Kriminal aləmdə “Zviad Tbilisski” kimi tanınan “qanuni oğru” Zviad Ozmanyan cəzasını xüsusi rejimli həbsxanada çəkməklə 11 il 1 gün müddətinə azadlıqdan məhrum edilib.
Stopnarkotik.az lent.az-a xəbər verir ki, məhkəmə Ozmanyanı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (“cinayət iyerarxiyasında yüksək mövqe tutma”) ilə təqsirli bilib.
Lakin Ozmanyan özü 2019-cu ildə “qanuni oğru” statusundan imtina etdiyini və bu barədə Penitensiar Xidmətə məlumat verdiyini iddia edib. Ona qarşı yeni ittiham həbsdə olduğu vaxt, azadlığa buraxılmasına bir neçə gün qalmış irəli sürülüb.
Məhkəmə müəyyən edib ki, Ozmanyan narkotiklərin qanunsuz dövriyyəsinə görə cəza çəkdiyi müəssisədə olduğu müddətdə “qanuni oğru” statusu alıb.
O, 2014-cü ilin fevralından 2024-cü ilin iyuluna qədər bu statusdan istifadə edərək həbsxanada qayda-qanunlara nəzarət edib, digər məhkumlara səlahiyyətlər verib. Bundan əlavə, o, qadağan olunmuş əşyaların yayılmasını, “obşak”ın (ümumi fondun) toplanmasını və vəsaitin bölüşdürülməsini idarə edib.
Qeyd edək ki, Zviad Ozmanyan 2013-cü il fevralın 11-də Moskvada “qanuni oğru”lar Temuri Mirzoev, Gizo Kardava, Salmanul-Parusey Abdurzakov, Revaz Kaxmazov, azərbaycanlı Vaqif Süleymanov, Baxış Əliyev və digər kriminal “avtoritetlər” tərəfindən “taclandırılıb”.
Həmçinin o, bir neçə il əvvəl mərhum azərbaycanlı “qanuni oğru” Lotu “Quli”nin dostları tərəfindən “oğru” adından məhrum edilib. Buna səbəb onun “ümumi fond” üçün yığılan pulları oğurlaması olub.