Məhkəmə müəllimi bıçaqlayan şəxslə bağlı QƏRAR VERDİ

Gəncə Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Canpolad Xanmirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Canpolad Xanmirzəyev 22 aprel 2023-cü il tarixdə saat 01 radələrində Tovuz rayonu, Köhnəqala kəndinin mərkəzi hissəsində yerləşən kafedə müştəri qismində olarkən spirtli içkilər qəbul edib. Sərxoş vəziyyətdə olduğu halda həmin kafedə əyləşmiş tanışı, Köhnəqala kənd sakini Elsevər Alıyevlə aralarında əvvəlki şəxsi narazılıqlarla bağlı mübahisə yaranıb.

Mübahisə zamanı təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gəlib. Bu məqsədlə üzərində olan mətbəx bıçağından istifadə edərək Elsevərin qarın və sol qolaltı nahiyələrinə iki dəfə bıçaq zərbəsi endirib.

Nəticədə Elsevər Alıyevə döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, eləcə də qarın nahiyəsinin daxilə nüfuz edən, böyük piyliyi və nazik bağırsağın müsariqəsini zədələyən, həyat üçün təhlükəli hesab edilən ağır xəsarətlər yetirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 9 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Xatırlatma: Mətbuatda yayılan məlumata görə, zərərçəkmiş Elsevər Alıyev məktəblərin birində müəllim işləyib./pravda.az