Xəstəxanalardakı ÖLÜMCÜL TƏHLÜKƏ - Tibbi tullantılar hara atılır? / ARAŞDIRMA

Səhiyyə ocaqlarında müalicə və yaxud əməliyyatlar prosesində müəyyən tullantılar əmələ gəlir. Həmin tullantılar bir çox hallarda təhlükəli tərkibə malik olurlar. Bu da ətraf mühit və insan sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən qanunvericiliyə görə səhiyyə ocaqlarında tibbi tullantılar xüsusi qaydada idarə olunmalıdır.

Bəs real vəziyyət necədir?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Bizim.Media-ya bildirildi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində əmələ gələn tibbi tullantıların idarə olunması dövlətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq təmin edilir:

“Səhiyyə müəssisələrində əmələ gələn tibbi tullantıların yığılması, müvəqqəti saxlanması, daşınması, zərərsizləşdirilməsi və ya utilizasiyası ilə bağlı tələblər aşağıda göstərilən normativ-hüquqi aktlar ilə tənzimlənir:

- “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu;

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 213 nömrəli 28 dekabr 2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”;

- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 228 nömrəli 14 iyun 2016-cı il tarixli Qərarı ilə təsdiq olunmuş “Təhlükəli tullantıların saxlanılması Qaydası”.

Tibbi tullantıların idarə olunmasına nəzarət tədbirləri səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qanunvericilikdə müəyyən edilmiş şərtlərə uyğun olaraq həyata keçirilir.

Profilindən və çarpayı sayından asılı olmayaraq, MPM-in fəaliyyəti nəticəsində morfoloji tərkibinə və təhlükəlilik dərəcəsinə görə əmələ gələn tibbi tullantıların sanitariya və ekoloji tələblərə uyğun olaraq təhlükəsiz şəkildə toplanması, çeşidlənməsi, saxlanması, daşınması və ya utilizasiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 213 nömrəli 28 dekabr 2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”ə və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyasına qoşulması barədə 16 fevral 2001-ci il tarixli 80-IIQ nömrəli Azərbaycan Respublikası Qanununa uyğun olaraq nizamlayıcı sənəd kimi istinad edilir”.

Nəzərə alaq ki, tibbi tullantılar xüsusi təyinatlı təşkilatlar tərəfindən qəbul edilməli və zərərsizləşdirilməlidir.

Belə qurumlardan biri də “Təmiz Şəhər” ASC-dir. Səhmdar Cəmiyyətindən Bizim.Media-ya bildirilib ki, Bakı şəhərində əmələ gələn təhlükəli tibbi tullantıların zərərsizləşdirilməsini beynəlxalq standartlara cavab verən səviyyədə həyata keçirmək məqəsdilə “Təmiz Şəhər” ASC tərəfindən 2025-ci ilin iyul ayında “Tibbi Tullantıların Sterilizasiyası Mərkəzi” istifadəyə verilib:

”Tibbi tullantılar A,B,C,D kateqoriyalarına ayrılır. Bunlardan B və C təhlükəli və xüsusi təhlükəli tullantılar hesab edilir. Yeni istifadəyə verilmiş məntəqədə B və C kateqoriyasına aid edilən tullantılar saatda 500 kq olmaqla müasir avadanlıqlarda zərərsizləşdirilir və təhlükəsiz tullantılara çevrilir.

Biz tibbi tullantıların düzgün və ekoloji baxımdan təhlükəsiz şəraitdə idarə olunmasının tərəfdarıyıq. Çünki bu insan sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir”.