Fərhad Məmmədov: “Avropa İttifaqının qurumları 'Qarabağ erməniləri' mövzusunda Moskvaya xidmət edir”
"Minval Politika" nəşri Avropa siyasətində qalmaqal yaradacaq sensasion materiallar dərc edib.
Redaksiyanın əldə etdiyi video görüntülərdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okampo və oğlunun Avropa siyasətinə təsir imkanları, erməni lobbisi ilə sıx əlaqələri və hətta Ermənistanda hakimiyyət dəyişikliyi planları barədə etirafları yer alıb. Məlumata görə, videolarda Avropa İttifaqının yüksək rütbəli rəsmilərinin, o cümlədən Jozep Borrellin adları çəkilir. Okamponun Avropa Parlamenti və Avropa Komissiyası vasitəsilə təzyiq mexanizmlərindən istifadə etdiyi, geniş korrupsiya şəbəkəsi qurduğu iddia olunur.

Nəşr vurğulayır ki, videogörüntülər tamamilə həqiqidir və süni intellekt müdaxiləsinə məruz qalmayıb. Artıq məsələ ilə bağlı Avropa Parlamentinə, Avropa Komissiyasına və Belçika xüsusi xidmət orqanlarına rəsmi sorğular göndərilib.
Politoloq Fərhad Məmmədov ifşaedici materialı şərh edərkən bildirib ki, yayılan görüntülər Aİ institutlarındakı siyasi korrupsiyanın yalnız görünən tərəfidir. Ekspertin fikrincə, bu proses həm də Ermənistan daxilindəki siyasi çəkişmələrin və Rusiya faktorunun Avropa üzərindən manipulyasiyasıdır.
F.Məmmədov qeyd edir ki, lobbiçilik əslində qanuniləşdirilmiş korrupsiyadır və rəsmi İrəvan Azərbaycanla mübarizə prosesində bu tələyə düşüb: "Biz xatırlayırıq ki, korrupsiyalaşmış Okampo beynəlxalq platformalarda Ermənistan diplomatlarını müşayiət edirdi. Lakin sülh gündəliyi təsdiqləndikdən sonra Ermənistan hökuməti bu növ təşəbbüslərin maliyyələşdirilməsini dayandırdı. Amma yaradılmış infrastruktur yerində qaldı. İndi həmin infrastrukturu Rusiyanın xidmətində dayanan erməni diaspor təşkilatları ələ keçirib və öz fəaliyyətlərini Ermənistan Baş nazirinə qarşı yönəldiblər. Eyni vəziyyəti bloger Lapşinin timsalında da görürük – o artıq Ermənistana buraxılmır".
Politoloqun sözlərinə görə, Aİ-nin Ermənistandakı missiyası rəsmi İrəvana hibrid təhdidlərlə mübarizədə kömək etməli olsa da, paradoksal olaraq bu təhdidlərin mənbəyi elə Avropanın özüdür: "Bu təhdidlər Brüsseldə (Toivo Klaar kimi şəxslərin fəaliyyəti), Strasburqda (Avropa Xalq Partiyası və Karapetyanın lobbi şəbəkəsi vasitəsilə) və Parisdə (26 ölkənin diaspor təşkilatlarının görüşlərində) formalaşır. Belə çıxır ki, “Qarabağ erməniləri” mövzusunda Aİ institutları birbaşa Rusiyaya və Ermənistandakı rusyönümlü müxalifətə xidmət edir".
Ekspert vurğulayır ki, əgər Avropa strukturları bu korrupsiya şəbəkəsinə qarşı tədbir görməsə, bu, onların ya Moskvanın diktəsi ilə hərəkət etdiyini, ya da Ermənistan olmadan "Qarabağ erməniləri" mövzusunu süni şəkildə gündəmdə saxlamaq istədiyini sübut edəcək: "Azərbaycanda Avropa institutlarına onsuz da sarsılmış inam bu ifşalardan sonra tamamilə yox olur. Bu materiallar Bakının özünü nüfuzdan salmış Aİ təsisatları ilə münasibətləri kəsmək istiqamətindəki addımlarında qətiyyətini daha da gücləndirəcək".