“Bizim hüquqi düşüncəmiz də müstəqil olmalıdır...” – İSFƏNDİYAR AĞAYEV

Professor: “Bağladıqları yol məni dayandırmadı, daha gözəl yolun açılmasına səbəb oldu”

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində hüquq elmləri doktoru, professor İsfəndiyar Ağayevin “Cinayət Hüququ. Ümumi hissə” kitabının təqdimat mərasimi keçirilib.

Stopnarkotik.az xəbər verir ki, təqdimat mərasimində ilk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə hüquqşünaslar, alimlər, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.

Təqdimat mərasiminin əvvəlində İsfəndiyar Ağayevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib. Filim nümayişinin ardınca çıxış edən İsfəndiyar Ağayev kitab haqqında məlumat verib. O bildirib ki, hüquqi düşüncə müstəqil olmalıdır, hüquq elmində kök salmış köhnə elmi ənənələrdən tədricən uzaqlaşmaq lazımdır:

“Bizim bazamız var. Lakin biz o bazanın üzərində yerimizdə saya bilmərik. Azərbaycan hüququ inkişaf etməlidir. Biz klassik elmi irsimizi qorumalıyıq, amma onu hüququn mütərəqqi ideyaları ilə zənginləşdirməliyik.

Azərbaycan müstəqil dövlətdir. Bir məsələ var ki, müstəqillik elan edildikdən sonra bütün sahələr eyni anda müstəqilləşmir. Bu uzun müddət tələb edir, zaman tələb edir, zəhmət tələb edir. Hətta ərazi bütövlüyümüz və tam suverenliyimiz belə müstəqilliyin elanından neçə il sonra həyata keçdi. Onun da ən şanlı səhifəsi 44 günlük müharibədə qazandığımız tarixi zəfər oldu. Burada şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı, xaqlımızın birliyi və Ali Baş Komandanın uğurlu və qətiyyətli siyasəti sayəsində tam suverenliyimizi və ərazi bütövlüyümüzü əldə etdik.

Amma müstəqillik dedikdə tək bundan söhbət getmir. Bizim hüquqi düşüncəmiz də müstəqil olmalıdır. Ona görə, bizdə kök salmış elmi ənənədən tədricən uzaqlaşmalıyıq və öz müstəqil inkişaf yolumuzu tapmalıyıq. Bunun üçün hüquq elmimiz dünya hüquq elminin ən mühüm nailiyyətlərini mənimsəməli və milli hüquq məktəbini formalaşdırmalıdır.

Şəxsən rastlaşdığım bir məsələni qeyd edim. Milli hüquqi düşüncənin müstəqilliyi, milli elmin formalaşdırılması elə məsələlərdir ki, Azərbaycanda bu işlərə çox böyük maneələr törədilib. Yəni tək hüquqi düşüncəmizin yox, təhsilimizin, elmimizin, intellektual potensialımızın inkişafına böyük maneələr törədilib. Və çox təəssüf ki, bu yaxın keçmişə qədər davam edib. Mənim həm elmi fəaliyyətim, həm peşəkar inkişafım da bu maneələrdən yan keçməyib. Burada dostlarım var, həmkarlarım var, tələbələrim, ailəm var - hər biri hüquq elminə nə qədər bağlı olduğumu bilirlər və qarşılaşdığım maneələri də bilirlər. Həmin maneələrin haradan qaynaqlandığını və maneələr zamanı canfəşanlıq edənləri də yaxşı xatırlayırlar. Maneələrin səbəbkarları bir şeyi anlamadılar ki, məni hesablaya bilmədilər. Türkcə bir söz var – məni xəfifə aldılar. Onlar anlamadılar ki, mane olmaqla mənə daha böyük güc və stimul verdilər. Mən öz üzərimdə bir işləyəcəkdimsə, beş işlədim. Bağladıqları yol məni dayandırmadı, daha gözəl yolun açılmasına səbəb oldu. Bunu mən tək öz qələbəm hesab etmirəm. Bu elmdən də qabaq millətimizin təəssübünü çəkən adamların qələbəsidir, uğurudur, Azərbaycan elminin uğurudur. İndi ədalətsizliklərin, haqsızlıqların əsl müəllifinin harada olduğu bəllidir. Dövlət başçısının siyasi iradəsi, Dövlət Təhlükəsizlik Xidmətinin qətiyyətli addımları sayəsində haqq-ədalət öz yerini tapdı. Bu, Azərbaycanda tək ədalətin bərpası deyil. Bu, Azərbaycanda çox böyük dönüş məsələsidir”.     

Tədbirdə iştirak edən Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası sədrinin müavini, professor Vaqif Şadlinski, BDU-nun Hüquq fakültəsinin kafedra müdiri, professor Firuzə Abbasova, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov çıxışlarında İsfəndiyar Ağayevin hüquq elminə verdiyi töhfələrdən, müəllifi olduğu kitabların vacibliyindən söz açıblar.

Vurğulayaq ki, “Cinayət Hüququ. Ümumi hissə” kitabı Azərbaycan Respublikası Elm və təhsil nazirinin 25 dekabr 2025-ci il tarixli əmri ilə ali təhsil müəssisələrinin tələbələri üçün dərslik kimi təsdiq edilib.

Nəşrdə cinayət hüququnun ümumi hissəsinə aid nəzəri və praktiki məsələlər müasir hüquqi yanaşmalar əsasında şərh olunub. Müəllif kitabda milli qanunvericiliklə yanaşı, beynəlxalq hüquq təcrübəsini də geniş şəkildə işıqlandırıb.

Qeyd edək ki, İsfəndiyar Ağayev cinayət hüququ, beynəlxalq cinayət hüququ və cəza-icra hüququ sahələrində 20-dən artıq kitabın və 200-dən çox elmi məqalənin müəllifidir. Onun əsərləri Azərbaycandan kənarda da nəşr olunub.

ÜLVİYYƏ

Stopnarkotik.az