Kafedə yeyib-içib hesabı ödəməyən 3 nəfər dava saldı – HƏBS EDİLDİLƏR

Salyan rayonunda ictimai yerdə asayişi pozan 3 nəfər həbs edilib.

Stopnarkotik.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndində yerləşən kafedə baş verib.

Adıçəkilən kəndin sakinləri olan 1987, 1988 və 1992-ci il təvəllüdlü 3 nəfər kafedə yeyib-içdikdən sonra hesabı ödəməkdən imtina ediblər. Onlar kafedə işləyən ofisianta və oranın sahibinə borclarını nisyə yazdıraraq getmək istəyiblər. Lakin kafe sahibi bununla razılaşmayıb. Nəticədə sərxoş halda olan müştərilərlə kafe sahibi arasında dava-dalaş olub.

Əraziyə polis əməkdaşları dəvət edilib və xuliqanlıq hərəkətləri edən 3 nəfər saxlanılıb.

Barələrində protokol tərtib edilən şəxslərin hər birinə rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası verilib.