2025-ci il narkomaniyaya qarşı mübarizədə nə ilə yadda qaldı? – YAXUD 2026-CI İLDƏN NƏ GÖZLƏNİLİR?

Narkoekspert Emil Maqalov: “Əvvəl binaların girişlərində də istifadəçilər var idi, indi isə “binaların damlarında” da tapa bilmirik”

2025-ci il ölkəmizdə narkomaniya və narkoticarətə qarşı mübarizə sahəsində bir çox hadisələrlə yadda qaldı. O cümlədən, dünyada da bu məsələ böyük diqqət mərkəzində oldu. Məsələn, narkoticarətə qarşı mübarizə ABŞ-da prezident Trampın ilkin prioriteti kimi əksini tapdı. Elə qardaş ölkə Türkiyədə də son ayın əsas gündəmi tanınmış şəxslərə qarşı aparılan narkotik əməliyyatları oldu. Maraqlıdır, Azərbaycan üçün narkomaniya və narkoticarətə qarşı mübarizə müstəvisində 2025-ci il necə keçdi?

İlk öncə qeyd edək ki, narkomaniyaya və narkotik ticarətinə qarşı mübarizə çərçivəsində atılan müsbət addımlardan biri 2025-2030-cu illər üçün qəbul edilən Dövlət Proqramı oldu. Proqram narkomaniya probleminə yeni yanaşmanı ehtiva edir. Amma, əlbəttə, 2025-ci ildə narkomaniyaya qarşı mübarizənin necə keçdiyi haqda fikirləri müsahiblərimizin dilindən eşitmək daha maraqlı olar. Bu mövzuda Stopnarkotik.az-a danışan narkoeskpert Emil Maqalov bildirir ki, 2025-ci ildə narkotik istifadəçilərinin sayı azalıb.

“Qeyd edim ki, Qlobal Fond 2025-ci ildə mənə bir ayda 800 dollar əməkhaqqı ilə layihə çərçivəsində Sumqayıt şəhərində hər aya 15 narkotik istifadəçisi ilə iş aparmağı təklif edib. Mənim bir il ərzində 280-340 nəfər iş apardığım narkotik istifadəçisi olurdu. Bu sayda narkotik istifadəçisi 2020-2023-cü illər arasında idi. Narkotik istifadəçiləri mənimlə yaxşı tanış olduğu halda, 2024-2025-ci illərdə 10 min nəfər sakinin yaşadığı mikrorayonda 15 narkomana çıxış tapa bilmədim”, deyə narkoekspert bildirir.

**

Emil Maqalov

“Bu sayda sayda narkotk istifadəçisinin mövcud olmaması onların sayının azalması, yoxsa üzə çıxmaq istəməmələri ilə əlaqədardır” sualını isə Maqalov belə cavablandırdı: “Onlar yoxdurlar. Çünki bu narkotik istifadəçilərinin yarısı vəfat etdi, yarısı cəzaçəkmə müəssisələrinə getdi, yarısı da müalicəyə getdi. Yəni burada həm polisin, həm sərhəd xidmətinin, əlbəttə ki, bunlardan əlavə 30 faiz də reabilitasiya mərkəzlərinin rolu var. Çünki onlar maddi imkanı olmayan narkotik istifadəçilərini də cəmiyyətin bəzi şəxslərinin verdiyi pul ilə müalicə etdilər”.  

Bəs, vəfat edən, yaxud cəzaçəkmə müəssisəsinə gedən narkotik istifadəçilərinin yerinə yeniləri gəlirmi? Bu sualı cavablandıran narkoekspert deyir ki, 2025-ci ildə bu nisbət 100-də 3% olub, amma 2-3 il öncə bu nisbət 100-də 10% idi. “Yəni bu həqiqətən böyük göstəricidir. Yəqin ki, siz özünüz də bunu müşahidə edirsiniz. Əvvəl binaların girişlərində də istifadəçilər var idi, indi isə “binaların damlarında” da tapa bilmirik”, deyən Maqalov həmçinin bildirdi ki, Qlobal Fond anonim, maddi maraq güdməyən narkoloqdan tutmuş, psixoloq, vəkil, şprits daxil olmaqla steril materiallar, pulsuz müayinələr və yoluxucu xəstəliklərdən pulsuz müayinələr təklif edir.

Emil Maqalovun sözlərindən belə aydın olur ki, ölkəmizdə narkotik istifadəçilərinin artım tempi həddən çox azalmaya doğru gedir. Amma, təəssüf ki, real statistik rəqəmlər bunun əksini göstərir. Bu nüansa toxunan narkoekspert deyir ki, əvvəllər qeydiyyat məsələsi düzgün aparılmırdı: “Tutaq ki, 300 min narkotik istifadəçisi var idisə, onların 10%-ni qeydiyyata sala bilirdilər. Amma indi həmin qeydiyyat məsələsi dəyişdi, təkmilləşdi və insanlar düşündü ki, keçən il bu say 36 min idi, bu il 43 mindir. Say niyə bu qədər artdı? Əslində artmadı, sadəcə qeydiyyat məsələsi təkmilləşdiyinə görə, üstəlik insanların psixoloqlara, dövlətin bəzi aidiyyatı qurumlarına etibarı artdığına görə, bu say artdı. Çünki, məsələn, əvvəllər ana oğlunun narkoman olmasından utanırdı, bunu gizlədirdi. Amma ind bilir ki, artıq bu istiqamətlər var. Bilir ki, tək deyil, məsələnin üstünə nə qədər tez getsə, o qədər də övladını, yaxud həyat yoldaşını, yaxınını xilas edə biləcək”.

Deyilənlərdən bu nəticəyə gələ bilərik ki, insanlarda fərqindəlik artıb. Elə narkoekspert də bu fikri təsdiqlədi: “Apardığımız təbliğatın, elə sizin kimi jurnalistlərin etdiyi işlərin nəticəsidir ki, insanlar artıq etibar etməyə və düzgün yol üçün addım atmağa başlayıb. Və dediyim kimi, əvvəllər narkotik istifadəçilərinin 2%-i könüllü olaraq qeydiyyata düşürdüsə, artıq onların 10%-i çəkinmədən qeydiyyata düşə bilir. Qeydiyyat sistemi də təkmilləşdirildiyinə görə, digərləri də hər hansı bir yolla qeydiyyata salınır. Onlar anlayırlar ki, bununla bağlı aidiyyəti dövlət qurumlarına az da olsa, etibar etmək mümkündür. İnsanlarda fərqindəliyini yaranması da jurnalistlərin hesabına oldu”.

Bəs, qarşıdan gələn 2026-cı ildən hansı gözləntilər var? Vəziyyət yaxşıya doğru daha da dəyişəcəkmi? Bu gözləntilərə dair fikrini bildirən Maqalov deyir: “Bu sahə üzrə məşğul olan iki QHT tanıyırdım, hansı ki, onun biri mənə məxsus idi. İkisi də fəaliyyətini dayandırdı. Səbəb QHT-lərə Dəstək Agentliyinin dəstək verməməsi oldu. Mən öz QHT-min təsisçisi qalaraq, məcburiyyət qarşısında sədrliyi reabilitasiya mərkəzinin rəhbərinə verirəm ki, o, bu işi davam etdirsin, çünki onun maliyyə imkanları var. Mən də ekspert kimi öz işimi davam etdirəcəyəm. Yəni mən gözləmirəm ki, vəziyyət bundan sonra daha yaxşı olsun. Çünki biz aidiyyatı dövlət qurumlarına 10% kömək göstərirdiksə, indi bu 10% də olmayacaq. Dövlət qurumları öz gücünün ümidinə qalacaq. Bu, narkomaniyaya qarşı mübarizədə 10% mənfi təsir göstərəcək”.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az