“Azərbaycanda fəaliyyət göstərən reabilitasiya mərkəzlərinin vahid məlumat bazası olmalıdır” – ANAR ƏLİYEV

“Ərazilərə aparıb narkotikləri yerləşdirən iranlı deyil, Azərbaycan vətəndaşıdır”

“Azərbaycana qara yolla narkotik gəlmişdi. 10 nəfərə yaxın insan həmin narkotikdən komaya düşüb öldü. Mənim tanıdığım neçə-neçə insan narkotikdən komaya düşüb öldü”

Narkotik tacirlərinin əsas hədəfi əhalinin gənc və orta yaşlı təbəqəsini ələ almaqdır. Bu, təkcə Azərbaycanda yox, dünyanın istənilən ölkəsində belədir. Təsadüfi deyil ki, son illər narkotik asılığından əziyyət çəkən insanların böyük əksəriyyəti məhz yeniyetmə və gənclərdir. Maraqlıdır, yenicə qədəm qoyduğumuz 2026-cı ildə bu sahədə vəziyyət necə olacaq? Biz toplum olaraq narkotik bəlasından xilas ola biləcəyik? Bu və digər suallara “Sağlam addım” Reabilitasiya Mərkəzinin rəhbəri Anar Əliyevlə söhbətimizdə cavab tapmağa çalışdıq.

- Anar bəy, ilk öncə bilmək istərdik ki, rəhbərlik etdiyiniz mərkəzə narkotik asılılığı ilə əlaqədar müraciət edənlərin sayı artır, yoxsa azalır? 

- Bilirsiniz, məsələ necədir?! Yeni gənclər ortaya çıxır. Əvvəl narkotiki venadaxili istifadə edənlər daha çox idi. İndi əsasən “patı” və “nəşə” - marixuana isifadə edirlər. Onlar öz aləmlərində fikirləşirlər ki, guya, bu narkotik ağrı vermir. İnsanlarda belə bir prioritet fikir var ki, venadaxili olmayan istifadədə ağrı olmur. Amma bunlar başı aparan narkotiklərdir. Bunları çox müşahidə etmişik.

- Yeni narkotik istifadəçilləri əsasən neçə yaş aralığındadır?

- Belə deyək, 18-25-30 yaş arasındadırlar.

“Qumar asılılarının çoxu narkoman olur və onlar özlərinə qəsd edirlər”

- Bu yaş aralığında olanlar daha çox narkotik istifadəçiləridir. Bəs, qumar asılıları və alkoqol istifadəçiləri əsasən hansı yaşdadırlar?

- Qumar asılıları daha çoxdur. Mən qumar asılılarını zorla reabilitasiyaya gətirmirəm. Gələnlər könüllü, öz xoşları ilə gəlirlər. Qumar asılılarının çoxu özünə qəsd edir. Bunlar əsasən kişi cinsindən olanlardır. Bizə gəlib çıxan qumar asılılarının da çoxu narkoman olur. Yəni onlar artıq narkoman xəstəliyi ilə gəlirlər. Qumar asılıları əsasən “patı” istifadə edirlər. Ona görə “patı” istifadə edirlər ki, gecə yatmasınlar, bütün günü “knopka”ya bassınlar. Yəni bunlar ikili xəstəliklə gəlirlər - həm qumar, həm narkotik asılılığı ilə.

Amma hazırda sırf dövlət orqanlarında, biznes sahəsində, bir çox iş sferalarından olan qumar asılılarını, hansı ki, onların içində polis işçiləri də var, reabilitasiyaya gətirmək mümkün deyil. Onlar deyirlər ki, məni çöldən-çölə sağalt. Vaideyn də deyir ki, gəlin evdən aparın. Amma mən buna getmirəm deyə, qumar asılılarına çox girişmirəm. İkili xəstəlik, yəni narkomaniya və qumar asılılığı olduğu halda biz müalicəni ohdəmizə götürürük.

- Ümumiyyətlə, sizin reablitasiyaya könüllü müalicə üçün müraciətlər artıb, ya azalıb?

- Çoxalıb. Maarifləndirmənin çox böyük köməyi oldu. Düzdür, bəzi reabilitasiyalarda ölüm halları da oldu. Bu səbəbdən, valideynlər arasında bir az çaşqınlıq halları yarandı. Amma maarifləndirmə getdiyinə görə, görürlər ki, çıxış yolu yoxdur, reabilitasiyalara üz tuturlar. İnsanlarda fərqindəlik yaranır ki, bu xəstəliyi sağaltmaq üçün reabilitasiyalara müraciət etmək lazımdır, öz-özünə keçməyəcək. Sadəcə olaraq mənim də bu dəqiqə çalışdığım odur ki, Azərbaycanda fəaliyyət göstərən reabilitasiyaların baza məlumatı olsun. Gündə göbələk kimi açılan reabilitasiyalara nəzarət olunsun. Çünki ayıqlığı az olan şəxslərin reabilitasiya açıb işləyə bilməməsi ümumi prosesə xələl gətirir. Yəni, dediyim odur ki, normal işləyən reabilitasiyalar haqda məlumatların toplandığı baza olsun.

Reabilitasiya mərkəzinin rəhbərinin ən azı iki il ayıqlığı olmalıdır. Reabilitasiya mərkəzinin rəhbərinin “srıv”ı olmamalıdır. Mərkəz rəhbəri “bir udara sağalan” adam olmalıdır. On dəfə “srıv”ı var, mərkəz açıb, gedir təzədən istifadəyə, mərkəzdəki uşaqlar qalırlar başlı-başına. Belə şey olarmı? Bu reabilitasiyalar üçün minusdur. Heç kim bilməsə də, biz bilirik axı o adam narkotikin təsiri altında danışır.

“Gömrük işçilərinə, polislərə də narkotikin fəsadları haqda təlimlər keçirilməlidir”

- Siz haqqında danışıdğınız baza sistemini necə görürsünüz?

- Mənim bir neçə layihəm var. Dövlət bir sahə ayırsın, orada reabilitasiya korpusları inşa etsin, bura reabilitasiya şəhərciyi olsun, bizə həvalə etsin. Biz həmin reabilitasiya şəhərciyinə tanıdığımız, işində dürüst olan, xeyli müddət ayıqlığı olan mərkəz rəhbərlərini toplayaq, yaxud iş prosesində insanları döymədən, şəxsiyyətlərini alçaltmadan peşəkar şəkildə işləyən reabilitasiya mərkəzlərinin rəhbərlərinə lisenziya verək. Bundan başqa, 234.1-ci maddəylə ittiham olunanlar - narkotik istifadə edənlər boşu-boşuna həbsə atılır. Onlar həbsdən çıxandan sonra narkotik laveriylə məşğul olurlar. 234.1-ci maddə ilə tutulanlar xəstədir. Onlar müalicə olunmalıdır, amma 1,5 il müddətə həbsə göndərirlər. Onları reabilitasiyaya məcburi müalicəyə göndərmək lazımdır.

Haqqında danışdığım layihəyə gəlincə, bir daha qeyd edim ki, ayıqlığı çox olan, nəticələri çox olan, işini sevərək yerinə yetirən reabilitasiya mərkəzlərinin rəhbərləri var, bu rəhbərlərin arasında “ağsaqqal” seçilsin, onun köməkçiləri seçilsin, qərarları onlar versin. Çünki cəmiyyət ümumi olaraq bilir ki, hansısa reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Amma bilmirlər ki, Anar kimdir, ya filankəs kimdir. Hansısa reabilitasiya mərkəzində neqativ hal baş verəndə bunu bütün reabilitasiya mərkəzlərinə şamil edirlər. Bu, bizə pis təsir edir. Gecə-gündüz yatmırıq, əziyyət çəkirik ki, istifadəçiləri düz yola döndərək. Belə məsələ olanda bizə pis gəlir.

Amma əks tərəfi də qınamalı deyil. Prokurorluq, polis orqanları da reabilitasiyalar barədə ümumən məlumatlıdırlar. Amma onlar da orada gedən gedişatı tam bilmirlər. Ola bilər ki, komissiya yaradılsın, biz də onun üzvü olaq. Məsələn, Rusiyada narkomaniya ilə mübarizədə Anti-narkomaniya mərkəzi kim QHT yaranıb, onlar həm dövlətin tədbirlərində iştirak edir, həm də məktəblərdə, universitetlərdə maarifləndirmə aparırlar.

Mən hətta təklif edərdim ki, biz gömrük işçilərinə, polis işçilərinə də narkotikin fəsadları haqda təlimlər keçək. Hər bir qurumda pula meylli insanlar var, bunu danmaq lazım deyil. Sərhəd Qoşunlarının hansısa idarəsinin klubunda biz narkotikin törətdiyi fəsadlardan, anaların fəryadından danışsaq, bu insan da avtomatik fikirləşməz ki, mən 5-10 min alım, hansısa narkotikə göz yumum. Bu, siqaret, corab, şalvar, ya hansısa əşya deyil. Narkotikin fəsadı ağırdır. Onlar da maariflənsin ki, belə bir təklif gələndə imtina etsinlər. Mən onlara təlimdə şəkillər gətirərəm, narkotikdən yaralar, anaların fəryadı, boşanmış ailələr, övladların göz yaşları və.s. Adını çəkdiyim qurumların işçiləri bu görüntüləri izləyəndən sonra, kimsə onlara korrupsiya pulları təklif edəndə avtomatik onlar həmin görüntüləri xatırlayarlar. Düşünərlər ki, tüpürüm o pullara ki, bu narkotikin xalqımıza bu qədər zərərləri var.

Burda gedən prosesdən valideynin xəbəri olmur, amma mənim xəbərim var. Birinci növbədə insanın mötivi faydalı olmaqdır. Pul ikinci dərəcəlidir. Amma dediyim mərkəz rəhbərlərinin əsas motivi puldur. Bu məsələlər də bizim işimizə xələl gətirir. Buna görə, reabilitasiyalar mərkəzləşməlidir. Mərkəzləşməlidir ki, bizim də işimiz nəzarət altında olsun. Məsələn, Rusiyada az öncə qeyd etdiyim Anti-narkomaniya QHT-də ayıqlığı çox olan, bu sahədə sözünü demiş adamlar yığılıb, onlar 5-6 nəfəri seçiblər, ümumi reablitasiyalara onlar nəzarət edir. Mən bunun iki variantını təklif edirəm: birinci variantda hökumət ona pul ayırmalıdır, bir reabilitasiya şəhərçiyi təşkil etməlidir, orada reabilitasiya korpusları tikilməlidir. Azərbaycanda başqa heç yerdə özəl reabilitasiya mərkəzinə icazə verilməməlidir. Bütün asılılar oraya gəlməlidir. Bizi orada toplamalıdırlar. Oraya xəstə qəbul edəndə kameraların nəzarəti altında edilməlidir, istənilən vaxt da oraya girib, prosesi yoxlaya bilməliyik. Reabilitasiya şəhərciyinin bütün ərazisi, içi də daxil olmaqla, kamerayla izlənməlidir. Buna yəqin ki, böyük büdcə lazımdır. Amma ikinci variantda, hansı ki, Anti-narkomaniya QHT-ni təklif etdim, bütün reabilitasiyalara nəzarət həmin QHT-yə həvalə edilməlidir. Məsələn, Novxanıda yerləşən reabilitasiya mərkəzinə istənilən an yeməyindən tutmuş, işçi heyətinə kimi, gedib yoxalaya bilək. Şübhə varsa, oradakı işçiləri test edirik, yox, iş qənaətbəxşdirsə, ona lisenziya veririk.

Reabilitasiyalara gəlincə isə, vaideyn görür ki, “TikTok”da hansısa mərkəz rəhbəri danışır, amma əslində narkotkin təsiri altında danışır. Valideyn bunu bilmir, həmin mərkəz rəhbəri ilə danışır, qiymətdə razılaşırlar, gətirib övladını yerləşdirir həmin mərkəzə...

- Bəs, müalicə üçün maliyyə məsələsi necə həll olunmalıdır?

- Dövlət onların müalicəsi üçün heç olmasa 400-500 manat məbləğində vəsait ayırsa, onların yemək və qalması üçün pulu bizlikdir. Elə valideynlər var ki, onlar da maliyyə ilə kömək edir. Yəni köməkləşib problemi birgə həll edək. Bu dəqiqə 17 nəfər istifadəçini pulsuz müalicə edirəm. Hələ sağaldıqdan sonra reabilitasiyadan ayrılanları demirəm. Onlardan heç kimi olmayanları yanımda işə götürürəm, amma bundan artığına gücüm çatmır. Onların içində ən çoxu da qızlardır. Bizim reabilitasiyada 3 növbə işləyir. Hər növbəyə də 3-4 nəfər qız qoymuşam. Onlar gedəndə də ciblərinə 50 manat pul qoymuşam ki, gedib narkoman oğlanlara qoşulmasınlar. Qızların çoxu narkoman oğlanlara qoşulurlar, pritonlarda narkotik alveri edirlər. Onları gömrükdən keçirməyə aparırlar, cinsi orqanlarında narkotik keçirirlər. Buna görə, narkobaronlar narkotik keçirmək üçün qızları cəlb edirlər. Onlar sağalıb çıxdıqca ardınca yeni narkoman kütləsi gəlir. Bu sağalıb çıxan narkomanları işlə təmin etmək lazımdır. 

“Narkobaronlar qızları cəlb edir və onların cinsi orqanlarında ölkəyə narkotik keçirirlər”

- Narkotik satışı əsasən necə təşkil olunur, müşahidələrinizə əsasən nə deyə bilərsiniz?

- Hazırda narkotik satışı əllə yox, daha çox kibercinayətkarlıqla həyata keçirilir. Əsasən də satış “TikTok”, “İnstagram”da baş verir. “WhatsApp”, “TikTok”, “İnstagram” üzərindən dostluq göndərirlər. Profildə “patı”, M40, “kola” yazılır. Dostluq qəbul edəndə İran telefon nömrəsi və “WhatsApp” nömrəsi çıxır. Adam hansısa narkotiki sifariş edirsə, iranlı nömrəsiylə yazanlar Bakının ərazisində konum atırlar. Sonra istifadəçi həmin konuma gedib narkotiki götürür. Burada polisin işi də çətinləşir. Bir var ki, istifaədçi gedib hansısa “bariqa”dan narkotik alsın, polis onu tuta bilirdi. Amma indi iş internet, sosial şəbəkə üzərində qurulub deyə, onları tutmaq elə asan olmur.

Narkotacirlərinn toruna ən çox düşən gənclər, yeni-yeni narkotikə başlayanlardır. Təbii ki, uzun müddət narkotik istifadə edənlərin telefonu olmur. O, gedib haradasa “narkotik zakladkası” axtaranda polis onu görür və tutur. Amma xarici görünüşü normal, hələ “çəhrayı dövr” yaşayan cavanlar “bariqa” görmür. Hansısa yeri işarələyirlər ki, filan daşın, ya filan dirəyin altındadır, gedib həmin narkotiki götürüb istifadə edirlər.

- Sizcə, o iranlı nömrələrini necə tapmaq lazımdır?

- İran orqanlar ilə əlaqə yaratmaq lazımdır ki, İran polisi həmin nömrə sahibini aşkarlasın və tutsun. Yoxsa, hər gün 10-20 nəfər rahat şəkildə dostluq atıb, narkotikə müştəri axtarır. Qorxuları yoxdur. Amma bir məsələ də var ki, ərazilərə aparıb narkotikləri yerləşdirən İran vətəndaşı deyil, Azərbaycan vətəndaşıdır. Bu narkotikləri yerləşdirənlər də çoxu qocaman narkotik aludəçiləridir. Bu qocaman narkotik kuryerləri ilə də çox zaman həbxsanalarda tanış olurlar. 234.1-ci maddəylə, ilk dəfə istifadəylə həbsə düşən gənclər oradakı “bariqa”ların təsirinə düşürlər, onlarla dostlaşırlar, “qocaman bariqalar” onları ələ alır, həbsdən çıxandan sonra onları narkotik daşımaq, yerləşdirmək üçün istifadə edirlər. Polis onları durmadan tutur, amma onların çoxu həbsxanada narkotik şəbəkəsinin təsirinə düşəndən sonra sərhəddən keçirilmiş narkotiki gətirənlər, “zalkadkalar”ı yerləşdrənlərdir. 234-1-ci maddə ilə tutulanları reabilitasiyaya məcburi müalicəyə göndərsələr, inanırsınız narkomaniyanın qarşısı nə qədər alınar. Mən bu yolları keçən adam kimi deyirəm. 234-1-ci maddə ilə tutulan adamı məcburi müalicəyə reabilitasiyaya göndərsinlər, biz o adamları sağaldırıq. Mən cavabdehəm, onların içindən 70-80%-ni müalicə edib sağaldacağıq. 234-1-lə həbsxanadan çıxmış, ayağında qandal olan nə qədər insanları sağaltmışıq.

- Sizcə, narkotikdən sağalanların iş və məşğulluq məsələsi necə həllini tapmalıdır?

- Bəzən deyirlər ki, istifadəçi sağalmağı gərək özü istəsin. O istəyi reabilitasiya onlardan yaradır. Aktiv isitfadədə olan, sümükləri, kirpiyinə kimi ağrıyan adam könüllü nəyin düz olduğunu anlayıb, istəyə bilər? O istəyi reabilitasiya mərkəzi olaraq biz yaradırıq və seçimi qarşısına qoyuruq - yaxşını da, pisi də. Mən onlardan nə qədərini öz mərkəzimdə işə götürə bilərəm? Yəni ayıqlığa gəlmş insanların cəmiyyətə inteqrasiya prosesinin davamını gətirmək üçün addımlar atmaq lazımdır. Reablitasiya prosesindən bir neçə müddət keçəndən sonra onlara işə yararlılıq haqda sertifikat verə bilərik ki, sosial adaptasiyaya uyğundur. Dövlətin məşğulluq idarələri var. Mən sağaltdığım uşaqların potensialını bilirəm ki, hansı sahədə daha gözəl nəticə verə bilər. ABŞ-da “12 Addım” proqramını tam keçmiş şəxslərə sertifikat verilir. Biz istifadədən sonra müalicə alıb ayıqlıq qazanmış insanlara nə qədər ayıqlığı aşılasaq da, onların əmək məşğulluğu problemi həllini tapmasa, narkomanların sayı çoxalacaq. Onlar gəlib evimizin içinə çıxacaqlar. Heç kim deməsin ki, mənim qapım döyülməyəcək. Çünki biz cəmiyyət olaraq onları kənara itirik. Amma biz adaptasiyaya kömək etsək, onların istifadəyə qayıtmaq ehtimalı sıfıra düşür.

Bütün bunlarla bərabər çöl qruplarımız da var...

“Ərazilərə aparıb narkotikləri yerləşdirən iranlı deyil, Azərbaycan vətəndaşıdır”

- Maraqlıdır, 2026-cı ildə narkomaniya ilə mübarizədən gözləntiniz nədir?

- Dövlət bir çox qanunlar qəbul edib. Müsbət şeylər gözləyirəm. Amma bir şey deyim, indiki narkotiklərin keyfiyyəti də yoxdur. Narkotiklər əldən-ələ keçidkcə, kustar yolla içinə bəzi şeylər qatılır. Bildiyimə görə, bizə gətirilən narkoitklərin içinə “möhür”, uşaq yeməkləri, ikisi birində olan qəhvələr qatılır. Müəyyən dərman həblərini əzib qatırlar. Bu da orqanizmə çox ciddi fəsadlar verir. Az müddət öncə Azərbaycana qara yolla narkotik gəlmişdi. 10 nəfərə yaxın insan həmin narkotikdən komaya düşüb öldü. Mənim tanıdığım neçə-neçə insan narkotikdən komaya düşüb öldü.

- Bu ölümlərə hansı narkotiklər səbəb oldu?

- “Kokos” deyilən narkotik. Bunlar Əfqanıstanda hazırlanan süni narkotiklərdir. Onun kimyəvi strukturunda hansısa elementi çox qatırlar, qara yollarla Azərbaycana keçirirlər, istifadə edənlər birinci istifadədən komaya düşüb ölürlər. Bu, birbaşa bizim genofondu məhv etməkdir. Eşitmisiniz ki, 70-80 yaşlı insanlar narkotik istifadə etsinlər?

-Yox.

- Deməli, onların məqsədi sırf bizim gənclərimizi, genefondumuzu məhv etməkdir. Qızlar arasında da narkoitkin artması nədən irəli gəlir - onların çoxunu sevdiyi oğlanlar, yanlış dost seçimləri, sevgilisi, əri, nişanlısı narkotikə oturdur. Disfunksional ailələrdən çıxan qızlar xoşbəxtliyi orada-burada axtarmağa başlayırlar. Narkomanlar da şirindilli olurlar, onları tovlayırlar, yoldan çıxarırlar, o qızlar da elə bilirlər ki, ata-ana budur, narkomana çevrilirlər.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az