Gömrük Məcəlləsinə dəyişikliklər yeni səlahiyyətlər yox, prosedurların dəqiqləşdirilməsini və məhkəmə nəzarətinin gücləndirilməsini nəzərdə tutur.
Stopnarkotik.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.
Onun sözlərinə görə, dəyişikliklər əsasən texniki və hüquqi dəqiqləşdirmələrdən ibarətdir. Məsələn, qanunvericilikdə istifadə olunan bəzi ifadələr, o cümlədən rus dilindən keçmiş terminlər beynəlxalq praktikaya uyğun anlayışlarla əvəz olunur.
Komitə sədri bildirib ki, praktikada bəzi mallar ölkəyə gətirilsə də, müxtəlif səbəblərdən gömrük rəsmiləşdirilməsindən keçmir və illərlə anbarlarda qalır. Bu isə həm gömrük borcunun yaranmasına, həm də əlavə saxlanma xərclərinə səbəb olur.
O qeyd edib ki, belə hallarda mallar üzrə gömrük öhdəlikləri yerinə yetirilmədikdə avtomatik olaraq gömrük borcu yaranır. Bəzi hallarda isə malların sahibləri bu borcu ödəməyə maraq göstərmir və mallar faktiki olaraq sahibsiz qalır.
Şahin Bağırovun sözlərinə görə, yeni yanaşmaya əsasən, bu cür hallarda məsələ məhkəmə qaydasında həll olunacaq. Məhkəmə qərarı əsasında gömrük borclarının ödənilməsi və malların sonrakı taleyi müəyyənləşdiriləcək.
O xüsusi vurğulayıb ki, gömrük orqanlarının hər hansı şəxsin ölkə ərazisinə daxil olub-olmamasına dair qərar vermək səlahiyyəti yoxdur və edilən dəyişikliklər də belə bir səlahiyyət yaratmır.
Komitə sədri əlavə edib ki, beynəlxalq təcrübəyə uyğun olaraq, bəyan edilməyən və uzun müddət qalan mallarla bağlı daha konkret müddətlər müəyyən edilir. Bu müddət 180 gün olaraq nəzərdə tutulur və bundan sonra məsələ məhkəməyə çıxarılır.
Onun sözlərinə görə, dəyişikliklər gömrük sistemində yığılıb qalan sahibsiz malların sayının azalmasına, resurslardan daha səmərəli istifadəyə və xərclərin optimallaşdırılmasına xidmət edəcək.