İlhamə Həsənova: “Ona heç vaxt deyilmir ki, sən maraqlı olmusan, əksinə, cəsarətli hakim kimi önə çəkilir”
Bəzi post-sovet ölkələrində narkotiklə bağlı cinayətlər sahəsində müəyyən islahatlara başlanılıb. Məsələn, Qırğızıstanda ilk dəfə narkotik ittihamı ilə həbsə düşən gənclərə qarşı güzəşt tətbiq oluna biləcək. Həmçinin, Rusiyada Ali Məhkəmə Cinayət Məcəlləsinin 228-ci maddəsi - satış niyyəti olmadan narkotik əldə etməyə görə cəzaları yüngülləşdirən qanun layihəsini təsdiqləməyi planlaşdırır. Rusiya Cinayət Məcəlləsinin 228-ci maddəsinin 1-ci hissəsi ("xeyli miqdar") ilə ilk dəfə məhkum edilmiş vətəndaşların həbs edilməməsini, onların faktiki cəzalarının narkomaniya müalicəsi də daxil olmaqla, digər tədbirlərlə əvəz edilməsini təklif edir. Bəs, Azərbaycanda da analoji dəyişikliklər tətbiq etmək mümkündür? Bu və digər suallara tanınmış hüquqşünas, vəkil İlhamə Həsənova ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.
(Əvvəli bu linkdə: https://stopnarkotik.az/az/bizim-mhkmlr-alternativ-cza-novlrindn-ckinirlr-taninmis-vkil.html)
- Sizcə, bunun səbəbi nədir, digər qurumlarla üz-üzə gəlmək istəmirlər?
- Mən 30 ildir - 1995-ci ildən vəkillik fəaliyyəti ilə məşğulam. Çox sayda, minlərlə belə işlər görümüşəm, hakimlərlə rastlaşmışam, onların yanaşmasını görmüşəm. Məncə, hakimlərdə şüuraltı bir fikir oturur ki, “mən alternativ cəza tətbiq etsəm, düşünərlər ki, bu məsələdə maraqlıyam”. Elə bil hamı deyir, mənim barəmdə düşünərlər ki, birdən nə isə marağım var, barəmdə şübhə yaranar, nüfuzuma xələl gələr. Yəni cəsarətli hakimlər - mən hakiməm, ədalətli qərar verirəm, mənim verdiyim cəza öz məqsədinə çatmalıdır, elə bir cəza verməliyəm ki, o islah olunma məqsədinə çatsın, elə bir cəza verməliyəm ki, məhkumun şəxsiyyətinə, törətdiyi əmələ, cinayəti törədəndən sonra davranışlarına uyğun olsun, - bu amilləri nəzərə almalıdır. Amma bəzən bizdə avtomatik olaraq belə hərəkət edirlər ki, “hamı belə edir, mən də belə edim”. Ya da “mən alternativ cəza verərəm, şübhə yaranar. Yuxarı məhkəmə ləğv edər, məndən şübhələnərlər ki, bu işdə marağım var”, - deyə düşünürlər.
- Sizcə, bu vəziyyətdən çıxış yolu nədir?
- Biz, vəkil olaraq, həmişə görüşlərdə də bunu deyirik. Tez-tez Ali Məhkəmə ilə müzakirələrdə oluruq. İnam müəllim sağ olsun, “Femida” layihəsində vəkillərlə tez-tez görüşür, bizim təkliflərimizi alır. Biz tez-tez bunu səsləndiririk ki, hakimlər bir az bu mühafizəkar mövqedən çəkinməlidirlər. Amma elə hakimlərimiz də var, həqiqətən görür ki, əməl budur, cəzası bu olmalıdır, heç nəyə baxmayaraq onu da tətbiq edir. Sizi inandırım ki, o hakimlərin karyerası da yaxşı olur. Baxırsan ki, o hakimlər yuxarı məhkəməyə getdi, dəyərləndirildi. Dövlət tərəfindən dəyərləndirilir ki, sən həqiqətən də cəsarətli hakimsən. Ona heç vaxt deyilmir ki, sən maraqlı olmusan. Əksinə, görülür ki, bu adam işə düzgün baxır, ona etimad göstərilir.
Amma, məncə, dediyim məsələlər hakimlərimizdə şüuraltı oturub, bu mühafizəkarlıq var. Bir başqaları kimi işləmə var, bir avtomatiklik var. Hakimlərin bu yanaşması dəyişməlidir. Məncə, gənc hakimlər gəldikcə, daha aydın yanaşmalar olduqca, bu məsələ düzəlməyə doğru gedəcək.
- İlhamə xanım, dediyiniz məsələ sovet dövründən qalma stereotip ola bilərmi?
- O sovet dövründən qalma şüuraltı yanaşma silinmir, Ülviyyə xanım.
- Ümid edək ki, gənc hakimlərin sayı çoxaldıqca, bu cür yanaşma da aradan qalxar...
- Məsələ budur ki, gənclər gəlir, sovet dövründən qalanların yanında işləməyə başlayır, təcrübəni onlardan götürür...
- O zaman bu məsələ dövlət səviyyəsində öz həllini tapmalıdır.
- Mütləq.
- BMT-nin 69-cu sessiyasında qəbul edilən sənəddə şəxsi istifadə üçün narkotik saxlama və satış məqsədilə narkotik saxlama arasında fərq qoymaq üçün aydın meyarların dəqiqliklə təyin edilməsi yer alır. Maraqlıdır ki, Azərbaycanda şəxsi istifadə miqdarından artıq həddə narkotik saxlamaq ittihamı satış ittihamını üstələyir. Burada belə bir hal mümkündürmü ki, narkotik satanlar satış ittihamı ilə həbsə düşməmək üçün özlərini şəxsi istifadə miqdarından çox narkotik əldə edən kimi qələmə versinlər?
- Bəli, elə məhz ona görə, indi Azərbaycanda Cinayət Məcəlləsində 234.1-1-ci maddə əlavə olundu. Əvvəllər bu maddə yox idi. Əvvəllər külli miqdarda narkotik vasitə aşkarlansa da satış məqsədli olması sübuta yetirilməyəndə, ona 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilirdi. Çünki satış təsdiqlənmirdi. Məsələn, bir adamda 19 kiloqram marixuana aşkarlanıbsa, ona 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilirdi. Çünki satış sübuta yetirilmirdi. Bu da sui-istifadə hallarına gətirib çıxarırdı ki, 19 kiloqramı adam nə edir, ehtiyat anbarı yaratmır k, yəqin satış üçündür. Amma birbaşa sübutlar olmadığına görə, ona istifadə üçün əldə etmə ittihamı ilə cəza verilirdi. Məhz bunu aradan qaldırmaq üçün bu maddə əlavə olundu.
Azərbaycanda ona görə bu yanaşma var. Çünki, blirsiniz, bizdə son vaxtlar narkotiklə əlaqədar cinayətlərin sayı artıb. Xüsusən İranla sərhədlər açıq olanda bizdə bu artdı. Düşünüldü ki, narkotiklərlə mübarizə səmərə verməsi üçün daha ciddi tədbirlər görülməlidir. Amma düşünürəm ki, zamanla BMT-nin dediyiniz meyarların dəqiqləşməsi təklifindəki kimi, o meyarlar nəzərə alınmalıdır. Mütləq mənada bizim qanunvericilikdə təsbit olunacaq. Bilirsiniz, hər bir ölkə istər BMT sənədində, istər Avrop Birliyinin sənədlərində olan tələbləri öz daxili düzəninə, özünün vəziyyətinə uyğun tətbiq edir. Ona görə də belə sənədlər hər bir halda ölkənin daxili vəziyyətinə uyğunlaşdırılır. Düşünürəm ki, bu məsələ gündəmdədir.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az