeslonun bu paylaşımları və açıqlamaları Rusiyada, o cümlədən digər Kreml təbliğatçıları arasında böyük səs-küyə səbəb olub. Kremlin baş təbliğatçısı sayılan Vladimir Solovyov Remeslonun paylaşımlarına reaksiya verib və cavab olaraq "bəzi insanların əsəbləri dözmür" yazıb. O əlavə edib ki, Remeslo "hakimiyyətin təsadüfi yol yoldaşı olub".
Navalnının adamlarından olan Leonid Volkov isə iddia edib ki, “Remeslo heç nəyi pulsuz etmir” və bunun arxasında hansısa hakimiyyətdaxili oyunlar var./azpolitika.info