ƏFQANISTAN HEROİNİ UĞRUNDA BÖYÜK SAVAŞ – "Qəhrəmanlıq maddəsi"nə nəzarət hazırda kimin əlindədir?

Son illərədək Əfqanıstan "imperiyaların qəbiristanlığı" adlandırılırdı. ABŞ-ın bu ölkəni diplomatik tərzdə tərk etməsindən sonra, insanların çoxu “Taliban” burada hakimiyyətə gəldikdən sonra yenə də bu fikri bölüşməkdədir.

Son onilliklər ərzində dünya əfqanların nəinki partizan müharibəsində, hətta tiryək istehsalında və emalında da uğur qazandıqlarını öyrəndi. Heç də təsadüf deyil ki, hazırda beynəlxalq narkotik bazarında dövr edən heroinin böyük əksəriyyəti Əfqanıstan mənşəlidir.

Bəllidir ki, son illərə qədər “Taliban” hərəkatı narkotik istehsalına nəzarət edir, bu sahəni inkişaf etdirirdi. Hakimiyyətə gəldikdən sonra isə bu gəlirli işi durdurmağa hazır olduğunu bəyan etdi. Amma bu, ilk gündən inandırıcı görünmürdü. Çoxları düşünürdü ki, Əfqanıstanın yeni hökuməti həqiqətənmi özü üçün bu qədər əhəmiyyətli gəlir mənbəyini bağlamağa hazırdırmı? Və yaxud ABŞ son 20 il ərzində yerli narkotik biznesini məğlub edə bilmədi, yoxsa etmək istəmədi?

**

Bu suallara cavab axtarmazdan öncə qeyd edək ki, 20-ci əsrdə ABŞ-ın dünya siyasi məkanında Böyük Britaniyanın yerini tutduğunu düşünsək, 19-cu əsrin sonlarında Rusiya və Britaniya arasında “Böyük oyun”a ev sahibliyi etmiş Əfqanıstanın bu gün də böyük oyunlara səhnə olduğunu və olacağını görməkdəyik. Məsələyə bir necə bucaqdan baxa bilərik. "Heroin" sözü, 19 -cu əsrin sonunda Alman Bayer firması tərəfindən öskürək dərmanı olaraq istehsal edilən “Diasetilmorfin”in ticari adıdır. Dərman o qədər güclü eyforiya yaradırdı idi ki, ona "qəhrəmanlıq maddəsi" adı verildi. Əlbəttə, narkotik maddə istifadəsinə indi yox, əsrlər əvvəl başlanılmışdı. Səbəb isə əsgərlərin döyüş qabiliyyətini pik həddə çatdırmaq idi. Bu, bəşəriyyətə məlum olan ən qorxunc dərmanlardan biridir.

Narkotik istehsalı üçün əsas xammal olan tiryək, xaşxaş sahələri əsasən ölkənin cənub hissəsində, “Taliban” döyüşçülərinin illər öncədən də ən böyük təsirə malik olduğu əyalətlərdə yerləşir. Hansı ki, narkosənaye də onların himayəsi altında inkişaf etdi.

**

2017-ci ildə Əfqanıstan heroin biznesinin ümumi dövriyyəsi BMT tərəfindən rekord həddində - 6,6 milyard dollar olaraq qiymətləndirildi. Üstəlik, mütəxəssislərin hesablamasına əsasaən, həmin il 400 min insan tiryək istehsalı və emalı ilə məşğul idi. Bu, keçmiş Əfqanıstan İslam Respublikasının bütün hökumət ordusundan çox idi.

BMT-nin məlumatına görə, 2018-ci ildə narkotiklərin qanunsuz dövriyyəsi ölkənin ÜDM-nin 11 % -ə qədərini təşkil edirdi və 2021-ci ilin avqustunda ölkədə hakimiyyəti ələ keçirən “Taliban” gözlənilmədən iddialı açıqlama ilə çıxış etdi: “Heroin sənayesinə son qoyuruq. Vətəndaşlarımızı, kişiləri və qadınları və beynəlxalq ictimaiyyəti narkotik istehsalına icazə verməyəcəyimizə əmin edirik. Bundan sonra heç kim heroin alveri ilə məşğul olmayacaq”.

Lakin kimsədə şübhə yoxdur ki, “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsində heroin gəlirləri çox mühüm rol oynadı. Amma nəzərə almaq lazımdır ki, nəyisə əkib-becərmək, məhsul götürüb onu bazarda reallaşdırmaq üçün partizan yox, oturaq, yaxud dinc həyat tərzi sürmək gərəkdir. Ən azı qısmən. Bəs, partizan həyat tərzi sürən “Taliban” bu işə illər boyu necə nəzarət etdi? ABŞ-ın hərbi kontingentinə rəhbərlik edən şəxslərin bundan xəbərsiz olması qeyri-mümkündür və bu, baş veribsə, demək “icazə verilib”. Yəqin ki, ABŞ-ın “Taliban”la işi də məhz bu sahədəki ortaqlıq üzərində yürüdülüb.

**

Məlumatlara görə, Əfqanıstanın zəngin minerallarının ölkədən icazəsiz çıxarılmasına nəzarət edən taliblər bütün ticarət və nəqliyyat yollarından vergi tuturdular. Ancaq zəif texnologiyalar resursların satışından yüksək gəlir əldə etməyi çətinliklə təmin edirdi və Əfqanıstanın praktiki olaraq yoxsul əhalisindən alınan rüsumlar da çoxgəlirli bir iş deyildi. Bəzi ingilis mütəxəssislərinin fikrincə, silahlıların əksəriyyəti hələ də qanuni mallardan - yanacaq, tütün və digər resurslardan alınan vergilərdən pul qazanır. ABŞ-ın Əfqanıstan üzrə keçmiş xüsusi müfəttişi Con Sopkonun sözlərinə görə isə, “Taliban” gəlirinin 60 %-ə qədərini məhz heroin ticarətindən əldə edir.

BMT-nin məlumatına görə, 2021-ci ilədək yaraqlıların narkotik biznesindən əldə etdiyi illik xalis mənfəət ən azı 400 milyon dollardır. Bunun əhəmiyyətli bir hissəsi Avropaya narkotik gətirən qaçaqmalçılara aiddir: Rusiyaya, oradan Orta Asiya ölkələrinə, Türkiyə və Balkan ölkələrindən isə Avropaya…

**

Ölkədə amerikalı əsgərlər peyda olandan və taliblər xaş-xaş tarlalarına nəzarət edən əsas qrupa çevrildikdən sonra istehsalın həcmi xeyli artdı. Məsələn, 1990-cı illərin ortalarında Əfqanıstanda təxminən 50 min hektar tiryək plantasiyası becərilirdi. On il sonra, 2005-ci ildə tiryək sahəsi iki dəfə artaraq 100 min hektardan çox, növbəti səkkiz il ərzində - 2013-cü ilə qədər isə yenidən iki dəfə artdı.

Məntiqi mühakimə etsək, ABŞ qoşunlarının ölkəni zəbt etməsindən sonra narkoistehsalın artması o deməkdir ki, bu artım məhz yabançı hərbi kontingentin marağında idi, yəni ABŞ və taliblərin maraqları düz mütənasib olub. Çünki bunun əksi narkoistehsalın artımına gətirməzdi. Sadəcə, ABŞ-ın rəsmi “üzü”nün Əfqanıstanın legitim hökuməti ilə əməkdaşlığının da taliblərlə müttəfiqliyə mane olduğunu düşünmək sadəlövhlük olardı. Yəni ABŞ hər zamankı kimi “ikili” oynayıb. Əfqanıstanda işğalını pərdələmək üçün amerikanlara rəsmi hökumətlə əməkdaşlıq lazım idi. Yəni işğalçı kimi görünməsin deyə. Qeyri-qanuni, dəftər-kitabsız, dövriyyədən kənar narkoticarəti isə “Taliban”la yürütmək ideal “əməkdaşlıq” idi. Çünki terror təşkilatlarının nə vergi qeydləri, nə rəsmi ticarət dövriyyəsi qeydləri olmur. ABŞ-ın bu ölkəyə “narkotrafiki çökdürmək” üçün gəlməsinə dair illərdir təbliğat maşının dünyaya sırıdığı demiokratiya nağılları da sadəcə “sabun köpüyü” idi.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az