Dayanacaqda “problem axtarırsan” sözündən sonra gənci bıçaqladı – QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 2009-ci il təvəllüdlü Mirkərim Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 11 fevral 2025-ci il tarixdə saat təxminən 18:00 radələrində Naxçıvan Muxtar Respublikasında yerləşən sərnişin dayanacağının yaxınlığında baş verib. Belə ki, həmin vaxt mikroavtobus gözləyən Mirkərim Əliyev əvvəlcədən tanıdığı, lakin adını bilmədiyi 2007-ci il təvəllüdlü, zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) ilə qarşılaşıb.

Hadisə zamanı zərərçəkmiş şəxs ondan hansı kənddən olduğunu soruşub. Bu zaman tərəflər arasında qısa sözlü mübahisə yaranıb. Bu zaman Mirkərim D.D.-yə “problem axtarırsan” deməsi ilə vəziyyət gərginləşib.

Bundan sonra təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi bıçağı sağ cibindən çıxarıb və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə qəsdən bir zərbə endirərək xəsarət yetirib.

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirkərim Əliyev 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən apellyasiya şikayəti verilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Daha sonra həmin qərardan məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilib.