Gəncədə ad günü məclisi qətllə nəticələndi – TƏFƏRRÜAT

Gəncədə 1977-ci il təvəllüdlü şəhər sakini Aftandil Kərimov həmyerlisi Fuad Abdulhəlimovu qətlə yetirib.

Stopnarkotik.az "teleqraf"a istinadən xəbər verir ki, Aftandil 1976-cı il təvəllüdlü Fuadla Xətai prospektində görüşüb. Mübahisə zamanı o, Fuad Abdulhəlimovun əvvəllər işlətdiyi “pulumu verib, çörəyimi yeyirəm” sözünü maddi imkanı yaxşı olmadığı üçün öz ünvanına nalayiq ifadə kimi qiymətləndirib.

Bunu bəhanə edərək Abdulhəlimovu nalayiq söyüşlərlə təhqir edib, onu öldürmək qərarına gəlib.

Gecə saat 1 radələrində yaşadığı mənzilə yollanıb, evdən mətbəx bıçağı götürərək kafeyə qayıdıb. Abdulhəlimovu tapa bilməyəndə küçədə oturacaqda oturub. Bu zaman Fuadın yolun əks tərəfi ilə piyada getdiyini görüb, onu yanına çağırıb. Orada Fuada çoxsaylı zərbələr vurub. Fuad Abdulhəlimov aldığı xəsarətlərdən ölüb.

Aftandil Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə Kərimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, hadisə günü dostunun doğum gününü qeyd ediblər: “Tədbirdə mən də iştirak etdim. Sonra Fuad zəng vuraraq məni dostum Tarix Babayevə məxsus çayxanaya dəvət etdi. Orada söhbət mənim ad günü tədbirlərindən birində iştirak etməyim, digərinə qatılmamağım məsələsi oldu. Mən ad gününə getməməyimi maddi imkansızlığımla əsaslandırdım”.

Aftandil Kərimov qeyd edib ki, Fuadla arasında mübahisə yaranıb: “O, mənimlə kobud danışaraq əvvəllər dediyi sözü inkar etdi. Bir dostuma zəng etdim, o, söhbətin mən deyən kimi olduğunu təsdiq etdi. Bildirdi ki, Fuad "puluna minnət, mən nə vaxt istəsəm gedib yeyib-içirəm" söyləyib. Bundan sonra Fuada kobud ifadələr işlətdim, polis əməkdaşları gəlib bizi ərazidən uzaqlaşdırdılar.

Mən evimizin yaxınlığında dostlarımla təxminən 1 saat söhbət etdim, sonra evə getdim. Mən evdə olanda Fuad zəng edərək kobud sözlər işlətdi. Ona səhər söhbət etməyi məsləhət gördüm. O isə bizə tərəf gəldiyini bildirdi. “Gecdir, sən mənim evimdə nə gəzirsən?” deyə bildirdim. Meyvə kəsmək üçün istifadə olunan bıçağı götürüb həyətə düşdüm. Özümü müdafiə məqsədilə Fuadın boğazından bıçaqla zərbə endirdim.

Fuadı avtomobillə Abbas Səhhət adına xəstəxanaya apardılar. Mən də onun dalınca xəstəxanaya getdim. Polis əməkdaşları xəstəxanaya gələrək məni şöbəyə apardılar”.

Təqsirləndirilən şəxs deyib ki, 2016-cı ildə Fuad onların evlərinin yaxınlığına köçüb, təxminən 6-7 il olar tanış idilər: “Mən 2008-ci ildən ailəmlə Moskva şəhərində yaşamışam. 2015-ci ildə anam rəhmətə gedəndə Fuadı orada gördüm.

Dostum Elnurun ad günündə Tarix, mən və digər dostlarım iştirak edirdi. Orada heç bir söhbət olmadı, söhbət çayxanada oldu. Mən içkili, Fuad ayıq idi. Məni çayxanaya Tarixlə Fuad çağırdılar”.

Aftandilin ifadəsinə görə, çayxanada Tarixlə zarafat edib: “Tarix məndən “Elnurun ad gününə gedibsən, bu ad gününə niyə gəlmədin?“ deyə soruşdu. Mən maddi imkanımın olmadığını dedim. Fuad dediklərimə gülümsədi. ”Ad gününə sən də getməyəcəkdin, bəs nə oldu?” - deyə Fuaddan soruşanda inkar etdi.

Mübahisə başladı, qarşımda olan pivə stəkanını götürdüm. Tarix stəkanı əlimdən aldı. Məqsədim Fuadı vurmaq deyildi, sadəcə içərisindəkini üzərinə tökmək istəyirdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir neçə saat sonra Fuad ona zəng edərək söhbətə çağırıb: “Spirtli içkinin təsiri altında olduğum üçün dəqiq vaxtı xatırlamıram. Fuadın yanına gedərkən meyvə bıçağını özümü müdafiə məqsədilə götürdüm”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aftandil Kərimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi məcəllənin 221.1-ci maddəsinə tövsif edilib. O, Cinayət Məcəlləsinin 120.2.2 və 221.1-ci maddələri ilə təqsirli bilinib və 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunub.

Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib, əməlin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini xahiş edib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib. Amma birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin olunmayıb, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların toplanmasına dair müddəalar hökmdən xaric edilib.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təyin edilmiş 15 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.