“Valideyn planlı şəkildə övladının həyat hekayəsini qurmalıdır” – HƏKİM-PSİXOLOQ
Günay Babayeva: “Zərərli vərdişlərdən qaçmaq üçün yemək saatlarını düzgün qoyun, yuxu rejiminə əməl edin”
“Təəssüflər olsun ki, indiki gənclər yuxu rejiminə riayət etmirlər, onlar zərərli vərdişlərə yol açacaq cığırdan keçirlər”
“Analıq haqqı, atalıq haqqı o zaman baş verir ki, sən qarşındakını şəxsiyyət kimi formalaşdırırsan”
“Səhv edəni “baltalamaq” olmaz, ona düzü göstərmək lazımdır”
Narkotik istifadəçilərinin reabilitasiya prosesinə cəlb edilməsinə müxtəlif yanaşmalar var. Məsələn, Avropa ölkələrində yanaşma belədir ki, aktiv istifadəçilər sağalmaya özləri qərar verməldirlər. Amma o da məlumdur ki, narkotik olan yerdə iradədən danışmaq əbəsdir. Narkotik istifadəsini iradənin zəifliyinə yox, asılılıq xəstəliyinə bağlayırlar. Aktiv narkotik istifadəçisində sağlam düşüncə olmur ki o, sağalmağa qərar versin. Hətta keçmiş narkotik istifadəçiləri bildirirlər ki, istifadəçi yalnız “dib” görəndən sonra narkotikdən üzülüşməyə qərar verir.
Həmçinin, istifadə müddəti artdıqca narkotikin vurduğu fəsad da artır. Hətta indiki sintetik narkotiklər bircə istifadədən insanı asılı edir və ilk dəfədən öldürə də bilir. Belə olan halda “dib”lərə qədər getməyin insanın bütün sferalarını tam məhv edəcəyini bilə-bilə, o “dib”ə çatmadan istifadəçini sağalmağa könüllü qərar verməyə necə razı salmaq olar, bunun yolu nədir? Bu və digər suallara Bakı Narkoloji Dispanserinin həkim-psixoloqu Günay Babayeva ilə müsahibəmizdə aydınlıq tapmağa çalışdıq.
(Əvvəli bu linkdə: “Ailədə şəxsiyyəti alçaldılan yeniyetmələr narkotikə başlayır” – HƏKİM-PSİXOLOQ)
- Necə düşünürsünüz, yeniyetmə və gənclərə sağlam həyat tərzi, idman və kreativ fəaliyyətləri təşviq etmək üçün hansı metodlar daha effektivdir? Ümumiyyətlə, sağlam həyat tərzi, idman kimi fəaliyyətlər narkomaniyadan çəkindirməkdə nə qədər təsirlidir? Belədirsə, psixoloji dayanıqlıq üçün daha çox hansı idman növü asılılığın heç yaranmaması baxımından daha effektivdir? Məsələn, üzgüçülüyü, su idmanını götürək.
- Çox gözəl təsir edir. Nəinki narkotik vasitələrdən, aşırı zərərli içkilərdən istifadə edənlər, məsələn, energetik içkilər, yaxud da siqaret və elektron siqaretə meyllənənlər, bəzən aşırı yeməkdən əziyyət çəkənlər – bunlar hamısı yeniyetmələrimizin düzgün həyat tərzi sürməməsindən irəli gəlir. Bunun üçün də valideyn planlı şəkildə övladının həyat hekayəsini qurmalıdır. Məsələn, 3-5 yaşında uşağın istər evdə, istər öz şəxsi inkişafında öhdəlikləri olmalıdır. Əgər uşaq evində ayaqqabısını soyunub yerinə qoymursa, yediyi boşqabı mətbəxə aparmırsa, soyunduğu paltarını yerinə qoymursa, bu işləri onun yerinə valideyn edirsə, deməli, hardasa bundan artıq narahat olmaq lazımdır. Çünki o uşaq ödəliyini, öz dəyərini anlamır. Bundan da o yaranır ki, bunu mənim yerimə hamı edə bilər. Bu da gələcəkdə gətirib gözləntiyə çıxarır ki, mən oturum, hamı mənə etsin və yaxud da hamıdan gözləntisi olur. O, münasibət, dostluq qura bilmir.
10-15 yaş arası uşaqlar dərslərində aktiv olmalıdırlar, idmanla məşğul olmalıdırlar, onların dost mühiti yaradılmalıdır, oğlan-qız fərq etmir, əsas odur ki, valideyn onlara dost mühiti yaratsın. Məktəbdə dost mühiti yaradılmalı, dost mühiti ilə gəzintiləri olmalıdır. Təbiətlə, heyvanlarla təmasda olmalıdırlar. Çünki nəvazişi, mərhəməti, dostluğu, insanlığı bu yaşda formalaşdırmaq lazımdır. Bunlar 10 yaşda formalaşdırılırsa, uşaq 17 yaşda dost mühitini dəstəksiz qurmağa başlayır. Məsələn, sinif yoldaşlarını axtarır. Universitet həyatına, yaxud əsgərlik həyatına başlayırsa, orada dostluq münasibəti qurmağa çalışıır. Bu da onun zərərli vərdişlərdən uzaq olmasından irəli gəlir.
Mən həmişə yeniyetmələrə, gənclərə deyirəm, məşğuliyyətlərinizi düzgün aparın, idmanla məşğul olun, məntiqi oyunlar oynayın, bir yerdə yığışıb domino oynayın, özünüzü inkişaf etdirin, bərabər oxu saatı edin, bir kitabı oxuyun, müzakirəyə qoyun, yaxud bir filmi izləyin, onu müzakirə edin. Qızlara deyirəm ki, əl işləriylə, toxuculuqla məşğul olun. Bu, sizin rahatlığınıza gətirib çıxaracaq. Kiçik məqalələr yazın, hər zaman düşündüyünüzü yazın. Biz nə qədər düşündüklərimizi fiziki ativ olaraq olaraq yazırıqsa, beyin inkişafı bir o qədər aktiv olur. Üstəgəl, valideyinlərə vurğulayıram ki, uşaqlara məcburi yemək yedizdirməyin, qoyun o, aclığını, aclıq siqnalını hiss etsin, beyin aktiv olsun. Zərərli vərdişlərdən qaçmaq üçün yemək saatlarını düzgün qoyun, yuxu rejiminə əməl edin. Təəssüflər olsun ki, indiki gənclər yuxu rejiminə riayət etmirlər, onlar zərərli vərdişlərə yol açacaq cığırdan keçirlər.
- Yəni valideyin uşağının planlı yetişdirmə prosesini aparmalıdır...
- Bəli, mən təlimlərdə də deyirəm, analıq haqqı, atalıq haqqı “uşağı dünyaya gətirdim” deyə yox, o zaman baş verir ki, sən qarşındakını şəxsiyyət kimi formalaşdırırsan. Gəlin etiraf edək, istər qız, istər oğlan olsun, valideyin əgər 12-13 yaşında övladına cinsi istəyin necə olduğunu, yaxud bunun bədənin təbii prosesi olduğunu öyrətməsə, təbii ki, o oğlanlar, o qızlar müəyyən yaşa çatandan sonra bilmədən də olsa hansısa səhv hərəkətlərlə üzləşə bilərlər. Mən atalara da deyirəm, siz atasınız, övladınız gedib kənardan öyrənməməlidir. Özünü idarə etməyi, kişi olduğunu, dəyərlərini siz öyrətməlisiniz. Biz fizioloji təlabatlarımızı nə qədər aktiv idarə etməsək, o qədər də psixoloji narahatçılıqdan əziyyət çəkəcəyik. Abraham Maslovun 5 etaplı piramidası var, orada ilkin növbədə fizioloji təlabat durur. Əgər bu gün biz yemək-içmək, yuxu, cinsi aktivlik kimi fizioloji təlabatlarımızı idarə etməyi öyrənməsək, təbii ki, hansısa psixoloji narahatçılıqdan əziyyət çəkməkdən söhbət gedə bilər.
- Psixoseksual inkişaf mərhələlərinin narkotikə meyllə rolu barədə nə deyə bilərsiniz?
- Psixoseksual mərhələni düzgün aparmaq lazımdır. Bəli, bu düzgün idarə olunmursa, narkotikə yol aça bilir.
- Bəs necə düzgün idarə etsinlər? Axı yeniyetmələr bunu bilmirlər.
- Əgər valideyin utanırsa, psixoloqdan dəstək almaq lazımdır. Bir yeniyetməyə cinsiyyət aktivliyi, cinsi prosedurun insan həyatında rolu öyrədilməsə, o, təbii ki, özünü tapa bilməyəcək. Valideyin edə bilirsə, qız uşaqları ilə anaları, oğlan uşaqları ilə ataları danışsınlar. Əks təqdirdə dəstək alsınlar.
- İndi boşanmalar artdığına görə, paralel olaraq atasız uşaqlar da çoxalır, disfunksional ailələr də çoxdur...
- Bəli, hər kəs tam ailə ola bilməz. Natamam ailələrimiz var. Amma ailədə qadın ayrılıbsa, bu o demək deyil ki, dünyanın sonudur. Onun ailəsində qardaşı, atası var və yaxud da ata ilə ayrılıbsa, amma normal münasibətlər varsa, bu barədə ataya bildirilməlidir ki, uşağını başa salsın. Burada önəmli valideyndir. Əgər valideyn uşağının yaxşı olmağını istəyirsə, təbii ki, bunun yolunu tapacaq. Bir dayı öz bacısı oğlunu oturdub başa salırsa, təbii ki, bu gözəldir. Bir əmi öz qardaşı uşağını başa salırsa, bu yaxşıdır. Eləcə də bibi qardaşı qızını başa salırsa, düzgün yönləndirirsə, bu pisdirmi?! Valideyin vurğulayır ki, mən işdə oluram, vaxtım olmur. Tamam, işdə olursan, evə gələndə yarım saat iş görmə, o yarım saatı uşağına ayır. Uşaqları dinləməyə, onlarla nəyisə müzakirə etməyə 20 dəqiqə bəs edir. Bu 20 dəqiqəlik söhbətdən sonra uşaq özünü dəyərli hesab edir. Çünki valideyn doğmasıdır, uşaq bu vaxt özünü ailənin üzvü hesab edir, bu zaman sevgi, mərhəmət, hörmət yaranır.
- Yəni sadə dildə desək, uşağı insan yerinə qoyanda uşaq da görür ki, sayılır, o da qarşılığında valideyinlə hesablaşır.
- Bəli, özümüz uşağımıza hörmət ediriksə, ətraf da hörmət edəcək. Amma bəzən hörməti anlamırlar, aşırı sevgini hörmətlə qarışıq salırlar. Yaxud deyirlər ki, övladımı sevirəm, ona “yox” demirəm. Xeyr, bu sevgi deyil, “yox”un “yox” yeri var. “Hər şeyə icazə verirəm” deyə bir şey yoxdur, lazım olanda “yox” da deməlisən. Elə şeylər var ki, sərhədli olmaldır. Hər ailənin özünün strukturu, özünün tərbiyə metodu var. Heç kim heç kimlə müqayisə edilə bilməz.
- Bakı Narkoloji Mərkəzində çalışdığınız üçün yəqin ki, müşahidələriniz var. Azərbaycanda son illərdə yeniyetmə və gənclər arasında narkotik istifadəsində müşahidə olunan tendensiyalar nələrdir?
- Bunu saysan bitməz. Ailələr uşaqlarına sevgini aşırı şəkildə göstərirlər. Valideynlərin uşaqlara yanaşması aşırı və müqayisəli şəkildədir. Bir valideyn düşünür ki, o, uşağına bunu edirsə, mən də etməliyəm. Üstəgəl, xarici görünüş. Valideynlər evdə özlərindən xarici görünüş barəsində narazıdırlarsa, bu, uşaqlarına da ötürülür. Uşaqlar da 12-13 yaşlarından öz xarici görünüşlərindən narazı olmağa başlayırlar, bu yaşdan idman zallarına gedirlər, yaxud qız uşaqları gözəllik salonlarına gedir. Təəssüf hissi ilə deyək ki, burada da düzgün olmayan davranışlarla qarşılaşırlar. Və bu da nəyə gətirib çıxarır? Az olmayıb ki, gözəllik salonlarnda konfet adıyla, yaxud arıqlama dərmanı adıyla narkotik satışı baş verib. Yaxud idman zallarında o qədər olur ki, “sən əzələ yığmalısan, bunu içsən daha gümrah olacaqsan” deyə onlara satılan dərmanları bir-iki dəfə istifadədən sonra ata bilmirlər, asılılıq yaranır.
- O zaman həmin idman zallarına da dövlət hansısa şəkildə nəzarət etməlidir?
- Ümumiyyətlə, nəzarət ilk öncə ailənin özündən başlamalıdır. Başa düşülməlidir ki, idman zalına hamı gedir deyə mən gedə bilmərəm. Həmişə deyirəm, idman sağlamlıqdır, amma gəlin etiraf edək, professional idman sağlamlıq deyil. Ona görə, bir valideyin uşağını idmana aparırsa, bilməlidir ki, onu nə üçün göndərir. Uşağın yuxu və yemək rejiminə diqqət etsəniz, onsuz da orqanizm, sümük-əzələ sistemi inkişaf edəcək. 16-17 yaşdan sonra oğlan uşaqlarını sağlamlıq, əzələlərinin möhkəm olması baxımından idmana qoymaq olar, amma ağır fiziki işdədirsə, buna ehtiyac yoxdur. Və yaxud futbol oynayırsa, stress atırsa, yaxşıdır. Çünki dəyərli məşğuliyyəti var. Amma sırf o gedir, bu gedir deyə bəhsəbəhs olmaz. O qədər hallarla üzləşmişik ki, valideyin deyir “sən idmana gedəcəksən”, oğlan deyir “mən buna getmək istəmirəm, başqasına istəyirəm”. Valideyn deyir “yox, mən nə deyirəm ona gedəcəksən”. Sizcə, o uşağın motivasiyası olacaqmı idmanda?
- Yox, uşaq candərdi gedəcək.
- Bəli. Valideyn birinci uşağını dinləməlidir ki, uşaq nə istəyir. Bir ata daim sağlam qidalanırsa, sağlam həyat tərzi keçirirsə, gündə yürüyüşə çıxırsa, həftədə iki dəfə idman zalına gedirsə, uşağı ata modeli olaraq bunu nümunə götürəcək. Hər bir uşağın modeli olur, bu əmi, dayı, ata, xala, ana olur. O modeli yaratmaq da valideynin üzərinə düşür.
- Demək, ən yaxşı tərbiyə şəxsi nümunədir, davranışdır.
- Bəli. Dövlət nəzarət edə bilər, amma biz nə qədər çalışsaq da bədniyyətli insanlar ətrafımızda olub, yenə də olacaqlar. Bizim zərərli davranışımızdan həzz alan insanlar olub, var, olacaqlar. Amma biz inkişaf etməliyik ki, ətrafımızı qorumağı öyrənək. Əgər mən həyətda futbol oynayan uşaqların yanlış ifadələr işlətdiyini görürəmsə, yaxınlaşıram, yavaş-yavaş deyirəm ki, siz böyüksünüz, burada başqa uşaqlar var, ağzınızdan çıxana sözlərə nə qədər diqqət etsəniz sizin mədəniyyətiniz artacaq. Biz bunu ediriksə, nəsə öyrətməyə çalışırıq, onlar da özlərini dəyərli hiss etməyə başlayırlar. Deyirlər ki, bağışlayın, bilmədik və mən bu halla ikinci dəfə üzləşmirəm. Çünki mən onlara hörmətlə yanaşdım. Düşünürəm ki, insandır, səhv edə bilər. Səhv edəni “baltalamaq” olmaz, ona düzü göstərmək lazımdır.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az