İran iki tonluq ballistik raket istifadə edib - İsrail ordusu ölənlərin sayını açıqladı

ABŞ, İsrail və İran arasında davam edən müharibə 12-ci gününə daxil olub. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) bildirib ki, “Gerçək Vəd-4” əməliyyatı çərçivəsində həyata keçirilən 37-ci hücum dalğası müharibə başlayandan bəri ən ağır və ən intensiv əməliyyat olub.

Məlumata görə, əməliyyat zamanı Tel‑Əvivin cənubundakı peyk rabitə mərkəzi ikinci dəfə hədəfə alınıb. Bundan başqa, Qərbi Qüds və Hayfa şəhərlərindəki hərbi obyektlərə, eləcə də Ərbildə yerləşən ABŞ hədəflərinə zərbələr endirildiyi bildirilib. Həmçinin bölgədə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının da hədəf alındığı qeyd olunub.

İran tərəfi əməliyyat zamanı iki tonluq döyüş başlığına malik “Hürremşehr” ballistik raketindən istifadə edildiyini və hücumun üç saatdan artıq davam etdiyini açıqlayıb.

Bununla yanaşı, İran İnqilab Keşikçiləri Korpusu ABŞ-nin regiondakı hərbi obyektlərinə də zərbələr endirildiyini iddia edib. Bildirilib ki, Bəhreyn, Qətər, Küveyt və İraq ərazilərində yerləşən ABŞ hərbi bazaları hədəfə alınıb və bu ölkələrdəki əməliyyat infrastrukturu məhv edilib.

İsrail ordusu isə İranın cavab hücumları nəticəsində ölkədə 12 nəfərin öldüyünü, 7-si ağır olmaqla ümumilikdə 200 nəfərin yaralandığını açıqlayıb.