Bakıda klinikada oğurluq hadisəsi olub.
Hadisə Səbail rayonu ərazisində yerləşən klinikalardan birində qeydə alınıb.
İttiham aktına görə, 58 yaşlı Bəsti Xudaverdiyeva (ad və soyad şərtidir) həkim-ginekoloq işləyən zərərçəkənin iş otağına girərək, ona məxsus çantadan içərisində 5440 manat və 200 dollar (340 manat) pul olan, özünün dəyəri isə 1400 manat olan cüzdanı oğurlayıb.
Zərərçəkənin şikayəti əsasında Bəsti saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə də oğurluğa görə həbs olunub və amnistiya qərarı ilə həbsdən buraxılıb. Onun sözlərinə görə, gözləri zəif olduğu üçün klinikaya gedib. Müəssisənin birinci mərtəbəsində gözləyərkən bir otağın qapısının açıq olduğunu görüb. İçəri daxil olaraq, masanın üzərindəki qara çantadan pul qabını götürüb. Taksi ilə “Koroğlu” metrostansiyasına gəlib. Buradan da avtobusla yeznəsinin kirayədə yaşadığı Zabrat qəsəbəsinə yollanıb. Bəsti bildirib ki, evdə yatarkən polis əməkdaşları mənzilə daxil olaraq, onu saxlayıblar.
Bəsti Xudaverdiyeva əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Bəsti Xudaverdiyeva 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.