Narkotikdən xilas olmağın İKİ MÜHÜM YOLU – Araşdırma

Narkomaniyanın qarşısını almaqdan ötrü dünya ölkələri fərqli yollarla gedir, müxtəlif addımlar atırlar. Məsələn, Qərbdə problemin qarşısını almaq və narkoticarətin qarşısını kəsmək üçün dekrminallaşdırma metodu tətbiq edilir. Dekriminalladırma - müəyyən hərəkətlərin cinayət qanunvericiliyinin əhatə dairəsindən çıxarılması deməkdir. Yəni qadağa norma olaraq qalır, lakin narkotik istifadəsinə (və ona hazırlığa) görə cəzalar artıq cinayət qanunvericiliyinin əhatə dairəsinə daxil edilmir. Bu hərəkətlər inzibati qaydada cəzalandırılır.

Bir sözlə, dekriminallaşdırma ya qeyri-cinayət sanksiyalarının (məsələn, cərimələr və ya məcburi müalicə) tətbiq edilməsi, ya da onların tamamilə olmaması deməkdir. Bu səbəbdən, inzibati qayda pozuntusu sayılır və İnzibati Xətalar Məcəlləsinə görə cəzalandırılır.

Bu metoda nümunə kimi Portuqaliyanı göstərə bilərik. Bu ölkədə istifadəçisinin narkotiki özündə saxlama miqdarı - "10 günlük müddət ərzində orta fərdi istehlak üçün tələb olunan miqdardan çox olmayan" miqdara aiddir.

Dekriminallaşdırma "narkotik ticarəti"nə şamil edilmir, yəni narkoticarət  cinayət hesab olunur və "on günlük istifadə müddətində orta dozadan çox miqdarda saxlama" artıq satış miqdarı hesab olunur.

Burada bir nüansı da vurğulamaq yerinə düşər ki, dekriminallaşdırma leqalizasiya deyil.

Dekriminallaşdırmanın tələb etdiyi inzibati cəzalara gəlincə, Portuqaliyada narkotik istifadəçisi 25 avrodan minimal əməkhaqqı miqdarına qədər cərimə oluna bilər. Əgər asayişi pozan narkotik istifadəçisi könüllü reabilitasiya keçməyə razıdırsa, onda cərimə olunmur. Onun nakotik istifadə etdiyi, lakin asılı olmadığı və əvvəllər qanun pozuntusu etmədiyi aşkarlanarsa, Portuqaliyada Dekriminallaşdırma Qanunu komissiyalara sanksiya tətbiq etmədən “icraatı müvəqqəti dayandırmaq” tapşırığı verir. Əvvəllər cəzaya cəlb edilmiş narkotik istifadəçisi müalicəyə başlayarsa, ona qarşı sanksiyalar dayanır. Müalicə başa çatarsa və xəstə artıq qanun pozuntusuna yol verməzsə, ona qarşı icraat başa çatmış hesab olunur.

Narkotik maddə saxlama və ya istifadə etməkdə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar da eyni prosedurlara tabe olurlar. Amma yetkinlik yaşına çatmayanlara (və ya ruhi xəstəliyi olan şəxslərə) narkotik maddə vermək, yaxud satmaq narkotik qanunvericiliyinə əsasən qadağandır, "qanunsuz narkotik ticarəti və digər qanunsuz fəaliyyətlər"də məhkum edilmiş şəxslər üçün ağırlaşdırıcı hal hesab olunur və 4 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Portuqaliyada Dekriminalizasiya Komissiyası üç qurumun nümayəndələrindən ibarət olur: bir üzv Ədliyyə Nazirliyi tərəfindən təyin edilir, digər ikisi isə Səhiyyə Naziri və Hökumətin Narkotiklərə Nəzarət Siyasəti Koordinatoru tərəfindən birgə təyin edilir. Ədliyyə Nazirliyi tərəfindən təyin edilən üzv hüquqşünas olmalı və digər iki üzvdən (adətən hər ikisi) ən azı biri tibb işçisi və ya sosial xidmət işçisi (həkim, psixoloq və ya sosial işçi) olmalıdır.

Dekriminallaşdırma rejimində belə, narkotik istifadəsini və ya saxlanmasını sənədləşdirən polis əməkdaşları qaydanı pozana qanun pozuntusu barədə bildiriş verməlidirlər, lakin onları həbs etmək səlahiyyəti yoxdur. Bildirişin surəti komissiyaya göndərilir və inzibati proses başlayır.

Məsuliyyətə cəlb olunan şəxs bildirişi aldıqdan sonra 72 saat ərzində komissiyanın qarşısına çıxmalıdır. Komissiya narkotik qaçaqmalçılığına dair inandırıcı dəlillər taparsa, işi cinayət məhkəməsinə göndərili. Eləcə də, narkotik asılıları narkotiki apteklərdən əldə etməyə cəlb olunur. Bu addım əsasən də narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almağa yönəlib.

Yeri gəlmişkən, dekriminallaşdırmanın Portuqaliya versiyasında aqressiv olmayan narkomanları onlara uyğun işə cəlb etmək praktikası da tətbiq edilir.

Yazılanları daha çox uzatmaq olar. Müşahidələrə görə, Portuqaliyada bu siyasət öz effektivliyini göstərib.

Ümumiyyətlə isə dekriminallaşdırmanın mahiyyətini belə təyin etmək olar:

- Birinci növbədə ilkin profilaktikaya diqqət yetirmək;

- Müalicə axtaran bütün narkomanların müalicəyə çıxışını təmin etmək üçün narkomaniya müalicəsi sistemlərinin keyfiyyətini artırmaq və potensialını genişləndirmək;

- Səlahiyyətli orqanların həbsxanaya alternativ olaraq narkotik asılılarının könüllü müalicəsi kimi tədbirlər görməsi üçün lazımi mexanizmlərin yaradılması.  

Bəs, Azərbaycana bu siyasətin hansı qismlərini tətbiq etmək olar? Azərbaycana tətbiq olunacağı təqdirdə iki ölkə, iki qitə arasında mentalitet fərqi nəzərə alınmalıdırmı?

İndiyə qədərki anti-narkotik siyasətinə baxsaq görərik ki, ölkəmizdə görülən tədbirlər elə də effektiv olmayıb. Narkotik istifadəçilərinin sayı artır, narkotiklə bağlı cinayətlər üzüyuxarı templə gedir, həbsxanalarda narkotiklə bağlı cinayət törədənlərin payı çoxalır. Paralel olaraq QİÇS, Hepatit və s. kimi təhlükəli xəstəliklərə tutulma tendensiya da artır. Bir sözlə, narkomaniya artıq epidemiya halını alıb. Cəmiyyətdə tanınmış şəxslər tərəfindən irəli sürülən təkliflər onun deməyə əsas verir ki, biz də narkomaniyanın qidalandığı baza olan narkoticarətin qarşısını kəsmək üçün qanunda bəzi dəyişikliklərə getməyi gözdən keçirə bilərik. İlk növbədə istifadəçilərin əməllərini İnzibati Xətalar Məcəlləsinə daxil etmək, onları rəsmi qeydiyyata düşməyə cəlb etmək, narkotiklərin qanunsuz dövriyyəsini, narkomafiyaların hədsiz-hüdudsuz pullar qazanmasının önünü kəsməkdən ötrü asılıları narkotiki apteklərdən rəsmi qeydiyyat əsasında almağa və müalicə olunmağa yönəltmək, sağalmanı, sağlam həyatı asılılar üçün cazibədar etmək, onları reabilitasiya müddətində əməyə, onlara uyğun işlərə cəlb etmək kimi tədbirləri reallaşdırmaq olar.

Bəs daha hansı addımlar dekriminallaşdırma çərçivəsində qəbul edilə bilər?

Məsələnin kökü əsas insani faktor olan asılıların can atdığı xoşbət olma, özünü təsdiqləmə istəyidir. Psixoloqlar, psixoterapevtlər bildirirlər ki, insanları narkotikə itələyən onların özlərini şəxsiyyət kimi təsdiqləyə bilməməsi, xoşbəxt, ürəkli, cəsarətli hiss etmə ehtiyacıdır. İnsan mənəvi-bioliji-fiziki varlıqdır. Bilirik ki, insanın özünü xoşbəxt hiss etməsinin bioloji səbəbləri seratonin, dofamin, oksitosin hormonlarıdır. İnsan fiziki-bioloji olaraq hormonlardan asılıdır. İnsan bu hormonları narkotikin tətikləməsndən başqa haradan ala bilər? Bunun cavabı çətənədən hazırlanan qidalar ola bilər.

Azərbaycanda çətənədən qida hazırlanması potensialı mövcuddur. Müalicə prosesinin təbii formada aparılması daha effektiv ola bilər. Seratonin, dofamin, oksitosin hormonlarının ifrazını tətikləyən optimal qida çətənədən hazırlanan qida ola bilər. Hazırda Azərbaycanda narkotik istifadəçilərinin müalicəsi üçün əvəzedici metadon terapiyası tətbiq olunur. Amma etiraf edək ki, metadon onların ağır narkotiklərdən istifadə etməsinin qarşısını almaq, ağır narkotiklərə üz tutumaması üçün verilir. Metadon narkotiklə biryolluq vidalaşmağı təmin etmir. İlkin mərhələdə çətənədən hazırlanan qidaların qəbulu sayəsində xəstənin qismən stabilləşməsinin ardınca, psixoloji reabilitasiya prosesə inteqrasiya edilə bilər. Əlbəttə ki, bu müalicə yerləri dövlətin mütləq nəzarəti altında fəaliyyət göstərməlidir.

Əgər narkotik istifadəçisi əməlinin həbslə cəzalandırılmayacağından əmin olsa, o, qeyri-leqal şəkildə narkotik axtarmaqdansa, bunu rəsmi dövlət apteklərindən əldə etməyə, istifadə üçün rəsmi qeydiyyata düşməyə razı ola bilər, çünki ilk növbədə təqbidən canı qurtaracaq. Bu prosesin ardınca mentalitet də öz sözünü deyəcək.    

Narkotik istifadəçilərinin müalicəsi qismən özəl reabilitasiya mərkəzlərində gedir. Amma onların da müalicəsi “12 Addım” proqramı ilə psixoloji yönlü olduğu üçün tam 100 faizlik nəticə əldə oluna bilmir. Çünki insanın fiziki-bioloji orqanizmi psixoloji təsirdən öncə qidalanma dəstəyinə ehtiyac duyur və xoşbəxtik hormonlarını ilk növbədə qida ilə alması daha ağlabatan olar. Bu mənada qeyd edildiyi kimi, çətənədən hazırlanmış qidalar daha əlverişli çıxış yolu kimi rol oynaya bilər. Bu ehtimalı gözməməzlikdən gəlməməliyik. Buna ilk növbədə özəl reabilitasiya mərkəzlərindəki xəstələrə çətənə məhsulları verərək, onların sağalma prosesini müşahidə altına alaraq başlamaq olar. Həmin xəstələrin qidalanma menyusuna orqanizmin lazımi hormonlara ehtiyac duyduğu qədər hesablamaqla çətənədən alınmış yağ, çörək, şirniyyat və s. daxil edilə bilər. Onu da vurğulamaq yerinə düşər ki, çətənə xeyli faydalı elementlər və vitaminlərlə zəngindir. Bu amil də bir tərəfdən xəstənin sağlamlığının möhkəmləndirilməsində öz sözünü deyə bilər. Çətənədən hazırlanmış qida məhsulların önəmli nüansı onların asılılıq yaradıb-yaratmamasının aydınlaşdırılmasıdır. 

Güman edirik ki, narkotik istifadəçilərinin müalicəsinə belə kompleks yanaşma sağalma faizlərini artıracaq. Azərbaycan beynəlxalq təcrübəni nəzərə alaraq və özünəxas nüansları da əlavə edərək yeni konseptual yanaşma hazıraya bilər. Ən azından təcrübə etməyə dəyər.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az