UŞAQLAR ARASINDA CİNAYƏTKARLIQ NİYƏ ARTIR? – Cəmiyyətdə kriminala meylliliyin səbəbləri...

Uşaqlar ailələrin, valideynlərin ən həssas məsələsidir. Təəssüf ki, bəzən gözümüzdən uzaq qoymadığımız, hamıdan qoruduğumuz uşaqlarımız pis niyyətli bədnamların “ovuna” çevrilə bilir. Beləliklə, onlar narkotik istifadəçilərinin, cinayətkar qruplaşmanın “kruqu”na düşür.

Amma bəzən də uşağın taleyini alt-üst edən elə onun öz valideyni olur. Buna çoxsaylı nümunələr gətirə bilərik. Məsələn, ötən həftə Nizami rayon polis əməkdaşları tərəfindən Bakıda keçirilən əməliyyatda narkokuryerlik edən yetkinlik yaşına çatmayan qızın saxlanılması bunun bariz nümunəsidir. Necə ola bilər ki, yetkinlik yaşına çatmayan qızın valideynləri onun gecə vaxtı harada olduğu ilə maraqlanmayıblar?! Deməli, burda ilk növbədə valideyn məsuliyyətsizliyindən söhbət gedir. Belə olmasayadı, yeniyetmənin “münasibətlər siyahısı”nı tənzimləyər və onun gecə səyahətlərini harada keçirdiyindən xəbərdar olardılar.

Belə nəzarətsizlik rejimində yeniyetmələr asanlıqla narkotik istifadəçisinə də çevrilirlər. Bu günlərdə “Təmiz Həyat” Reabilitasiya Mərkəzində çəkdiyimiz videomaterialda 16 yaşlı yeniyetmənin başına öz valideynlərinin gətirdiyi bəlaları da buna misal çəkə bilərik. Hansı ki, bu hadisədə valideyn öz funksiyasının nədən ibarət olduğunu anlamır, övladına faktiki işgəncə verməklə konkret olaraq cinayətə qol qiyur. Bu azmış kimi də onun narkotikə dadanmasına aşkar şərait yaradır.

Bəs, cəmiyyətin fərdi olaraq bizim üzərimizə düşən vəzifələr nələrdir? Yaxud dövlətin belə hadisələrə yanaşması necə olmalıdır? Uşaqlar belə hallarda öz səsini dövlətə necə çatdırmalıdır? Bunlar cavablanması vacib suallardır.

**

İlk öncə açıq bilinməlidir ki, uşaqlarımızın qəsdinə durmaq elə dövlətimizin qəsdinə durmaqdır. Onu mənən sındırmaq, ona yalnız biomaterial kimi yanaşmaq, müdafiəsiz olduğu üçün zorakılıq göstərmək birbaşa məsuliyyət məsələsini diqtə edir.

Yeri gəlmişkən, bir neçə gün öncə Baş prokuror Kamran Əliyev də diqqətləri bu məsələyə yönəltmişdi. O, “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirdi ki, Azərbaycanda 2025-ci ildə 18 yaşına çatmış 478 şəxs şəxs cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda, 784 nəfər 18 yaşına çatmayan şəxs zərərçəkmiş qismində qeydə alınıb.

Baş prokurur onu da qeyd edib ki, burada əsas problemlərdən biri uşaqların hüquqi savadlılığının aşağı olması və maarifləndirmə prosesinin zəif olmasıdır.

Təbii ki, qeyd olunanlar gerçəkdir və çox vacib nüanslardır. Bəs heç də barmaqla sayılacaq qədər az olmayan hallarda valideynlərin belə, öz funksiya və məsuliyyətlərinin nədən ibarət olduğundan məlumatlı olmadığı hallarda uşaqların hüquqi savadlılığı və maarifləndirmə prosesini aparmaq kimin üzərinə düşür? Bu suala cavab axtarmazdan öncə onu da vurğulayaq ki, sözügedən tədbirdə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov da bildirdi ki, "Uşaqlar xüsusilə həssas qrup kimi, hüquq sisteminin iştirakçısı olaraq çox vaxt kifayət qədər səs sahibi olmayan subyektlərdir. Məhz vəkilin də birinci vəzifəsi - bu maneələri aradan qaldırmaq, uşağa güvən vermək, onun danışa bilməyəcəyini düşündüyü anlarda onun səsi olmaqdır. Uşağın hüquq sisteminə olan ilk baxışı çox vaxt vəkilin ona yanaşması ilə formalaşır. Əgər bu baxış ədalətli, mehriban və peşəkar olsa, o uşaq böyüyəndə hüquqa inanan bir vətəndaş olacaq. Əgər bu baxış soyuq və laqeyd olsa, o uşaq hüquqdan uzaqlaşacaq”.

Şübhəsiz, Anar Bağırovun məsələyə bu cür yanaşması da olduqca diqqətçəkicidir. Söhbət ondan gedir ki, Baş prokurorun da dediyi kimi, uşaqlara öz hüquqları çatdırılmalı və bu istiqamətdə maarifləndirici tədbirlərə geniş yer verilməlidir.

Burada bir haşiyə çıxaraq qeyd edək ki, hazırda yeniyetmələr arasında sürətlə artan kriminal heyranlığın, AUE seqmentinin onların daxilində bir təbəqə kimi “təşəkkül tapması” baş verir. Həm Kamran Əliyevin, həm də Anar Bağırovun ifadələri ilə kriminal heyranlığın, yeniyetmələr arasında aqressiyanın artması tendensiyasını müqayisə etsək, bu nəticəyə gələ bilərik ki, vəziyyətin bu həddə çatmasında, yəni zorakılığa məruz qalan uşağın hüquqi savadlılığı olmadığına görə səsini dövlətə çatdıra bilməməsi və hüquqi maarifləndirmənin zəif olmasının rolu çoxdur.

Baş prokurorun dediyi kimi, qlobal statistika ilə müqayisədə Azərbaycanda rəqəmlər qənaətbəxş olsa da, əhalinin artım statsitikası, narkomaniyanın yayılması və s. faktorlarla müqayisədə bir uşağın belə, çətin vəziyyəti çoxdur. Və burada yeniyetmələrin hüquqi savadlılığını artırmaq üçün təlimlər, hüquqi maarifləndirmə, zorakılığa qarşı necə davranmaq, hüquqlarının nə olduğunu bilməsi, eləcə də məsuliyyətini, vəzifələrini anlaması, hansısa cinayət törədəcəyi təqdirdə qanunla, cəza ilə necə qarşılaşacağını anladan treyninqlər keçirilməlidir. Bunu bir genişmiqyaslı layihə olaraq tətbiq etmək yeniyetmələri atacağı səhv addımdan effketiv şəkildə çəkindirərdi.

Bu arada, məsələyə bir qədər də aydınlıq gətirmək üçün 2024-cü və 2025-ci ilin statistik rəqəmlərini müqayisə edə bilərik. 2024-cü il üzrə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkmişlərin içində 635 nəfər 18 yaşına çatmış uşaqlar olub, onlardan 339-u oğlanlar, 296-sı qızlar olub. Məişət zorakılığı cinayətləri nəticəsində zərərçəkmişlərin içində 18 yaşdakı uşaqların sayı 18 olub, onların 7-si oğlan, 11-i qız olub(səh. 39).

2024-cü ildə cinayət törətmiş şəxslərin kateqoriyasına gəlincə, qeydə alınan 22 485 cinayətdən 120-si 14-15 yaşlılar, 352-si 16-17 yaşlılar, 2344-ü 18-24 yaşlılar, 3240-ı 25-29 yaşdakılar tərəfindən törədilib (səh.43).

**

Bizim mövzuya az dəxli olsa da, ümumi göstəricidən 12 510 cinayət əmək qabiliyyətli yaşda olub, üstəlik, işləməyən və təhsil almayanlar tərəfindən törədilib. Eləcə də ümumən 14-17 yaşda uşaqlar tərəfindən, yaxud onların iştirakı ilə törədilmiş cinayətlərin sayı 279 olub ki, onların da 41-i ağır və xüsusilə ağır, 6-sı qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 21-i qəsdən sağlamlığa ağır zərər vurma, 88-i oğurluq, 10-u dələduzluq, 4-ü soyğunçuluq, 5-i quldurluq, 12-si xuliqanlıq, 4-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlıdır (səh.45).

2024-cü ildə cinayət törətmiş 14-17 yaşlı uşaqların sayı 472 olub. Bu 14-17 yaşlı 472 uşağın 85-i ağır və xüsusilə ağır cinayətlər törədib ki, bunun 15-i qəsdən adam öldürmə və yaxud adam öldürməyə cəhdlə bağlıdır. 47 uşaq qəsdən sağlamlığa zərər vurma, 161-i oğurluq cinayəti törədib (səh.46).

Cinayət törətmiş 472 uşağın 460-ı oğlan, 12-si qız olub. Və 472 uşağın 120-si 14-15 yaşda, 352-si 16-17 yaşda olub. Eləcə də 285 uşaq məhkum olunub, onlardan 10-u qəsdən adam öldürmə, 39-u qəsdən sağlamlığa ağır zərər vurma, 11-i qəsdən sağlamlığa az ağır zərər vurma, 1-i zorlamaya cəhd, 126-sı oğurluq, 27-si xuliqanlıq, 10-u soyğunçuluq, 9-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 50-si digər cinayətlə bağlı məhkum olunub (səh 48).

Məhkum olunmuş 285 uşağın isə 280-i oğlan, 5-i qız, 75-i 14-15 yaşda, 210-u 16-17 yaşda olub.

Statistika Komitəsinin saytında 2025-ci ilin cinayətkarlıq statistikası təfərrüatlı açıqlanmasa da, DİN və Baş Prokurorluq tərəfindən açıqlanan göstəricilərə görə, ötən ildə 31.852 cinayət qeydə alınmışdır. Onların 13.088-i (41,1%) iqtisadi sahədə cinayətlər, 12.022-si (37,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 5.590-ı (17,5%) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin 86,3%-i (27.477-si) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir.

Statistik göstəricinin uşaqlara aid hissəsinə gəlincə, Baş prokurur Kamran Əliyevin səsləndirdiyi kimi, “2025-ci ilin statistikasına görə, Azərbaycanda 478 nəfər yetkinlik yaşına çatmış şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, 784 nəfər yetkinlik yaşına çatmayan şəxs isə zərərçəkmiş qismində tanınıb”. Əslində, 18 yaşına çatmış şəxs bu yaşı keçdikdən sonra həddi-buluğa çatmış hesab olunur...

Bir nüansı da qeyd edək ki, bu informasiya bəzi saytlarda 18 yaşına çatmış, bəzilərində çatmamış kimi yazılıb. Elə 784 nəfər yetkinlik yaşına çatmayan şəxslərin də zərərçəkmiş qismində tanınması onun cinayət prosesinə qarışması deməkdir ki, bu, bizə təskinlik verməməlidir.           

Əgər 2024-cü ildəki 635 nəfər zərərçəkmişlərlə cinayət törətmiş 472 uşağı toplasaq, bu 1107 nəfər kriminala qarışmış uşaq deməkdir. 2025-ci il üzrə isə cinayətə əl atmış 478 uşaqla zərərçəkmiş yetkinlik yaşına çatmayan 784 uşaq bir yerdə 1262 cinayətə bulaşmış uşaq deməkdir. Dünyanın başqa ölkələri ilə müqayisədə olmasa da, bizim ölkə üçün bu balaca rəqəm deyil.

Sonda 2024-cü ilin cinayət statsitikasına aid bir neçə məlumatı da diqqətinizə çatdıraq. 2024-cü ildə əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən 6123, sərxoş vəziyyətdə 168, narkotikin təsiri altında 9, narkomanlar tərəfindən isə 3879 cinayət törədilib, residiv cinayətlər 438 olub (səh.36).

Rəqəmlər Dövlət Statistika Komitəsinin yerləşdirdiyi “Azərbaycanda hüquqpozmalar” elektron resursundan götürülüb.

Bütün bunlar onu deməyə əsas verir ki, yetkinlik yaşına çatmayan şəxslər arasında cinayətkarlığın artması ciddi göstərici olmaqla yanaşı, hər birimizi narahat etməli olan faktdır. Unutmayaq ki, heç kim bu təhlükədən sığortalanmayıb və bu gün qonşunun uşağı cinayətə əl atırsa, sabah hər birimizin övladı da cinayət bataqlığına sürüklənə bilər. Ona görə, valideynlər övladları üzərində nəzarət funksiyasını heç zaman boş buraxmamalı, onların sağlam və layiqli vətəndaş kimi böyüməsi üçün əllərindən gələni əsirgəməməlidir.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az