Türkiyədə 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsi qadağan olundu

Türkiyədə 15 yaşını tamamlamayan uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qəbul edilib.

Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi yeni qanuna əsasən, sosial şəbəkə platformaları 15 yaşdan kiçik istifadəçilərə xidmət göstərə bilməyəcək və bunun üçün yaş təsdiqi mexanizmləri tətbiq etməli olacaq.

Qanuna əsasən, 15 yaşdan yuxarı uşaqlar üçün ayrıca, təhlükəsiz və nəzarət olunan xidmətlər təqdim olunmalıdır. Eyni zamanda, platformalar valideyn nəzarəti alətləri yaratmağa, istifadə müddətinin izlənməsi və məhdudlaşdırılması imkanlarını təmin etməyə borcludur.

Bildirilib ki, sosial şəbəkə şirkətləri aldadıcı reklamların qarşısını almaq üçün də əlavə tədbirlər görməlidir.

Yeni tələblərə əməl etməyən platformalara qarşı ciddi sanksiyalar nəzərdə tutulur. Bu çərçivədə reklam qadağası tətbiq oluna, eləcə də internet trafiki mərhələli şəkildə 50 faizdən 90 faizə qədər məhdudlaşdırıla bilər.

Qeyd edək ki, qanun dərc edildikdən 6 ay sonra qüvvəyə minəcək.