İsrailin İranda axtardığı bir nömrəli şəxs - "MOSSAD" ONUN İZİNƏ DÜŞƏ BİLMİR

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hazırkı komandanı general Əhməd Vahidi ABŞ və İsrailin hədəfindədir.

Xarici KİV-in məlumatına görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin “Mossad” təşkilatının hazırda aradan götürmək istədiyi bir nömrəli şəxs məhz Əhməd Vahididir. Hətta bununla bağlı müəyyən planların hazırlandığı da bildirilir.

Lakin həmin planlar İranla əldə olunan atəşkəs razılaşması səbəbindən təxirə salınıb.

Hazırda İranda real güc mərkəzi məhz Əhməd Vahidinin rəhbərlik etdiyi SEPAH-dır.

ABŞ-İsrail kolaisiyasının fevralın 28-də başlatdığı müharibə nəticəsində İranın dini rəhbərliyi faktiki olaraq məhv edilib və onun yerini faktiki olaraq SEPAH-ın hərbi rəhbərliyi tutub.

Ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli hərbi rəhbərlərin öldürülməsi, həmçinin yeni ali rəhbər Müctəba Xameneinin ağır yaralanması fonunda ölkədə əsas söz sahibinin - qərarverici şəxsin SEPAH komandanı Əhməd Vahidi ilduğu bildirilir.

General-mayor Əhməd Vahidi müharibə başlayandan sonra SEPAH-a rəhbərlik edən üçüncü komandandır. Ondan əvvəlki iki komandan – generallar Hüseyn Salami və Məhəmməd Pakpur ABŞ-İsrail hücumu nəticəsində öldürülüb.

Xarici media yazır ki, əvvəlki komandanları məhv edə bilən ABŞ-İsrail kolaisiyası hələ ki, Əhməd Vahidinin izinə düşə bilmir.

General Vahidi SEPAH rəhbərliyinə gələndən sonra ictimaiyyət qarşısında görünməyib. Xarici KİV yazır ki, Ə.Vahidinin gizlənməsinin əsas səbəbi böyük ehtimalla təhlükəsizliklə bağlıdır. İranın digər yüksək rütbəli komandirlərini məhv edən ABŞ-İsrail koalisiyası SEPAH-ın hazırkı komandanının da “ovuna çıxıb”.

Təhlükəsizliyini üstün tutan Əhməd Vahidi isə bu səbəbdən açıq görünmək əvəzinə kölgədən idarəetmə modelinə üstünlük verir./modern.az