VƏLİƏHD SUSDU, BAŞ NAZİR “PARTLADI”... - Trampın təhqirinə Səudiyyə və İtaliya başçılarının fərqli cavabı

Məşhur ifadədə deyildiyi kimi, "hər şey müqayisədə bilinir". Bu ifadə hazırkı dünya liderlərinin davranışları, özlərinə və ətrafdakılara münasibəti üçün də keçərlidir…

Beynəlxalq arenada son günlərin ən səs-küylü hadisələrindən biri ABŞ Prezidenti Donald Trampın İtaliya Baş naziri Corcio Meloni barədə təhqiramiz ifadələri və Meloninin ona kəskin cavabı oldu.

Məlum olduğu kimi, çoxdandır adi ədəb qaydalarına belə məhəl qoymayan Tramp, Fransada keçirilən G7 sammitindən sonra İtaliya Baş naziri Ciorcia Meloninin birlikdə şəkil çəkdirmək üçün guya ona yalvardığını iddia edib: “O (Meloni) mənə birlikdə şəkil çəkdirmək üçün yalvarırdı. O, bunu çox istəyirdi. Mən bunu etməzdim, amma ona yazığım gəldi. Yəqin ki, onunla danışdığım üçün özünü xoşbəxt hiss edir. Çünki mən onunla danışmağa borclu deyiləm”.

Trampın İtaliyanın faktiki dövlət başçısına bu cür aşağılayıcı münasibəti qarşı tərəfdə əsl “bomba effekti” yaratdı.

Trampın indiyə qədər bu və ya digər formada aşağıladığı digər, xüsusilə də avropalı kişi dövlət başçılarından fərqli olaraq Meloni dərhal canlı efir açaraq Trampa cavab verdi: “Sözün açığı mən dəhşətə gəlmişəm. Bilmirəm ki, niyə ABŞ Prezidenti öz müttəfiqləri ilə belə rəftar edir? Bu, birinci dəfə deyil. Təəssüflər olsun ki, o, Qərbin və ABŞ-ın düşmənləri ilə münasibətdə eyni qətiyyəti göstərmir, onlarla daha mehriban davranır. O, bir məsələni yadda saxlamalıdır ki, İtaliya və mən heç vaxt yalvarmırıq”.

Ardınca İtaliyanın Xarici İşlər naziri Antonio Tayani ABŞ-yə səfərini ləğv etdi. Təbii ki, bu da Meloni ilə razılaşdırılmış addım oldu. XİN başçısının bəyanatında deyilib: "Prezident Trampın Baş nazir Meloni haqqında dediyi təhqiramiz ifadələr bütün İtaliyaya qarşı təhqirdir. Bu səbəbdən 21-22 iyun tarixlərində ABŞ-yə planlaşdırılan səfərimi ləğv etmək qərarına gəldim".

Bir sözlə, İtaliya Baş naziri qadın olmasına rəğmən Trampın özündən razı, yekəxana, aşağılayıcı tonunu cavabsız qoymadı və sərt reaksiya verərək, digər dövlət başçılarına da örnək göstərdi. Çünki siyasi mövqeyi və kimliyindən, pis, ya yaxşı olmasından asılı olmayaraq, bir dövlətin başçısı həmin ölkənin, xalqın ən ali təmsilçisi, canlı simvoludur. Onun təhqir edilməsi bütöv bir ölkənin, xalqın təhqir edilməsinə bərabərdir. Hətta bu xalqın heç də hamısı həmin lideri dəstəkləməsə belə...

Trampın bunu anlamayacaq qədər “piyada” biri olması və bunu bilmədən etməsi inandırıcı deyil. Lakin öz sələflərini, keçmiş ABŞ prezidentlərini belə ən aşağılayıcı ifadələrlə təhqir edib ələ salan biri üçün əlbəttə ki, digər dövlətin başçısını təhqir etməsində qeyri-adi bir şey yoxdur...

Bu qalmaqal təxminən iki ay əvvəl Trampın Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmana ünvanladığı təhqiramiz ifadələri yada salır. 

O, Mayamidə keçirilən Səudiyyə Ərəbistanının “Future Investment Initiative” investisiya konfransındakı çıxışı zamanı, elə ərəb investorların qarşısındaca Salmanın onun “arxasını öpdüyünü” demişdi: “O düşünmürdü ki, mənim arxamı öpməli olacaq... O düşünürdü ki, mən ölkəsi məhvə doğru gedən növbəti uğursuz Amerika prezidenti olacağam. Amma indi mənə qarşı mehriban olmalıdır. Ona deyin ki, mənə qarşı mehriban olsun”.

Bu aşağılayıcı və hədələyici tonda işlədilən ifadələrdən sonra çoxları Səudiyyə vəliəhdinin bunu cavabsız qoymayacağını düşünsə də, Məhəmməd bin Salman susdu. Əlbəttə, bunu siyasi və iqtisadi konyuktura, geosiyasi şərtlər, İrandakı müharibə ilə bağlı Səudiyyə Ərəbistanının düşdüyü həssas durum və s. səbəblərlə əlaqələndirmək olar. Lakin bu səbəblərin heç biri bir liderin öz ölkəsinə və xalqına bağlı(əgər bağlıdırsa) olan, onu özündə ehtiva edən şəxsiyyətinin, ləyaqətinin aşağılanmasına və buna cavab verilməməsinə haqq qazandıra bilməz...

Əlbəttə, Melonini Məhəmməd bin Salmandan üstün və cəsarətli edən bir sıra məqamlar var. Məsələn, bir çoxları bu fərqi İtaliyanın monarxiya deyil, demokratik dövlət olmasıyla əlaqələndirə bilər. Lakin məsələ ondadır ki, Tramp özünü demokratiya müəcəmməsi sayan bir çox Avropa ölkələri başçılarını da dəfələrlə təhqir edib, aşağılayıb. Lakin onlardan Volodimir Zelenski istisna olmaqla, demək olar heç biri Trampa nəinki layiq olduğu cavabı vermək, heç onunla mübahisə belə etməyə cəsarət göstərməyiblər...

Təəssüf ki, dünya bir zamanların Çörçill, Ruzvelt, Tetçer, Reyqan və s. bu kimi şəxsiyyətli liderlərindən sonra bəzi təlxək, onurğasız, dələduz, əxlaqı axsaq “liderlər”in ümidinə qalıb. Bizsə hələ belə bir dünyadan, belə “liderlər”dən bəşəriyyət üçün ədalət, hüquq, humanizm, sülh və “işıqlı gələcək” gözləyirik.../azpolitika.info