Tərtərdə avtoxuliqanlığa görə dava düşdü - SƏRNİŞİN DÖYÜLDÜ

Tərtər rayonunda avtoxuliqanlığa görə dava düşüb.

Hadisə Tərtər şəhəri, Heydər Əliyev küçəsində baş verib.

Rayon ərazisindən keçən yolda bir "Mercedes-Benz" markalı avtomobil qaydaları pozaraq digər "Mercedes-Benz" markalı avtomobili ötüb.

Geridə qalan avtomobilin içərisində olan sərnişinlər buna etiraz edərək qayda pozan sürücünü saxlatdırıb, ona iradlarını bildiriblər. Həmin vaxt qayda pozan "Mercedes"dəki sərnişin Taqət Namazov avtomobildən düşərək, "Yaxşı edirik, biz belə sürürük", - deyə onlara irad tutan sürücü ilə mübahisə edib.

Hadisə zamanı geridə qalan avtomobildə olan sərnişin Yusif Məmmədov (soyadı şərtidir) maşından düşərək Taqətə hücum edib. O, yaxınlıqda dayanmış evakuatorun yük yerində olan taxta parçasını götürüb, həmin taxta ilə Taqətə baş və bədəninin müxtəlif nahiyələrinə ağır zərbələr endirib.

Hadisə nəticəsində xəsarətlər alan Taqət ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, Y.Məmmədov saxlanılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan edilib. Məhkəmənin hökmü ilə Y.Məmmədov üç il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzasını şərti hesab edib./oxu.az