16 yaşlı yeniyetmə “ChatGPT” ilə yazışıb anasını öldürdü – Psixoloq cinayətin səbəblərini AÇIQLAYIR

Xaçmaz rayonunun Qadaşoba kəndində baş verən qətl hadisəsi və bu hadisə ilə bağlı “ChatGPT” ilə yazışmaların olduğu iddiası cəmiyyətdə ciddi müzakirələr yaradıb. Bildirilir ki, 16 yaşlı yeniyetmə anasını öldürüb və hadisədən əvvəl süni intellektlə ünsiyyətdə olub. Bu məlumatlar süni intellekt texnologiyalarından yanlış və təhlükəli məqsədlərlə istifadə olunması məsələsini yenidən gündəmə gətirib. Məhkəmənin qərarına əsasən, yeniyetmə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Belə hallarda süni intellektdən istifadə edərək cinayət törətmək düşüncəsinin yaranması hansı psixoloji meyllərlə əlaqələndirilə bilər?

Məsələ ilə bağlı “AzPolitika”ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, “ALTER” Psixologiya və Təlim Mərkəzinin təsisçisi və direktoru, psixoloq Əli Xəlilov bildirib ki, söhbət 16 yaşlı yeniyetmədən gedirsə, onun düşüncəsində kriminal subkultura, xüsusilə “yaxşı oğlan” obrazı və kriminal fikirlər paytaxtda da, regionlarda da yayğındır. Bu, həm ətraf mühitdə, həm də sosial şəbəkələrdə görünür.

Onun sözlərinə görə, bu yaşda insanın şəxsiyyəti hələ formalaşmayıb. Yeniyetmə özünü təsdiq etmək, güclü və qəbul edilmiş hiss etmək üçün müxtəlif sosial modellərə meyil göstərir: “Kriminal romantizm ona cəlbedici görünür, çünki bu ideologiyalar üstünlük illüziyası yaradır və o, digərlərindən üstün olduğunu düşünərək öz daxili qanunlarına görə hərəkət etməyə çalışır. Belə hallarda süni intellekt və texnologiya sadəcə alət rolunu oynayır. Əsas psixoloji amil yeniyetmənin aidiyyət ehtiyacı, sosial təsirə həssaslığı və cəmiyyətin rəyi kimi faktorların təsiridir. Məsələn, süni intellekt olmasa, o, məlumatları Google və ya digər sosial axtarış saytlarında dolayısı yolla toplayardı. Sadəcə süni intellekt bunu asanlaşdırır”.

Psixoloq əlavə edib ki, bu cür düşüncələr həmişə sabit kriminal meyil göstəricisi olmaya bilər; bəzən yeniyetməlik dövründəki boşluq və lazımi psixoloji dəstəyin olmaması cinayətə yönəldə bilər: “Süni intellekt istifadə olunarkən psixoloji məsuliyyətin uzaqlaşması baş verir. Yeniyetmə öz davranışını tam analiz edə bilmir və texnologiyanı cinayət ortağı kimi qəbul edə bilər. Bu, yaş xüsusiyyətindən qaynaqlanır. Nəticədə, burada daha çox kriminal ideologiya ön plana çıxır. Süni intellektin belə hallardan istifadə olunmaması üçün minimal yaş məhdudiyyətləri tətbiq edilməlidir”.