“2025-ci ildə sosial şəbəkələrdə narkotik satanların sayı çoxaldı” – İLQAR AĞAYEV + AUDİO

“Güvən Rehab” Reabilitasiya Mərkəzinin proqram rəhbəri: “Bunların içində azərbaycanlılar da var, amma əksəriyyəti iranlılardır”

“2026-cı ildə dövlətin reabilitasiya mərkəzlərinə daha böyük dəstəyini gözləyirik...”

2025-ci il Azərbaycanda narkoticarətə və narkomaniyaya qarşı mübarizədə önəmli il oldu. Bu mübarizədə aidiyyəti rəsmi qurumlarla yanaşı, reabilitasiya mərkəzlərinin də rolu danılmazdır. Hansı ki, məhz bu mərkəzlərin fəaliyyəti nəticəsində hər il yüzlərlə, minlərlə gəncimiz sağlam həyata qayıtmaqdadır. Bəs, ötən illərlə müqayisədə 2025-ci ili ümumilikdə necə xarakterizə etmək olar? Bu və digər suallara “Güvən Rehab” Reabilitasiya Mərkəzinin proqram rəhbəri İlqar Ağayevlə söhbətimizcə cavab tapmağa çalışdıq.

- İlqar bəy, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də narkomaniyaya qarşı mübarizədə reabilitasiyaların xüsusi rolu oldu. Necə düşünürsünüz, 2024-cü ilə nisbətən 2025-ci il narkomaniyaya qarşı mübarizə necə keçdi?

- Ümumən deyə bilərəm ki, sosial şəbəkələrdə narkotik satanların sayı çoxalıb. Sosial şəbəkələrdə “iranlı babalar” adı altında narkotik satırlar. Mən düşünürəm ki, bunların içində hətta azərbaycanlılar da var, amma əksəriyyəti iranlılardır. Onlar cürbəcür metodlarla, cürbəcür mesajlarla insanlarımızı yoldan çıxarmağa davam edirlər və bunun sayı, məncə, son iki-üç ildə çoxalıb.

İkinci məsələ, şükür Allaha ki, sağalanlarımızın sayı da çoxalıb. Alkoqoldan, qumardan asılı olan insanlarımızın reabilitasiyaya müraciət sayı da artıb. Hansı ki, keçmişdə özlərini asılı kimi qəbul etməyən qumar və alkoqol aludəçilərinin müraciəti bu iki ildə hardasa 5-10% çoxalıb.

2025-ci ildə dövlət dəstəyini daha çox hiss etdik. İstər DİN rəhbəri Vilayət Eyvazovun, istər dövlət başçımızın dəstəyi olsun, bunu gördük. Düşünürəm ki, cənab nazir Vilayət Eyvazova da göstəriş verən şəxsən dövlət başçımız olub.

- Qeyd etdiniz ki, alkoqolizm və qumardan müalicə almaq üçün müraciət edənlərin sayı çoxalıb. Sizcə, bunun səbəbi nədir? İnsanlarda fərqindəlik artıb, ya başqa səbəb var?

- Fərqindəlik artıb. İki il bundan əvvəl də qumar oynayanların, alkoqol qəbul edənlərin, yəni bu asılılıqlardan əziyyət çəkənlərin sayı çox idi. Fərqindəlik elə bir şeydir ki, insanı sağalmağa yönəldir.

- Sizcə, onlar da anladılar ki, öz-özünə sağalmaq olmur, mütləq reabilitasiyaya müraciət etməlidirlər?

- Bəli. Belə deyim, sosial şəbəkələrədə istər biz, istərsə də başqaları o qədər videolar paylaşırlar ki, istər-istəməz insanların qarşısına çıxır. Belə görürəm, uzunmüddətli paylaşdığımız videoların nəticəsidir ki, istər qumardan, istər alkoqoldan əziyyət çəkən insanlar müraciət edir. Amma çox böyük bir kütlə hələ də bu asılılıqdan əziyyət çəkir. Hələ də qəbul etmirlər, hələ də fərqində deyillər ki, qumar və alkoqol necə ziyandır, insanın özünü və ətrafını necə məhv edir.

- Sizcə, narkotik istifadəçiləri qumar və alkoqol asılılarına nisbətən özlərinin asılı olduğunu daha asan qəbul edirlər?

- Bəli. Onlar daha çoxdular və müalicəyə də daha rahat gəlirlər. Bir qumar asılısına başa salmaq ki, sən özbaşına sağala bilməzsən, bu, daha çətin məsələdir, nəinki narkotik istifadəçisini inandırmaq.

- Bəs, 2026-cı ildən nə gözləyirsiniz?

- Dövlət dəstəyi. Düzdür, bu xəyal kimi görünsə də, mən inanıram ki, dövlət istəsə bir proqram yaradar, 5-6 asılılıq üzrə mütəxəssisi dövlət işçisi kimi bu proqrama qəbul edər və müəyyən maddi dəstək olar. Hansı ki, sağalma proqramını keçməyə pulu olmayan insanların müalicəsini maliyyələşdirər. Yəni bu gün necə ki, kimsə gedib sığorta ilə burun əməliyyatını, öd əməliyyatını edir, amma sığorta sistemi ilə reabilitasiya keçə bilmir. Düşünürəm ki, bu, irihəcmli bir proqramdır, böyük bir işdir. Dövlətimiz bu işi görə bilsə, çox faydalı olardı. Hansı ki, Maştağadakı Dövlət Narkoloji Dispanseri qədər yeni böyük müalicə mərkəzi açmaqdansa, elə həmin dispanserə “12 Addım” sistemini gətirmək daha gözəl olardı. Yəni bir həyət təsəvvürünüzə gətirin, həmin həyətdə beş korpusun yerləşdiyi binanı nəzərdə tutun, orada narkoloq da olsun, psixiatr da olsun, biz də olaq.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az