"Gecə içkili gəlib dedi ki, sizi baltalayacağam" - Qusardakı dəhşətli qətlin TƏFƏRRÜATI

Qusarda qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə hadisədə təqsirləndirilən 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov 18 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il avqustun 10-da saat 4 radələrində rayonun Yuxarı Tahircal kəndində baş verib.

Rayonun Gican kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov bir il əvvəl 1977-ci il təvəllüdlü Şəlalə Ömərova ilə tanış olub və onunla sevgi münasibətləri yaşayıb. Bir müddətdən sonra V.Əlibəyov Ş.Ömərovanı qaçırıb və Gican kəndində birgə yaşayıb. Təxminən bir aydan sonra isə Ş.Ömərova Yuxarı Tahircal kəndinə qayıdıb və o, qardaşının evində məskunlaşıb. V.Əlibəyov isə mütəmadi olaraq Yuxarı Tahircal kəndinə gələrək, Ş.Ömərova ilə yaşayırmış.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs V.Əlibəyov bildirib ki, hadisədən bir gün əvvəl qeyri-rəsmi yaşadığı Şəlalə və onun qardaşı Şirin onu döyüb, təhqir ediblər. O da gecə saatlarında hər iki şəxsi qətlə yetirmək qərarına gəlib. Bu məqsədlə o, saat 4 radələrində həyətdə baltanı götürərək evə daxil olub, əvvəlcə Şirini, sonra isə Şəlaləni baltalayıb. Hadisə nəticəsində Şirin aldığı xəsarətlərdən ölüb, Şəlalə isə xəstəxanaya çatdırılıb.

Məhkəmədə ifadə verən Şəlalə Ömərova isə bildirib ki, təqsirləndirilən şəxs yalan danışır: "Nə mən, nə də Şirin Vəkili döyməmişik, təhqir etməmişik. Vəkil gecə evə sərxoş vəziyyətdə gəlib, məni təhqir etdi. Bildirdi ki, sizi baltalayacağam.

Saat 4 radələrində hamımız yatmışdıq. Gözümü açanda Vəkil mənə balta ilə xəsarət yetirdi. Yalvardım ki, öldürməsin. Saçımdan tutub məni yerə yıxdı, təpikləməyə başladı. Qızım qışqıraraq həyətə qaçdı, polisə məlumat verdi".

Hadisədən sonra Vəkil Əlibəyov kənd ərazisində saxlanılıb, istintaqa təhvil verilib./oxu.az