“ƏRƏB BAHARI” GETDİ, “ƏRƏB PAYIZI” GƏLDİ... - Varlı ərəb ölkələri İranla savaşdan niyə qaçır?

2010-cu ildə ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, korrupsiya, aşağı həyat səviyyəsi və s. ilə əlaqədar başlayan və hakimiyyət dəyişikliklərinə səbəb olan etiraz hərəkatı “Ərəb baharı” adını almışdı. İranın ətrafında cərəyan edən hadisələr fonunda, xüsusilə də Fars Körfəzindəki ərəb ölkələrinin düşdüyü hazırkı durum isə çoxdan bitmiş “Ərəb baharı”nın öz yerini “Ərəb payızı”na verdiyini deməyə əsas verir...

ABŞ və İsraillə mövcud qarşıdurmada İran hakimiyyəti Fars körfəzi ölkələrinə aşağıdakı bəyanatla müraciət etmişdi: "Sizə hücum etmək niyyətimiz yoxdur. Lakin ABŞ-nin bölgədəki əməliyyatları zamanı ərazinizdə yerləşən bazalardan bizə qarşı istifadə olunarsa, biz həmin bazalara zərbə endirəcəyik."

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qeyd etdiyi kimi, bu obyektlər de-yure ABŞ ərazisi hesab olunur...

Lakin İran rejimi sözünün üstündə durmadı, təkcə bazalar vurulmadı və eskalasiyanın başlanğıcından bəri Tehranın hücumları nəticəsində az qala hərbi bazalardan daha çox körfəzdəki ərəb ölkələrinin mülki infrastrukturuna zərbələr endirildi, nəticədə dağıntılar oldu, insan itkiləri baş verdi. İran həmçinin körfəz ölkələrinin neft və qaz infrastrukturunu hədəf alır, onlara böyük zərər vurur. Buna görə İrana haqq qazandıranlar var. Onların fikrincə, təcavüzə məruz qalan, küncə sıxışdırılan İran hakimiyyəti əli hara çatır, oranı da vurmaq məcburiyyətindədir. Ancaq bütün bunların fonunda Fars körfəzi ölkələri İrana nəinki cavab zərbələri endirir, hətta Tehrana qarşı sərt tənqidlərdən belə çəkinirlər. Məsələn, Səudiyyə Ərəbistanı İrana cavab verməkdənsə, İsraili qınamağa üstünlük verir...

Ən qəribəsi də odur ki, ərəb ölkələrinin İranla qarşıdurmadan qaçmaq siyasəti - “utancaqlığı” İranı qətiyyən dayandırmır. Əksinə, İran rejiminin bütün vədlərinə baxmayaraq, körfəz ölkələrinin mülki və enerji infrastrukturu Tehran üçün az qala bir nömrəli hərbi hədəf olaraq qalır.

Ümumiyyətlə, Fars körfəzi ölkələri uzun müddət İrana qarşı ikili mövqe tutublar. Tehran bir tərəfdən inkişaf edən nüvə proqramı və müxtəlif proksi qüvvələrə dəstəyi səbəbindən regional təhlükəsizliyə təhdid hesab olunub. Lakin digər tərəfdən region dövlətləri İran hakimiyyəti ilə münasibətləri yaxşılaşdırmağa çalışırdılar. Hətta 2023-cü ildə Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı İranla münasibətləri bərpa etdi, səfirlikləri yenidən açmaq barədə razılığa gəlindi.

Bir il əvvəl isə BƏƏ səfiri Tehrana qayıtdı. Beləliklə, ümumilikdə ABŞ hərbi bazalarına ev sahibliyi edən Fars körfəzi ölkələri bölgədə tarazlığı qorumağa çalışırdılar. Onlar Tehrana qarşı hər hansı bir hərbi əməliyyat üçün hava məkanı və ya ərazi verməkdən imtina edirdilər və mübahisəni diplomatik yolla həll etməyə çalışırdılar. Bütün bunlar təbii ki, İrana və oradakı rejimə olan sevgidən yox, hərbi qarşıdurma halında bu ölkələrin itirə biləcəyi çox şeyin olmasından irəli gəlirdi…

İndi isə onların ən çox qordxduğu hadisələr baş verməkdədir. Bu vəziyyətdə onların yeganə “ümid yeri” ABŞ və onun Prezidenti Donald Trampdır. Bu da sözügedən ölkələri ABŞ-dən bir qədər də asılı vəziyyətə salır və İran bu zərbələri ilə bir növ həmin ölkələri bütünlüklə ABŞ-nin qucağına atır…

Ancaq unutmayaq ki, bu ərəb ölkələri ən müasir, ən bahalı silahlara, yaxşı təzhiz olunmuş orduya malikdirlər. Məsələn, BƏƏ və Səudiyyə Ərəbistanının ən müasir hava qüvvələri var. Səudiyyə Ərəbistanı “F-15” təyyarələrinin sayına görə dünyada ikinci yerdədir. BƏƏ də öz növbəsində dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən birinə malikdir. Lakin, bahalı və müasir silahlara sahib olmasına baxmayaraq, bu ölkələrin faktiki döyüş hazırlığı çox şübhəlidir. Qabaqcıl müasir tanklara, təyyarələrə, artilleriyaya və s. sahib olmaq və onlardan necə istifadə edəcəyini bilmək iki ayrı-ayrı şeylərdir. Məsələn, Səudiyyə Ərəbistanı husilərlə uzun müddətdir davam edən münaqişədə heç bir əhəmiyyətli uğur qazana bilməyib. Küveyt isə son hadisələr zamanı İran PUA-larını ABŞ təyyarələri ilə səhv salaraq, bir gündə 3 ABŞ hərbi təyyarəsini vurub…

Lap tutaq ki, ərəblər İrana cavab verməyə qərar verdilər. Hər halda, onların aviasiyası ABŞ və İsraildəkindən daha güclü və bacarıqlı deyil, onların zərbəsi də ABŞ-İsrail zərbəsindən daha güclü və effektiv olmayacaq. Əvəzində, İranın əl-qolu daha da açılacaq. Hadisələrin gedişi də göstərir ki, hava hücumları problemi həll etmir. Quru qoşunları ilə də İranın üzərinə hərəkət etmək asan deyil. Ortada körfəz var, bunun üçün Fars körfəzini keçmək və ya İraqa girmək və oradan İrana hücum etmək lazım gələcək. Bu isə çox bahalı və nəticəsi olduqca şübhəli görünən ssenaridir…

Körfəz monarxiyalarının müharibəyə qoşulması onlara yalnız böyük maliyyə itkiləri deyil, həm də insan və nüfuz itkiləri hesabına başa gələ bilər. Məsələn, BƏƏ-nin əsas gəlir mənbələrindən biri turizmdir. Dubaydakı məşhur göydələnlərin belə vurulmasının fonunda bu sahənin hansı vəziyyətə düşdüyünü və onu hansı perspektiv gözlədiyini təsəvvür etmək çətin deyil.

Odur ki, bu ölkələrə savaşın tezliklə bitməsi, status-kvonun bərpası və satabillik lazımdır. İsrail isə əksinə, regionu qeyri-sabitləşdirmək bahasına olsa belə, uzunmüddətli münaqişədə, xaosda və təkcə İranın deyil, ərəb ölkələrinin də köklü surətdə zəifləməsində maraqlıdır. İran ərəb ölkələrinin uğur simvoluna çevrilən Dubay başda olmaqla, körfəz ölkələrinə zərbə endirəndə buna ən çox sevinən əlbəttə ki, İsrail oldu. Bir növ İsrail İranın əli ilə ərəbləri vurdu. Körfəz ölkələrinin elitaları da bunu bilir. 

Onu da bilir ki, hətta İrandakı rejimin devrilməsi belə onlara sülh gətirməyəcək. Çünki bu, İsraili daha da gücləndirəcək, üstəlik, körfəz ölkələri özlərini üç qeyri-sabit dövlət - Yəmən, İraq və parçalanmış İranın, eləcə də regional hegemoniyaya can atan güclənmiş İsrailin arasında sıxışmış vəziyyətdə tapacaqlar. Buna görə də onların strategiyası hücum etmək deyil, gözləmək və müdafiə olunmaqdır. İranın ərəb ölkələrinə hücumları isə onları Trampa təzyiq göstərməyə məcbur etmək məqsədi daşıyır, çünki İran özü də olduqca ağır itkilər verir.

Körfəzdəki varlı ərəb ölkələrinin mövqeyini, birincisi, onların sağ qalmaq istəyi ilə izah etmək olar. İkincisi, zərəri minimuma endirmək. Üçüncüsü, mümkün qədər münaqişəyə, xüsusilə də hücum əməliyyatına cəlb olunmamaq və bununla da təhlükədən uzaqlaşmaqdır.

Bir də ABŞ potensial olaraq birbaşa qarşıdurmadan geri çəkilə, çıxıb gedə bilər, İsrail də İrandan uzaqdadır. İran isə Fars körfəzi ölkələri üçün qonşu kimi yerində qalacaq və onunla münasibətlər əvvəl-axır qaydaya salınmalı olacaq. Bunu ərəblər başa düşür. İran üçün isə hazırda vəziyyətdən çıxmaq lazımdır. Ona görə də İrandakı rejimi qonşularla gələcək münasibətlər yox, sağ qalmaq düşündürür.

Beləliklə, İranla münaqişə ərəb krallarının marağına qəti uyğun gəlmir, itirəcəkləri şeylər olduqca çoxdur. Hazırda bu ölkələr Ukraynadan İran “Şahed”-lərindən müdafiə olunmaq üçün kömək istəyirlər, onlardan mütəxəssis cəlb edir, PUA əleyhinə silah alırlar. Bu onlara kömək edəcəkmi? Bilmirik. Onların Ukraynadan alınan silahı ola bilər, ancaq onlar özləri hər bir cəhətdən Ukrayna ola bilməzlər…/azpolitika.info