“Elə edin ki, özünüz yox olmayasınız!”
İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq edib.
Laricani Trampın İranın Hörmüz boğazını bağlayacağı təqdirdə "sarsıdıcı zərbə" alacağı ilə bağlı sözlərinə cavab verib.
Rejimin ən nüfuzlu rəsmilərindən biri olan Laricani özünün X hesabında yazıb ki, Tramp özü "yox olmamaq üçün ehtiyatlı olmalıdır”: "Aşura ruhunda yaşayan İran xalqı sizin boş təhdidlərinizdən qorxmur. Hətta sizdən güclü olanlar belə onu məhv edə bilmədilər. Buna görə də diqqətli olun ki, özünüz yox olmayasınız".
Bir az sonra, başqa bir paylaşımda o, Tehranın hərbi imkanlarını məhv etmək üçün genişmiqyaslı kampaniya aparan ABŞ və İsrailə müraciət edərək Hörmüz boğazının "ya hamı üçün sülh və rifah boğazına, ya da müharibəni qızışdıranlar üçün məğlubiyyət və əzab boğazına çevriləcəyini" bildirib.
Bu, Laricaninin son günlərdə Trampın İranın hədəfinə çevrilə biləcəyinə dair ikinci hədəsidir. Şənbə günü o, ABŞ Prezidentinin İrana qarşı Amerika-İsrail hücumlarının "bədəlini ödəməli" olduğunu söyləmişdi.
"Onun kim olduğundan, nədən danışdığından xəbərim yoxdur. Mənim üçün heç bir fərqi yoxdur", - deyə Tramp cavab vermişdi.
Martın 10-da Ağ Ev rəhbəri "Truth Social"da yazıb ki, Hörmüz boğazını bağlasa, ABŞ İrana sarsıdıcı zərbə endirəcək: "Əgər İran Hörmüz boğazından neft axınını dayandıran hər hansı bir tədbir görərsə, Amerika Birləşmiş Ştatları onlara 20 dəfə daha ağır zərbə endirəcək. Bundan əlavə, biz İranın bir millət kimi yenidən qurulmasını faktiki olaraq qeyri-mümkün edəcək həssas hədəfləri məhv edəcəyik - onların üzərinə ölüm, od və qəzəb yağacaq - amma ümid edirəm və dua edirəm ki, bu baş verməsin!"
Ancaq Trampın hədə-qorxularına rəğmən, Hörmüz boğazı hazırda faktiki olaraq bağlıdır.../azpolitika.info