Saatlı rayonunda gənc oğlan sevgilisinin evinə hücum edib.
Hadisə rayon ərazisində baş verib.
Rayon sakini, 2002-ci il təvəllüdlü Xəyal Əhmədov (soyad şərtidir) həmyerlisi olan gənc qızla sevgili olub. Onlar bir müddət sevgi münasibətində olublar. Sonra cütlük arasında mübahisə yaranıb və Xəyal qızı döyüb.
Bir neçə gün sonra Xəyal yenidən qızla münasibətlərini bərpa etmək istəsə də, qarşı tərəfdən rədd cavabı alıb. O, bundan sonra sevgilisinin kiçik bacısı ilə münasibət qurmağa cəhd edib. O, bu məqsədlə yaxınlıqdakı orta məktəbə gələrək, sevgili olduğu qızın kiçik bacısı ilə görüşüb və onunla sevgili olmaq istədiyini bildirib. Xəyal həmin qızdan da rədd cavabı alandan sonra onu hədələyib.
Həmin gün axşam saatlarında Xəyal evlərindən bıçaq götürərək sevgilisinin nənəsinin evinə gəlib. O, qapını döysə də, qapını açan olmayıb. Ev sahibi, 1954-cü il təvəllüdlü Sara Ağayeva (ad və soyad şərtidir) evdə olsa da qapını açmayıb. X.Əhmədov hasardan aşaraq həyətə daxil olub, evin pəncərəsindən içəri keçib və ilk olaraq bıçaqla yaşlı qadına hücum edib. Xəyal qadına baş və bədən nahiyələrindən zərbələr endirib. Sara Ağayeva aldığı xəsarətlərdən huşunu itirib. Qadının evdə olan məktəbli nəvəsi hadisəni görüb, qışqıraraq qonşuları köməyə çağırıb. Həmin vaxt Xəyal məktəbli qızı mətbəxə apararaq orada döyüb və ona da bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Hadisə yerinə polis əməkdaşları gələrək, araşdırmalara başlayıb. Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən X.Əhmədov saxlanılıb, izahatı alınıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Saatlı Rayon Məhkəməsinin hökmü ilə Xəyal Əhmədov 2 il 3 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub./oxu.az