“Gürcüstan azərbaycanlılarının bir hissəsinin İrana meyilli olması səbəbindən Azərbaycan quru sərhədlərini bağlamağa məcbur qalıb. Bu, hər birimiz üçün ekzistensial məsələdir. Necə oldu ki, bizim azərbaycanlı əhalimizin xeyli hissəsi İranın adamyeyən rejiminin tərəfdarı oldu? Necə oldu ki, Marneulidə gənclər Xameneinin portretləri ilə qaçırlar? Və ya necə oldu ki, bizim azərbaycanlılar İranın terrorçu xüsusi xidmət orqanları üçün çox asan “verbovka olunanlara” çevrildilər? Necə oldu ki, elə bir vəziyyətə gəldik ki, Azərbaycan öz ərazisinə bizim azərbaycanlı həmvətənlərimizi buraxmamaq üçün Gürcüstanla sərhədi bağlamağa məcbur oldu? Fikir verin: Azərbaycan azərbaycanlıları buraxmır”.
Gürüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili bu fikirləri sosial şəbəkə hesabında yazıb. O, mövcud vəziyyətə görə hazırda itqidarda olan “Gürcü arzusu” partiyasını ittiham edir. Saakaşvili bildirib ki, son vaxtlar Kvemo Kartli (Borçalı -red.) bölgəsindən olan bir neçə nəfər Avropa ölkələrində İran üçün casusluq ittihamı ilə saxlanılıb. Onun sözlərinə görə, onlardan biri bir neçə gün əvvəl Yunanıstanda həbs edilib.
O, əlavə edib ki, radikal islamçıların təsiri xüsusilə gənclər arasında güclənib. Saakaşvili iddia edib ki, Azərbaycan dini radikalizm təhlükəsi səbəbindən onlarla sərhədini bağlayıb, Tbilisi isə gənclərə heç bir gələcək təklif etmir. “Gürcülər buna etiraz və ya xaricə köçməklə cavab verirlərsə, azərbaycanlılar rahatlığı İranın radikal şiəliyində tapırlar. Nəticə isə çox kədərlidir”, – deyə o bildirib. Saakaşvili hesab edir ki, bu proseslər Gürcüstanda təhlükəli etnik qarşıdurma riskini artırır və ölkənin parçalanması təhlükəsini gündəmə gətirə bilər.
Saakaşvilinin istinad etdiyi hadisəyə gəlincə, gürcü mediasının yaydığı məlumata görə, Gürcüsstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İranın təsiri və Beynəlxalq “Əl-Mustafa” Universitetinin yerli filialının fəaliyyəti ilə bağlı səsləndirilən iddialarla bağlı araşdırmaya başlayıb. Söhbət terrorçuluqla mümkün əlaqələr barədə ittihamlardan gedir.
“Son günlər müxtəlif şəxslər Gürcüstanda başqa ölkələr tərəfindən kadrların cəlb olunması ilə bağlı bir sıra iddialar səsləndiriblər. Bu iddialar arasında terrorçuluqla bağlı ittihamlar və ya buna işarələr də var. Biz bu bəyanatların məzmununu, eləcə də müəlliflərinin motivlərini diqqətlə izləyir və araşdırırıq. Xüsusilə də regionda davam edən hərbi əməliyyatlar fonunda Gürcüstanı belə məsələlərdə ittiham edən bəyanatlara xüsusi diqqət yetirilir”, – DTX-nın bəyanatında vurğulanır.
Beynəlxalq “Əl-Mustafa” Universiteti qərargahı İranın Qum şəhərində yerləşən dini-təhsil mərkəzidir. Ali məktəb islamşünaslıq sahəsində, o cümlədən teologiya, hüquq və fəlsəfə istiqamətlərində ixtisaslaşıb və dünyanın 50-dən çox ölkəsində, o cümlədən Gürcüstanda filial və tərəfdaş strukturlar şəbəkəsinə malikdir.
2020-ci ildə ABŞ bu universitetə qarşı sanksiyalar tətbiq edib. Vaşinqton iddia edir ki, İran bu təhsil müəssisəsindən öz ideologiyasını yaymaq və xarici vətəndaşları İrana bağlı silahlı qruplara cəlb etmək üçün istifadə edir. İran tərəfi isə bu ittihamları rədd edir.
Gürcüstan mediasının məlumatına görə, on ildən artıqdır universitetin filiallarından biri Gürcüstanda fəaliyyət göstərir. Burada şiə teologiyası, fars dili və islamşünaslıq üzrə pulsuz kurslar təklif olunur. Filial əsasən müsəlman əhalinin çoxluq təşkil etdiyi bölgələrdə, məsələn, Qardabani və Marneulidə fəal işləyir. Təhsil müəssisəsi Gürcüstanın rəsmi təhsil orqanları tərəfindən akkreditə olunmayıb. Bununla belə bildirilir ki, yerli proqramları bitirən tələbələr təhsillərini İranda davam etdirə bilirlər. Jurnalistlərin danışdırdığı məzunlar universitetin tələbələrə təqaüd, yaşayış yeri ilə bağlı yardım və İrandan göndərilən tədris materialları təqdim etdiyini bildiriblər.
Gürcüstanda yaşayan soydaşlarımızın İranın təsiri altında olan radikal təşkilatlara cılb olunması barədə iddiaları “AzPolitika”ya şərh edən “Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlı bildirir ki, soydaşlarımızın müstəqillik illərindən bəri çoxsaylı problemləri mövcuddur: “Bu problemlər xüsusilə Zviad Qamsaxurdiya və Eduard Şevardnadze dövründə daha qabarıq şəkildə özünü göstərirdi. Bildiyiniz kimi, əsas problemlərdən biri təhsil sahəsi idi. Şevardnadze dövründə Tbilisidə oxuyan gənclərin sayı barmaqla sayılacaq qədər az idi və ölkədə iqtisadi vəziyyət də çox ağır idi. Buna görə soydaşlarımızın bir hissəsi Rusiya, bir hissəsi Azərbaycana, bir hissəsi isə dünyanın müxtəlif ölkələrinə işləmək üçün getdilər. Bəziləri isə İrana üz tutdular.
Təbii ki, İranda həm təhsil alanlar, həm də ticarətlə məşğul olanlar oldu. Yəni dini istiqamətdə təhsil alanlar da meydana çıxdı və həmin dövrdə böyük bir boşluq yarandı. İnsanlarımız həm ağır iqtisadi vəziyyətə, həm də təhsil sahəsindəki ciddi problemlərə görə xaricə üz tutdular. Əslində bu problemlər Gürcüstanın müstəqillik illərindən başlayaraq formalaşdı və dini istiqamətdəki problemlər də məhz həmin dövrdə ortaya çıxdı”.
O, xatırladır ki, daha sonra Mixail Saakaşvili hakimiyyəti dövründə “1+4” proqramı qəbul edildi. Beləliklə, Azərbaycan Respublikasının, xüsusilə də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə soydaşlarımız Gürcüstanın müxtəlif dövlət və özəl universitetlərində təhsil almağa başladılar. Bu gün minlərlə gəncimiz həmin proqram çərçivəsində ali təhsil alıb.
K.Ramazanlı vurğulayır ki, bununla belə, təhsil problemi hələ də qalmaqdadır. Onun sözlərinə görə, məktəblərdə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin ciddi çatışmazlığı var. Mövcud müəllimlərin əksəriyyəti ya təqaüdçüdür, ya da təqaüd yaşına çox az qalıb. Bu səbəbdən Azərbaycan dili və ədəbiyyatının tədrisi çox aşağı səviyyədə aparılır, yalnız ayrı-ayrı nümunəvi hallar istisna təşkil edir. “Əslində dini istiqamətdə problemlər də Saakaşvilinin dövründə başladı. Əvvəllər Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda nümayəndəliyi fəaliyyət göstərirdi və dini tədbirlərin təşkili, eləcə də dini ədəbiyyatların çapı həmin qurumun səlahiyyətinə daxil idi. Lakin 2008-ci ildə Gürcüstan Müsəlmanları İdarəsi adlı yeni qurum qeyri-hökumət təşkilatı kimi təsis edildi və bundan sonra Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı fəaliyyəti faktiki olaraq formal xarakter daşımağa başladı”, - İctimai Birliyin sədri təəssüflə qeyd edir.
O, əlavə edir ki, onsuz da Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı fəaliyyəti çox zəif idi və demək olar ki, ciddi iş görülmürdü. Nümayəndəlikdə çalışanlar da aktiv fəaliyyət göstərmirdilər - fəaliyyət aşağı səviyyədə idi və zərərli nəticələr də doğururdu: “2008-ci ildə bu qurum yaradıldıqdan sonra dini istiqamətdə bir neçə qeyri-hökumət təşkilatı da təsis olundu. Bu gün də islam dini Gürcüstanda rəsmi statusa malik deyil və əsasən QHT səviyyəsində fəaliyyət göstərir. Halbuki 2008-ci ildə ölkə əhalisinin ən azı üçdə birinin müsəlman olduğu halda bu din dövlət səviyyəsində rəsmi şəkildə tanınmalı idi. Digər dinlər bu istiqamətdə tanındığı halda, islam dini belə status almadı.
Problemlər də məhz bundan sonra başladı. Müxtəlif dini QHT-lər yaradıldı və maliyyə əsasən Gürcüstan Müsəlmanları İdarəsinə və Gürcüstan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi vasitəsilə ayrıldı. Digər qurumlar isə müxtəlif mənbələrdən maliyyə dəstəyi axtarmağa, bəzi qruplar İranın müəyyən dairələrindən dəstək almağa başladılar. Həmin dairələr nə Gürcüstanla, nə Azərbaycanla müsbət münasibətlərə malik idi və iki ölkə arasındakı münasibətlərin pozulmasında maraqlı idilər. Nəticədə həmin QHT-lərin bəzilərinə və ayrı-ayrı şəxslərə dəstək göstərildi. Bu gün yaranan problemlərin bir hissəsi də məhz bu proseslərin nəticəsidir”.
K.Ramazanlı daha sonra qeyd edir: “Obyektiv yanaşdıqda demək lazımdır ki, “1+4” proqramı Saakaşvili dövründə qəbul edilərək müsbət nəticələr verdi. Lakin dini sahədə zərərli proseslərin başlanğıcı da həmin dövrə təsadüf edir. Təəssüf ki, bu proseslər bu gün də davam edir və hamıya məlumdur ki, bunun hansı mənfi nəticələrə gətirib çıxara biləcəyi barədə ciddi narahatlıqlar mövcuddur”.