Stopnarkotik.az saytının oxucularımıza təqdim etdiyimiz bu məqalənin əsas məqsədi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin terror təşkilatlarının maliyyələşdirilməsində rolunu müəyyən etməkdir. Kimsəyə sirr deyil ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlirlər bəzi terror təşkilatları üçün əsas maliyyə mənbəyidir. Narkotik ticarətindən əldə edilən gəlirlər bütün fəaliyyətləri maliyyələşdirmək üçün istifadə edilə bildiyindən, terror təşkilatlarının məqsədlərinə də çatmağa kömək edir. Narkotik tacirləri terrorçuların təşkilatlanma metodları, silah tədarükləri və gizli təşkilatlara daxil olma imkanlarından istifadə edərkən, terrorçu təşkilatlar da narkotik maddəni bir gəlir mənbəyi kimi istifadə edir və əldə edilən çirkli pulun yuyulmasında narkotik tacirlərinin metodları və imkanlarından maksimum səviyyədə istifadə edir. Narkotik maddə ticarətinin terrorun ayrılmaz hissəsi olduğu və narkotik maddə ticarətinin terrorun bir növ bataqlığı olduğu da vurğulanır.
(Əvvəli bu linkdə: Narkotik pulları ilə “qidalanan” terror təşkilatları... – ARAŞDIRMA / I YAZI )
Yazımızın birinci hissəsində qeyd etdiyimiz kimi, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi nəticəsində əldə olunan gəlirləri bu gün ən çox diqqət çəkən təşkilatlardan biri “Taliban”dır. Eynilə, İslam dininin mənbələrinə istinad edərək ideologiyalarını dekommunizasiya edən qruplar arasında da narkotik satışından gəliri ən çox diqqət çəkən məhz bu təşkilatdır. “Taliban” 1996-2001-ci illərdə Əfqanıstanı idarə edib və hazırda da idarə etməkdədir. Doğrudur, Əfqanıstanda tiryək istehsalının həyata keçirilməsi “Taliban”dan əvvəl də mövcud idi və 2001-ci ildə “Taliban” hakimiyyətdən getdikdən sonra da davam etdi. “Taliban” hakimiyyətinin ilk illərində xarici tanınma səyləri çərçivəsində xaşxaşın becərilməsini azaltmaq üçün mübarizə apardı. Lakin Qərb ölkələri tərəfindən gözlənilən tanıma gəlmədikdə, qeyd olunan mübarizə prosesi davam etməmişdir. 2001-ci ilin sonlarında hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra təşkilat rəhbərliyə qarşı üsyan qaldırdı. Bu yeni dövrdə təşkilatın narkotiklə əlaqəli gəlirlərə ehtiyacının artacağı proqnozlaşdırılırdı. “Taliban”ın narkotik gəlirlərinin əhəmiyyətli bir hissəsinin xaşxaş bitkilərindən və istehsal müəssisələrindən alınan vergilərdən gəldiyi təxmin edilir. Zamanla təşkilatın birbaşa narkotik ticarəti ilə məşğul olduğu, təşkilatın Pakistan sərhədinə tiryək çatdırılmasında iştirak etdiyi və təşkilata aid komandirlərin öz tiryək fabriklərini açdıqları iddia edilirdi. “Taliban” narkotik gəlirləri haqqında dəqiq məlumatlar olmasa da, təşkilatın ildə ən azı yüz milyon dollar gəlir əldə etdiyi və son illərdə təşkilatın narkotik ticarəti ilə daha çox məşğul olması nəticəsində gəlirlərinin artdığı təxmin edilir. Əfqanıstan hökumətinin 2017-ci ildə hərbi xərclərinin 181 milyon dollar olduğunu nəzərə alsaq, “Taliban”ın narkotik gəlirləri sayəsində Əfqanıstan hökuməti ilə müqayisə edilə bilən maliyyə imkanlarına sahib olduğunu düşünmək olar.

Nəticədə, terror təşkilatlarının Soyuq Müharibədən sonrakı dövrdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə artan diqqəti 11 sentyabr hadisələrindən sonrakı dövrdə davam etdi və sürətləndi. Bununla belə, narkotikdən gəlir əldə etmək faktı və onların necə əldə edilməsi terror təşkilatlarının özlərinə və onların təşkilatın mühiti ilə münasibətlərinə də mənfi təsir göstərə bilər. Bunun səbəbi, terrorizmi bir metod olaraq istifadə edən təşkilatların fəaliyyətlərini maliyyələşdirmək üçün maliyyə mənbələri təmin edərək mövcudluğunu davam etdirməsi və səmərəliliyini artırmasıdır. Lakin maliyyə mənbələri tapmaq fəaliyyətlərinin əksəriyyəti təşkilatlarının siyasi məqsədlərinə zidd ola bilər; təşkilati quruluş, daxili birlik və etibarla bağlı problemlər yarada bilər.
Terror təşkilatı narkotik ticarəti ilə məşğuldursa, bu, siyasi məqsədlərə zidd iş apardığı deməkdir. Beləliklə, narkotik alverinin əsas təsiri terror təşkilatını ideoloji və siyasi motivlərlə hərəkət etmək əvəzinə cinayətkar təşkilatlar kimi qazancları maksimum dərəcədə artırmağa təşviq etməsidir. Əslində, terror təşkilatlarının gəlir əldə etmək üçün həyata keçirdikləri bir çox fəaliyyət siyasi məqsədlərdən uzaq fəaliyyətlərdir. Alınan gəlir təşkilatın fəaliyyəti üçün istifadə olunsa da, nəticə dəyişməz qalır. Təşkilatın gəlir gətirən fəaliyyətə yönəldiyi halda siyasi məqsədlərindən uzaqlaşma daha da aydın görünəcəkdir. Son mərhələdə gəlir gətirən fəaliyyət bir vasitə olmağı dayandıra və hədəfə çevrilə bilər.

Narkotik ticarətini maliyyələşdirmə mənbəyi kimi qəbul edən terror təşkilatlarında gəlir gətirən fəaliyyətlərin ön planda olması prosesi iki əsas səbəbə görə açıq-aydın şəkildə özünü biruzə verir. Birincisi, narkotik ticarəti ilə məşğul olan təşkilatlar bu ticarətin sonrakı mərhələlərində iştirak etməyə meyllidirlər. İkincisi, narkotik ticarəti mütəşəkkil cinayətkar qrupların fəaliyyət sahəsidir. Terror təşkilatları bu sahəyə daxil olduqda, müxtəlif səviyyələrdə mütəşəkkil cinayətkar qruplarla əməkdaşlıq edir və ya metodlarını və təşkilati quruluşlarını təqlid edirlər.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlirlər terror təşkilatlarının sağ qalmasına və effektivliyini artırmağa kömək edir. Bununla birlikdə, təşkilatın güclənməsi, bu təşkilatın digər subyektlər (qeyri-dövlət subyektləri, hədəf dövlət və digər dövlətlər) ilə münasibətlərdə özü üçün arzuolunmaz nəticələrə də səbəb ola bilər. Bunlardan biri rəqib təşkilatlar və ya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qruplarla qarşıdurmadır. Lakin güclü terror təşkilatlar bu qarşıdurmalarda nə qədər zərər görsələr belə, həmin cinayətkar qruplar üzərində hakimiyyət qurdular və ya mənfəət çərçivəsində əlaqələrini inkişaf etdirdilər. Məsələn, 1990-cı illərdən bəri FARC bir çox cinayətkar qruplarla qarşıdurmalarla qarşılaşdı. Buna baxmayaraq, həmin terror təşkilatı cinayətkar qruplar üzərində hakimiyyət qurmağı bacardı və ya onlarla maraq münasibətləri çərçivəsində əlaqə yaratdı.

Narkotik satışından əldə olunan gəlirlər hesabına terror fəaliyyətinin maliyyələşdirilməsi, terror təşkilatlarının hədəf aldığı dövlət və digər dövlətlərlə münasibətləri baxımından daha çox mənfi nəticələrə səbəb ola bilər. Çünki maliyyə baxımından inkişaf edən terror təşkilatları hədəf dövlətin milli təhlükəsizliyi üçün daha ciddi təhlükəyə çevrilir. Bu vəziyyətə cavab olaraq, dövlət təşkilatla mübarizəni prioritet qaydada gücləndirə bilər, təşkilatla mübarizə aparmaq üçün daha çox təhlükəsizlik qüvvəsi və resurs ayıra bilər və təşkilatın maliyyə mənbələrinin və bazasından aldığı dəstəyin pozulmasına qarşı daha əhatəli mübarizəyə başlaya bilər. Məsələn, Kolumbiya və Türkiyənin hərbi xərcləri FARC və PKK tərəfindən artan təhdidlər dövründə artdı. Terror təşkilatını özləri üçün təhdid hesab edən dövlətlər, xüsusən də bu təşkilat narkotik ticarəti yolu ilə imkanlarını genişləndirdikdə daha ciddi reaksiya göstərə bilər.
İlk olaraq FARC terror təşkilatını nümunə götürsək, 1990-cı illərdə təşkilatın nüfuzu artdıqda Kolumbiya hökuməti ABŞ-dan kömək istədi. FARC təşkilatını marksist ideologiyası və narkotik ticarətindəki rolu səbəbiylə artan bir təhlükə olaraq görən ABŞ, Kolumbiya hökuməti ilə əməkdaşlığa müraciət etdi. 2000-ci illərdə bu əməkdaşlığın sahəsi xeyli genişlənmişdir. Bu fonda ABŞ Kolumbiya hökumətinə maliyyə və hərbi yardım göstərdi, kəşfiyyat dəstəyi verdi, həmin təşkilatı həm terror, həm də narkotik ticarəti ilə məşğul olan terror təşkilatı kimi tanıdı və təşkilatın ABŞ-da tutulan üzvlərini məsuliyyətə cəlb etdi.
PKK, Avropadakı narkotik ticarətindəki roluna görə xaricdən əks reaksiya ilə qarşılaşdı. Təşkilatın narkotik vasitələrin qanunsuz dövriyyəsində rolu onun ABŞ və Avropa Birliyinin terror təşkilatları siyahısına daxil edilməsində önəmli faktor qismində çıxış etmişdir. Bundan əlavə, ABŞ PKK-nın bəzi üzvlərini narkotik qaçaqmalçıları siyahısına əlavə etdi və onlara qarşı sanksiyalar tətbiq etməyə başladı. Bununla birlikdə, bu cavab tədbirlərinin təşkilatın maliyyə resursları ilə mübarizəsinə təsiri, ABŞ-ın FARC təşkilatına qarşı gördüyü tədbirlərin təsiri ilə müqayisədə olduqca məhdud idi. “Taliban” məsələsində həm təşkilatın bənzərsiz sərt ideologiyası, həm də təşkilatın narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində rolu, sərhəd ölkələrinin aralarındakı fikir ayrılıqlarına baxmayaraq, “Taliban”a qarşı birgə mübarizəyə başlamasında mühüm rol oynadı. Təşkilatın 2000-ci illərdə ölkədə davam edən və durmadan artan fəaliyyəti regional səviyyədə təhlükəsizlik narahatlığına səbəb oldu. ABŞ ölkədə hərbi varlığını davam etdirmək üçün bəhanələrdən biri olaraq “Taliban”ın varlığına işarə etdi. Digər tərəfdən, “Taliban”ın narkotiklə əlaqəli fəaliyyəti ABŞ-ın müdaxiləsini bütün dünya üçün qanuni etməsinə kömək edən bir amildir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlirlər böyük məbləğlərə çatdıqda, təşkilatların həyatına və səlahiyyətlərinə böyük töhfə verir. Digər tərəfdən, terror təşkilatının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli fəaliyyəti, bu təşkilatın quruluşunun az-çox cinayətkar bir təşkilata bənzəməsinə, ideoloji saflığını itirməsinə, liderə və səbəbə bağlılığını zəiflətməsinə və təşkilatdakı maraqlarına üstünlük verən insanların səmərəliliyinə səbəb ola bilər. Bütün bu hadisələr təşkilatları siyasi məqsədlərindən yayındıra bilər. Digər tərəfdən, gəlir əldə etməyə yönəlmiş fəaliyyətlər siyasi məqsədə yönəlmiş fəaliyyətlərə müdaxilə edərsə, təşkilat mütəşəkkil cinayətkarlıq vərdişlərinin ondan üstün olduğu bir quruluşa çevrilə bilər.

Həmçinin, Ermənistan tərəfindən 30 il işğal altında saxlanılan torpaqlarımızda uzun illər narkotiklərin becərilməsi ilə məşğul olunmuşdur. Narkotik alveri ermənilərin əsas gəlir mənbələrindən biri idi. 30 il ərzində torpaqlarımızın Ermənistanın nəzarətində olması bu ərazilərdən həm də terrorçuların hazırlanması üçün bir baza kimi istifadə olunmasına yol açmışdı. Təbii ki, narkotik ticarəti və beynəlxalq terrorizm qlobal bəladır. Azərbaycan öz torpaqlarında erməni işğalına son qoymaqla həm də ermənilərin ərazilərimizdə qurduqları terror yuvasını dağıtmış oldu.
Beləliklə, bu məqalədə qeyd edilən terror təşkilatlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəsi həmin təşkilatların məqsədlərini tamamilə itirmələrinə səbəb olmadı. Bununla birlikdə, həmin terror təşkilatları müxtəlif dövlətlər tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı fəaliyyətləri ilə əlaqədar görülən tədbirlərə məruz qaldılar. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılaraq narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri ardıcıl olaraq sistemli şəkildə həyata keçirilməlidir.
Əntiqə ŞÜKÜROVA