ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə telefonla danışdığını, onunla "çox yaxşı söhbət" etdiyini və Putinin Ukrayna məsələsində "həll yolu görmək istədiyini" bəyan edib.
Putinlə telefon danışığından sonra jurnalistlər qarşısına çıxan Trampın dediyinə görə, Rusiya başçısı ilə "əsasən Ukrayna və bir az da İran" mövzularını müzakirə ediblər.
Putinlə Trampın telefon danışığını Putinin köməkçisi Yuri Uşakov da təsdiqləyib. O deyib ki, Putin 9 may “Qələbə günü” ilə əlaqədar Ukrayna ilə müvəqqəti atəşkəs təklifi irəli sürüb: "Rusiya Prezidenti Qələbə Günü dövründə atəşkəs elan etməyə hazır olduğunu bildirib və Tramp bunu dəstəkləyib".
O, Rusiya və ABŞ prezidentlərinin təxminən 90 dəqiqə danışdığını bildirib. Uşakovun dediyinə görə, Putin sui-qəsd cəhdindən sonra Trampa dəstəyini bildirib və cinayəti qətiyyətlə pisləyib. Tramp isə Putinə Ukraynadakı münaqişənin həlli üçün razılaşmanın yaxın olduğunu deyib.
Putin Trampa deyib ki, onun İranla atəşkəsin uzadılması qərarının doğru olduğuna inanır.
“Eyni zamanda, Moskva ABŞ-nin İrana qarşı quru əməliyyatını təhlükəli hesab edir”, - deyə Yuri Uşakov bildirib.
Trampa gəlincə, ABŞ Prezidentinin Putinlə telefon danışığı, eləcə də Ukrayna və İran münaqişələri barədə açıqalmaları dolaşıq və ziddiyyətli olub.
"Əsasən Ukrayna məsələsində bir sıra müxtəlif mövzulara toxundum. Çox yaxşı söhbətimiz oldu. Düşünürəm ki, tezliklə bir həll yolu tapacağıq. Ümid edirəm ki, belədir. Düşünürəm ki, o, bir həll yolu görmək istəyir, sizə bunu deyə bilərəm və bu, yaxşı bir şeydir", - deyə Tramp bildirib.

O əlavə edib ki, Putin də İranın nüvə silahı əldə etməsini istəmir: "Putin mənə dedi ki, əgər bizə bu işdə kömək edə bilsə, uran zənginləşdirmə məsələsində iştirak etməyə hazırdır. Mənsə ona dedim ki, onun Ukrayna ilə müharibənin bitməsində iştirak etməsini üstün tuturam".
Uşakovun dediyindən fərqli olaraq, Tramp qısa atəşkəs təklifinin onun özündən gəldiyini iddia edib: "Putinə bir növ kiçik bir atəşkəs təklifi etdim, düşünürəm ki, o, buna razı ola bilər".
Tramp əlavə edib ki, "Putin bir müddət əvvəl razılaşma bağlamağa hazır idi, amma bəzi insanlar onun bunu etməsinə mane olub".
Ardınca ABŞ Prezidenti Ukrayna və İran məsələlərində ziddiyətli açıqlama verib. Belə məlum olur ki, bir zamanlar sələfi Co Baydeni lağa qoyan Trampın özü hazırda ciddi yaddaş və təfəkkür problemi yaşayır. Jurnalsitlər Trampdan hansı münaqişənin daha tez bitə biləcəyini soruşublar – İran, yoxsa Ukrayna?
ABŞ Prezidenti cavab verib ki, "hərbi baxımdan Ukrayna məğlub olub". Ardınca deyib: "Onların 159 gəmisi var idi və onların hər biri hazırda su altındadır. Bu, əslində olduqca əhəmiyyətli bir rəqəmdir. Onların hər bir təyyarəsi vurulub və ya məhv edilib. Onların raketləri var. Təxminən 82%-i yox olub. Onların dronları var. Və onların əksəriyyəti yox olub. Zavodların əksəriyyəti yox olub”.
Tramp daha sonra qeyd edib: “Bundan əlavə, onların iqtisadiyyatı, bildiyiniz kimi, pullarını çökdürür... Onların pulları dəyərsizdir. Hə, onlarda əvvəllər heç kimin görmədiyi inflyasiya var”.
Məlum olduğu kimi, Ukraynanın 159 gəmisi olmayıb və onlar batırılmayıb. Hərbi aviasiyası isə yaşamaqda və döyüşməkdə davam edir. Belə nəticə çıxır ki, Tramp “hərbi baxımdan Ukrayna məğlub olub” deyərkən, İranı nəzərdə tutub və sadəcə, ölkələri qarışıq salıb./azpolirika.info