2020-ci ildən sonra Azərbaycan dövlətinin qarşısında duran ən ciddi problemlərdən biri ölkədə narkotik ticarətinin və narkomaniyanın qarşısının alınmasıdır. Əlbəttə, bu problem həmin ildən öncə də mövcud idi və narkomaniya hər il yüzlərlə ailəni məhv edirdi. Amma 44 günlük Qarabağ müharibəsinin ölkəmizin xeyrinə başa çatmasından sonra bu məsələ tamamilə fərqli müstəviyə daşındı. Söhbət ondan gedir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qalib gəlməsini həzm edə bilməyən xarici qüvvələr bu dəfə ölkəmizə qarşı “narkotik savaşı” açdılar. Bu haqda Stopnarkotik.az saytında dəfələrlə məqalələr dərc etdiyimiz üçün yenidən o mövzuya qayıtmağı lazım bilmirik. Lakin onu bir daha qeyd etməliyik ki, bu qüvvələrin başında İrandakı molla rejimi dururdu və təxminən 5 il keçsə də, vəziyyət heç də dəyişməyib…
Bu günlərdə isə o da məlum oldu ki, torpaqlarımız işğal altında olduğu dönəmdə mənfur düşmənimiz olan Ermənistan da Azərbaycana qarşı “narkotik müharibəsi” aparmağa cəhdlər edib. Bu haqda Stopnarkotik.az-a danışan millət vəkili Zahid Oruc bildirir ki, 44 günlük Qarabağ savaşı dönəmində bunu təsdiq edən məxfi materiallar xüsusi xidmət orqanlarımızın əlinə düşüb. “…Zəngilandan Xankəndinə qədər müxtəlif ərazilərdə narkotik maddələrin yetişdirilməsi, dövriyyəsi və tranziti baş verirdi. Biz beynəlxalq konvensiyalara, protokollara qoşulanda qeyd-şərtlər edirdik ki, o ərazilərə cavabdehlik daşımırıq, çünki nəzarət etmək imkanımız yoxdur. Artıq bu təmin olunub, indi həmin dövriyyəyə də zərbə vurulub. Erməni vandallarının təcavüzkarlığı həm də insanlarımıza o xətlə bu və ya digər formada zərbə vurmağı hədəfləyirdi. Biz indi onların məxfi sənədlərini görürük, Qarabağdakı saxta rejimin macal tapmaması fonunda onların məxfi qərarları dövlətin əindədir. Görürük ki, onlar müxtəlif ərazilərdə narkotik maddələri yetişdirib, nə dərəcədə cəmiyyətmizə fərqli kanallarla daxil etmək istəyirbər”, - deyə Z.Oruc vurğulayır.
Bütün bunlar onu deməyə əsas verir ki, istər Azərbaycanın inkişafını istəməyən qonşu dövlətlərin, istər də digər xarici güclərin ölkəmizə qarşı çirkin niyyətlərinin qarşısını almaq üçün sərhədd xəttimiz ciddi mühafizə olunmalıdır. Belə desək, istər dəniz, istər hava, istər də quru sərhədimizdə nəzarət olunmayan bir qarış ərazi belə, qalmamalıdır. Doğrudur, bəzi hallarda narkotikin ölkəmizə “razılaşdırılmış şəkildə” gömrük nəzarətindən keçdiyinin də şahidi oluruq. Məsələn, sentyabrın 27-də içərisində 200 kq heroin olan İrana məxsus yük maşınının Biləsuvar Gömrük Məntəqsindən daxil olaraq, daha sonra “Sınıq Körpü” Gömrük Məntəqəsindən Gürcüstana maneəsiz keçdiyinin şahidi olduq.

Əlbəttə, bu yükün “diqqətdən qaçdığı” haqda ehtimallar çox azdır. Görünür, müəyyən anlaşma nəticəsində 50 milyon dollarlıq narkotikin ölkəmizdən tranzit yolla keçidinə şərait yaradılıb. Bu isə onu deməyə əsas verir ki, əgər gömrükçülərimiz narkotikin üçüncü ölkəyə keçidinə göz yumublarsa, deməli, ölkə daxilinə gətirilməsi üçün də asan şərait yaradılır. Ən azı ona görə ki, bu zaman “sağ əlin verdiyindən sol əlin xəbəri olmur”. Yəni yalnız bir gömrük məntəqəsi ilə anlşamaq yetərli olur…
Ən maraqlısı isə odur ki, sentyabrın 27-də istər Biləsuvardan keçərək “Sınıq Körpü” vasitəsilə Gürcüstana daxil olan, istər də “Sədərək” Gömrük Məntəqəsindən maneəsiz ötüb, qardaş Türkiyənin “Dilucu” Gömrük Məntəqəsində aşkar olunan narkotik vasitələr Azərbaycan Prezidentinin 5 illik Dövlət Proqramının təsdiqi haqda verdiyi Sərəncamdan cəmi 10 gün sonraya təsadüf edir. Diqqət edək, Prezident İlham Əliyev ölkəmizdə narkomaniya bəlasının qarşısının alınması məqasədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edir, bizim gömrükçülər isə məlum Sərəncamın mürəkkəbi qurumadan, öz maddi maraqları naminə milyonlarla dollar dəyərində narkotikin gömrükdən sərbəst keçirdinə şərait yaradırlar. Əslində, bunu narkotik mafiyasının Prezidentə birbaşa dirənişi kimi də qəbul etmək olar.

Şübhəsiz, burda təkcə gömrükçülərdən söhbət getmir, sözügedən məsələlərdə sərhədçilərimizin də məsuliyyət payı az deyil. Hətta statistik rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycana narkotik maddələrin böyük hissəsi məhz sərhəddən keçirilir. Ola bilər ki, burada narkotikin müəyyən hissəsi çətin keçilən dağlıq ərazilərdən daxil olur, yaxud dronlar, sürətli katerlər vasitəsilə hava və dəniz yolu ilə keçir, amma bu, ölkəyə gətirilən narkotikin çox cüzi hissəsini təşkil edir. Apardığımız araşdırmaların nəticəsi onu deməyə əsas verir ki, qaçaqmalçılar, yaxud narkotik baronları sərhədçilərlə anlşamasa, il ərzində tonlarla narkotikin “sərhəd xəttini aşması” qeyri-mümkündür.
Məsələn, ötən il - 2024-cü ildə ölkə daxilində 6 ton 832 kq 879,937 qram narkotik müsadirə olunub ki, bu da ümumi dövriyyənin təxminən 16 faizi deməkdir. Deməli, hər il ölkəmizə 110 tona yaxın narkotik daxil olur. Üstəlik, bu, sadəcə rəsmi rəqəmlərə istinadən gəlinən nəticədir. Əslində, ölkəmizdə narkotik dövriyyəsinin həcminin daha yüksək olduğu istisna deyil. Çünki hazırda Azərbaycanda rəsmi olaraq 40 490 nəfər narkoman qeydiyyatdadırsa, gerçəkdə onların real sayı 300 min nəfərə yaxındır. Bu şəxslərin hər birinin də mütəmadi olaraq, gündəlik və yaxud günaşırı narkotik qəbul etdiyini nəzərə alsaq, deməli, hər il müsadirə olunandan əlavə, tonlarla narkotik öz müştərisinə çatır, necə deyərlər, daxildə istehlak olunur.

Belə bir vəziyyətdə isə istər Dövlət Sərhəd Xidmətinin, istər də Dövlət Gömrük Komitəsinin rəhbərliyinə sual olunmalıdır ki, ölkə daxilində narkotik istehsalı çox cüzi olduğu halda, tonlarla narkotik Azərbaycana necə, hansı yollarla daxil olur?
Maraqlıdır ki, istər DSX, istər də DGK rəhbərliyi illərdir bu suallar qarşısında sadəcə susmağa üstünlük verirlər.
Stopnarkotik.az
