İlhamə Həsənova: “Hesab edirəm ki, şəxsi istehlak məqsədilə narkotik vasitədən istifadə dekriminallaşdırılmalıdır”
“Cəzanın məqsədi islah etməkdir, qisas almaq deyil”
Bəzi post-sovet ölkələrində narkotiklə bağlı cinayətlər sahəsində müəyyən islahatlara başlanılıb. Məsələn, Qırğızıstanda ilk dəfə narkotik ittihamı ilə həbsə düşən gənclərə qarşı güzəşt tətbiq oluna biləcək. Həmçinin, Rusiyada Ali Məhkəmə Cinayət Məcəlləsinin 228-ci maddəsi - satış niyyəti olmadan narkotik əldə etməyə görə cəzaları yüngülləşdirən qanun layihəsini təsdiqləməyi planlaşdırır. Rusiya Cinayət Məcəlləsinin 228-ci maddəsinin 1-ci hissəsi ("xeyli miqdar") ilə ilk dəfə məhkum edilmiş vətəndaşların həbs edilməməsini, onların faktiki cəzalarının narkomaniya müalicəsi də daxil olmaqla, digər tədbirlərlə əvəz edilməsini təklif edir. Bəs, Azərbaycanda da analoji dəyişikliklər tətbiq etmək mümkündür? Bu və digər suallara tanınmış hüquqşünas, vəkil İlhamə Həsənova ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.
- İIhamə xanım, son vaxtlar post-sovet məkannda narkotiklərlə bağlı cəza sistemində yumşalmalar gündəmdədir. Bu addımı gərəkdirən səbəb olaraq, ilk öncə kriminal fonun aşağı salınması nəzərdə tutulur. Sizcə, bu baxımdan Azərbaycanda vəziyyət qənaətbəxşdir, yoxsa bizdə də bu cür addımlara ehtiyac var?
- Azərbaycanda hal-hazırda mövcud qanunvericiliyə əsasən, satış məqsədi ilə narkotik vasitələri əldə etmə, saxlama, daşıma 234-cü maddənin ağırlaşdırılmış bir hissəsidir. Eyni zamanda, satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsidir. Hansı ki, bu yeni əlavə olundu. Bu maddədə daha da ağrılaşdırılmış sanksiya tətbiq olundu. Əslində, Azərbaycanda bu günki islahatlar satış məqsədi olmadan, külli miqdarda narkotik vasitə əldə etmə, saxlamanın sanksiyasını ağırlaşdırdı, yüngülləşdirmədi. Bu istiqamətdə təbii ki, müzakirələr aparılır, davam etdirilir. Bir sıra ölkələrin təcrübəsinə baxsaq, məsələn, Avropa ölkələrinin, bilirsiniz ki, Almaniyanın özündə şəxsi istiehlak üçün müəyyən qədər narkotik vasitəni əldə etmə, saxlama ümumiyyətlə cinayət məsuliyyəti yaratmır, inzibati məsuliyyət yaradır. Bu əməlin narkomaniya xəstəsi olan şəxslər üçün şəxsi istehlak miqdarında dekriminallaşdırılması ilə bağlı təkliflər Azərbaycanda olub. Amma hələ ki, bu təkliflər, yəni satış məqsədi olmadan narkotik vasitənin əldə olunması, saxlanması istər külli miqdarda, istər az miqdarda dekriminallaşma və yaxud cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı hər hansı bir məsələ hazırda gündəmdə deyil, amma müzakirələr var.
Amma bir hüquqşünas olaraq mən hesab edirəm ki, ümumiyyətlə, şəxsi istehlak məqsədilə narkotik vasitədən istifadə dekriminallaşdırılmalıdır. Bu, dünyanın bir sıra ölkələrində, eləcə də Avropa ölkələrində təcrübə olunur. Əlbəttə, başqa bir təhlükə də var ki, bunun dekriminallaşdırılması narkotik vasitələrin insanlara daha əlçatan olmasına və narkotikdən istifadənin yayılmasına da gətirə bilər. Amma götürsək ki, onsuz da insanlar bu və ya digər yollarla bunu tapır və bu da artıq cinayət təqibinə, cinayət məsuliyyətinə səbəb olur və bir şeyi düşünək ki, əgər insan narkotik xəstəsidirsə, o, istifadəsi üçün məsuliyyətə cəlb olunursa, onun ailə üzvləri də onunla birlikdə əziyyət çəkir. Təkcə həmin adam məhdudiyyətlərə, məhrumiyyətlərə məruz qalmır, onun digər yaxın adamları da bunlara məruz qalır. Sosial baxımdan bu islahatın edilməsi, düşünürəm ki, daha ağlabatandır. Amma qaldı ki, külli miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə edilib, saxlanması və burada cəza siyasətinin humansitləşdirilməsi, qeyd etdiyim kimi, bizdə əksinə olub, cəza siyasəti ağırlaşdırılıb. Və düşünmürəm ki, bu, indi Azərbaycana lazımdır. Əks halda külli mqidarda narkotik vasitəni əldə etmə sui-istifadə hallarına yol açacaq. Çünki adətən narkotik vasitənin satış məqsədilə əldə edilməsini sübut etmək cinayət təqibi mərhələsində çətin olur. Bunun üçün birbaşa sübutlar lazımdır. Məsələn, həmin narkotik vasitəni kimə satmalıydın və yaxud da Ali Məhkəmənin bununla bağlı Plenium qərarı var - göstərilir ki, həmin narkotik vasitə hissələrə bölünmüş şəkildə olmalıdır, bir yerdə tərəzi tutulmalıdır və yaxud kiminləsə sövdələşibsə, həmin adam müəyyən olunmalıdır. Sübutetmə mexanizmi bir qədər çətin olduğuna görə, əgər bir adam satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edibsə, satış məqsədi ilə saxlayıbsa, onun sübut edilməsi çətin olacaq və o da daha az cəzalanacaq, məsuliyyətdən yayına biləcək, sui-istifadə hallarına yol açılacaq. Məhz buna görə, 234.1-1-ci maddə Cinyət Məcəlləsinə əlavə olundu. Hesab edirəm ki, bu gün üçün bu məsələ daha məqsədəmüvafiqdir.
- Bəs, belə bir addım həbsxanaların yükünü yüngülləşdirmək üçün gözdən keçirilə bilərmi? Yəni ən azından bizə uyğun variantda. Çünki statistikadan da görürük ki, narkotiklə bağlı cinayət törədənlərin içində keçmiş məhkumların da çəkisi az deyil. İlk dəfə narkotiklə bağlı həbsə düşənlərin cəzaçəkmə müəssisələrində islah olunması alınmır, əksinə oradan peşəkar cinayətkar kimi azadlığa çıxırlar. Necə düşünürsünüz, bu nüansı bunu gərəkdirən bir addım hesab edə bilərikmi?
- Məsələn, hal-hazırda qanunvericilikdə narkotik vasitənin külli miqdarda olmayanda, yəni 234.1-ci maddə ilə şəxsi istifadə üçün narkotik vasitə əldə etmə 3 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Amma burada alternativ cəzalar nəzərdə tutula bilər. Əgər bir adam ilk dəfə məhkum olunursa və onda aşkarlanan narkotik külli miqdarda deyilsə, şəxsi istifadəsi üçün götürülübsə, burada 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası çox sərtdir. Burada alternativ nəzərdə tutula bilər. Özü də bu, hüquqi islahatların dərinləşdirilməsi ilə bağlı 3 aprel tarixli cənab Prezidentin “Cəza siyasətinin humanistləşdirilməsinə dair Fərmanı”ndan irəli gələn tələbdir. Düşünürəm ki, burada cəza siyasəti humanistləşdirilsə, daha yaxşı olar.
Külli miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına gəldikdə, burada da 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Həmin maddədə də azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəzaların olmasını məqsədə müvafiq hesab edirəm. Çünki bu da fərdiləşməyə kömək edəcək. Məsələn, adam var ki, ilk dəfə məhkum olunub və yaxud da narkotik vasitə külli mqidarda olsa da, belə deyək, tutaq ki, heroinin 6 qramı da külli mqidardır, 3 qramı da. İndi 6 qramla 3 qram arasında fərq var. Yəni qram fərqinə uyğun olaraq, adamın şəxsiyyətinə, islah olunma dərəcəsinə uyğun olaraq və digər yüngülləşdirici hallar qanunvericilikdə nəzərdə tutulur. Həmin yüngülləşdirici halları nəzərə almaqla, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaları tətbiq etmək olar. Məsələn, azadlığın məhdudlaşdırılması, elektron qolbaq və s. Yəni bu cür alternativ cəzaların olmasını məqsədə müvafiq hesab edirəm. Çünki həqiqətən bizim cəzaçəkmə müəssisələrimz doludur. Başqa ölkələrdə təcrübədə olarkən də görürük ki, bizim qədər məhkumu olan ölkə çox deyil.
- Həm də həbsdə olanların yarıdan çoxu narkotiklə bağlı cəza çəkənlərdir.
- Bəli. Hətta baxırsan ki, kamerada yer olmur, 6 nəfərlik kamerada 12 nəfər yerləşir.
- Beynəlxalq hesabatlarda da qeyd olunur ki, bizim həbsxanalar çox doludur...
- Bir də, bilirsiniz əsas məsələ nədən ibarətdir? Cəzanın siyasəti budur ki, cəza qisas almaq xarakterli deyil. Cəza islah xarakterlidir. Cəzanın islah xarakterli olması üçün cəza fərdiləşməlidir. Elə adam var ki, sən onu azadlıqdan məhrum edəndə o gedib daha da korlanır.
- Bəli, həbsxanadan püxtələşib çıxır. Hələ bilmədiyi kriminal əlaqələri də orada tapır…
- Doğrudur. O, bəlkə də islah oluna bilərdi, amma cəzaçəkmə müəssisəsinə düşəndən sonra daha da korlanır, onun islahı geridönməz olur. Yəni bu, insanın fərdi xüsusiyyətlərinə, psixologiyasına bağlı məsələdir, onun cəmiyyətə bağlılığına, cəmiyyətə reabilitasiyasına, geri dönüşünə bağlı psixoloji məsələlərdir. Mən hətta düşünürəm ki, ümumiyyətlə cəza siyasətində cinayət təqibi aparılarkən, məhkəmələr işə baxarkən, məhkəməyəqədərki istintaq mərhələsində şəxslər haqqında təqdim olunan psixoloji ekspertizaya belə bir sual da qoyulmalıdır ki, bu insanın islah olunması psixoloji baxımdan hansı yollarla mümükündür? Onu islahına azadlıqdan məhrumetmə daha yaxşı təsir edə bilər və yaxud başqa cəza növləri? Bir psixoloq rəyinin alınması mütləqdir. Çünki ABŞ-da bunu edirlər. Orada mütləq cəzanın təyinində psixoloji yanaşma da götürülür ki, bu insana hansı cəza tətbiq olunsa, o, daha tez islah oluna bilər…
- Yəni maksimum islaha çalışırlar…
- Bəli. Bizdə də belədir. Cəzanın məqsədi islah etməkdir, qisas almaq deyil. Sən bu cinayəti törətdin, sənə 5 il cəza verirəm, səndən qisas alıram - yox. Məqsəd onu islah etməkdir. Həmin məhkum cəzasının çəkib, cəmiyyətə geri dönəndə sırf islah olunmuş şəkidə geri dönməlidir. Amma biz bu məqsədə nail ola bilirikmi? Çünki bizdə azadlıqdan məhrumetmə cəzaları kütləvi tətbiq olunur. Bizdə hətta maddədə alternativ sanksiyalar, alternativ cəza növləri olsa belə, məhkəmələr alternativlərdən çəkinirlər. Çalışırlar ki, azadlıqdan məhrumetməni çox tətbiq etsinlər. Bu, digər maddələrə də aiddir, təkcə narkoitklə bağlı cəza maddələrinə aid deyil. Narkotiklərə ələlxüsus. Deyirlər ki, narkotikdir, alternativ tətbiq etmirik.
- Sizcə, bunun səbəbi nədir, digər qurumlarla üz-üzə gəlmək istəmirlər?
(Ardı var)
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az