“Bundan sonra narkotiksiz cəmiyyət quruculuğu üçün çalışmalıyıq” – MİLLƏT VƏKİLİ

Zahid Oruc: “Narkotiklərə qarşı mübarizə yalnız dövlət, hakimiyyət orqanları tərəfindən aparıla bilməz, bu, istədiyimiz nəticəni verməyəcək”

“Düşünürəm ki, iş yerlərini artırmaq, əhalinin sosial rifahını gücləndirmək, təhsil səviyyəsini artırmaq və s. daha uğurlu olar”

Ötən həftə Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üzrə Dövlət Proqamı qəbul olundu. Əlbəttə, son 5 ildə aparılan işlərin ardınca, daha əhatəli yol xəritəsi gündəmdə idi. Üstəlik, əvvəlkindən fərqli olaraq, yeni proqram cəmiyyətin daha geniş sferasını əhatə edir. Bu, özü-özlüyündə dövlətin diqqətində olan problemə baxış bucağını ortaya qoyması cəhətdən təqdir olunası faktdır. Bəs, bu proqram gələcək 5 illik üçün nə vəd edir? Bu və digər suallara millət vəkili Zahid Orucla müsahibəmizdə cavab tapmağa çalışdıq.

(Əvvəli bu linkdə: “Bu, millətimizin sağlamlığına, gələcəyinə xidmət edən bir qərardır”)

“Narkotiki leqallaşdırmağı cinayət sayıram”

- İş yalnız reabilitasiya mərkəzləri açmaqla bitmir, bəs peşəkar kadrlar necə formalaşacaq?

- Bildiyim qədər ötən illər ərzində bu rəqəm getdikcə azalır. Dövlət Statistika İdarəsi narkoloqların sayının cəmi 66 nəfər olduğu haqda məlumat verir. İndi 40 min rəqəmini bu 66 narkoloq rəqəmi arasında bölün. Görcəyik ki, bir narkoloqa 700-800 adam düşür və bu 700 rəqəmini sağaltmaq, həyata geri qaytarmaq, sonra onları cəmiyyətə adaptasiya etdirmək, iş yerlərinə qaytarmaq, ailə mühitini qorumaq - bunlar çox-çox böyük məsələdir. Bəlkə elə edək ki, onlar bu bəlaya heç yoluxmasınlar. Ona görə də “tiryəki qanuniləşdirsək, avtomatik insanları sağaldacaq” kimi hansısa Avropa ölkəsinin nümunəsini Şərqin, Qafqazın çətin relyefdə, coğrafiyada yerləşən ölkəsinə tətbiq etməyin uğurlarına qəti şəkildə inanmıram. Narkotiki leqallaşdırmağı cinayət sayaram, hər zaman onun əleyhinə olmuşam. Düşünürəm ki, iş yerlərini artırmaq, əhalinin sosial rifahını gücləndirmək, təhsil səviyyəsini artırmaq və s. daha uğurlu olar. Çünki, təhqiqatlar göstərir ki, təhsillilər narkomaniyaya daha az uğrayır. Düzdür, onların da arasında rəqəmlər var, amma fərqlər yetərli səviyyədədir.

Ona görə, mən senytabr ayının 17-də sərəncam verilməsini – məhz Vətən müharibəsinin başlandığı müqəddəs ayda, Xankəndi zəfərimizin əldə olunduğu bir ərəfədə bu proqramın qəbul edilməsini Zəfərimizi qorumağa, sağlam gəncliyin formalaşdırılması, sağlam millətin, sağlam gələcəyin qurulmasına xidmət edən bir addım kimi dəyərləndirirəm.

“Nə qədər ailələr məhz həyat yoldaşının narkotikə qurşandığına görə zərbələrə məruz qalır…”

- Belə aydın oldu ki, Dövlət Proqramı haqda sərəncamın 44 Günlük Vətən müharibəsinin başladığı ərəfədə verilməsi həm də simvolik məna daşıyır. Prezident İlham Əliyevin də dediyi kimi, narkomaniya ilə mübarizə ölkəmizin Qarabağ müharibəsindən sonra apardığı 2-ci böyük savaşdır. Sizcə, yeni Dövlət Proqramı narkotiklərə qarşı mübarizənin bütün sferalarını əhatə edə bildimi? Yəni hesab edirsiniz ki, sözügedən proqramda əlavə nələrsə əksini tapa bilərdi?

- Əminəm ki, bu sənədin əsas bazis proqramı fundamental müddəalar, təməl prinsiplərinin düzgün müəyyənləşdirdiyi beynəlxalq əlaqələr, yerli institutların səfərbərliyi və s. fonunda hazırlanıb. Hətta gedişatda hər hansı yeni layihələr, proqramlar, alt sənədlər, işçi qrupların və s. yaradılması mümkündür. Onların heç birini istisna etmir. Elə bir dövlət, hakimiyyət institutu və yaxyd da qurumu yoxdur ki, bu proqram onlara yasaq qoysun ki, bu mübarizədə iştirak etmə. Qətiyyən. Bir daha söyləyirəm ki, narkotiklərə qarşı mübarizə yalnız dövlət, hakimiyyət orqanları tərəfindən aparıla bilməz. Bu, istədiyimiz nəticəni verməyəcək. Çünki bu cinayət növü latent xarakterə malikdir. Bunu cəmiyyətin mental-kültür ənənələri xüsusi gizli səviyyədə aparması doğurur. Yəni, Avropadakı kimi, “yarım ağırlıq dərəcəsində narkotikdən istifadə edə bilirdim, sabah da gəlib daha başqa ağır narkotikə-heroinə keçə bilərəm” kimi ictimai münasibətlərdə deyilik. Elə yön tətbiq edək ki, vətəndaşlar görsün ki, onun qonşusunda, elində, kəndində bu problemlər var, elə olan halda artıq bu prosesə qatqısı nə olacaq… Görürsünüz, proqramda “802” qaynar xətt xidmətinin yenidən qurulması, gücləndirilməsi və s. məsələlər də var. Demək, dövlət əks hallarda prosesi cəmiyyətlə qurmağa iradəlidir. Cənab Prezidentin məramını, çağırışını xatırlatdınız. Həqiqətən də dünyanın əksər ölkələrində “ağ ölüm” problemi cəmiyyətin genefondunu elə vurur ki, artıq 70-80 yaşında həyatının ahıl dövrünü, müdriklik çağını yaşayan insanlar deyil, bütün mənalarda məhsuldar, demoqrafik artıma cavabdehlik daşıyan gənc nəsil də səhiyyə sistemi üçün böyük yükə çevirilir. Əlbəttə, gənc nəsil sağlam olacağı təqdirdə birinci növbədə səhiyyə sisteminə əlavə problem yaratmayacaq. Əks halda xəstəxanalar da onunla yüklənir. Digər tərəfdən, insanların gəlir yerləri bağlanırsa və yaxud şikəst-əlil olursa, ailə üzvləri də bundan ziyan çəkir. Biz boşanma statistikasını həmişə milli demoqrafik həyatımız üçün bir çağırış kimi qəbul etmişik. Bu məsələnin içində tam ayrı məqamlar var, ictimailəşdirmək olsa bir dəfə bunun üzərində dayanacağıq. Statistika tam gerçəkliyi özündə ifadə etmir. Lakin, biz baxmalıyıq ki, nə qədər ailələr məhz həyat yoldaşının narkotikə qurşandığına görə zərbələrə məruz qalır. Onların sonrakı həyatı necə olur? Uşaqları dövlət tərəfindən hansı yardımları almalı olur? İş yerləri necə itirilir? Gələcək perspektivlər və planlar necə zədələnir? Və kriminalda onun payı nə qədər olur? O üzdən, qeyd etdiyiniz kimi, Dövlət Proqramı Qarabağdan sonra yeni hədəfi xalqımıza göstərir.

Biz bundan sonra narkotiksiz bir cəmiyyət quruculuğu üçün çalışmalıyıq. Bir daha söyləyirəm ki, “erkən aşkarlama” ifadəsinə xüsusi dəyər vermək lazımdır. Həqiqətən də əgər bu məsələdə adi təhsil proqramları bağçalardan orta məktəblərə güclənərsə, filmlər, kiçik tamaşalar, dərslər Qarabağdakı Zəfər kimi, narkotiklər üzərində də qələbəyə gətirib çıxaracaq. Buna çox inanıram. Dövlətimizin məramı da məhz bu istiqamətdədir.

- Dövlət Proqramında narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirlərinin və profilaktik tədbirlərin gücləndirilməsi, qaçaqmalçılıq risklərinin azaldılmasına töhfə verilməsi də nəzərdə tutulur. Sizcə, indiyədək bu sahədə görülən tədbirlər yetərli olmayıb?

- Düşünürəm ki, dövlət, hakimiyyət orqanları, xüsusilə də DİN gündəlik 7/24 rejimində peşəkar çalışmaları həyata keçirməsəydi, gördüyümüz o 40 min rəqəmi bəlkə də 10 dəfə artardı. Ona görə yox ki, Azərbaycan cəmiyyətində narkotikə alışqanlıq, yaxud xüsusi bir meyl var. Şükürlər olsun ki, cəmiyyətin mənəvi özülü uzun onillər, yüzillər boyu ailə-tərbiyə sistemi, böyüklərimizə münasibət üzərində qurulub. Nə qədər həyatımıza yeni kommunikasiya vasitələri daxil olsa da, bəzən deyirlər ki, bu ailə bağlarını zəiflədib və uşaqları xeyli müstəqilləşdirib, amma yenə də, xüsusilə müharibələrə məruz qalan xalqların həyatında narkotiklər bəlaya çevrilir. Mən istəmirəm İndoneziya, Filippin, yaxud Latın Amerikası ölkələriylə müqayisə aparam. Siz görürsünüz ki, hal-hazırda Donald Tramp Venesuela və Karib hövzəsində böyük müharibəni hansı ideallarla, hansı çağırışlarla aparır. Dövlətin bütün güc orqanları səfərbər olunub. Hətta ordu da bu prosesə qoşulub. O cümlədən, 150 il sonra təzədən Müdafiə Nazirliyinin adı dəyişdirilib “Müharibə Nazirliyi” qoyuldu. Bu, dünya işğalını həyata keçirmək üçün deyildi. Məhz öz yerləşdikləri qitədə bütün sərhədlərdən oraya axan min tonlarla narkotik maddələrin müxtəlif növlərini, prekursorları məhv etmək üçündür. KİV-lərdə yayılan kadrları yəqin izləmisiniz. Karib dənizi hövzəsində narkotik daşıyan gəmiləri PUA-larla vururlar.

Ona görə, sərhəd qüvvələrimizə, polis orqanlarına xüsusi təşəkkür düşür ki, bu prosesin ilk anında qarşısında möhkəm dayanırlar. Aşkarlanma və məhvlə bağlı necə addım atıldığını görürsünüz. Elə sərhəddə də göstərilir ki, nə qədər narkotik dövriyyədən çıxarılır. Düşünün ki, bunların hamısı qəbul olunsaydı, nə mənzərə yaranardı...

“Məxfi sənədlərdən görürük ki, ermənilər müxtəlif ərazilərdə narkotik maddələri yetişdirib, nə dərəcədə cəmiyyətmizə fərqli kanallarla daxil etmək istəyirlər...”

Bir daha söyləyirəm, insanlar boş istəkdən formalaşdırılan hansısa kriminallıq kultundan, kiməsə bənzəmək hissindən, bəzən narkotik ki, insanı real həyatdan uzaqlaşdırır və “gücünə güc qatır”, hansı ki, bu ani ekzotik gücdür, bu halda o, özünü Al-Kaponeyə bənzətmək üçün hansısa addım atır, özünü “vor-zakon” kimi apararaq arkotik vasitələri asan gəlir yeri kimi seçməklə ailələrin məhvində iştirak edirlər. Bu halda 40 min rəqəmi 80 min, 120 min yaxud da ki, 240 min olardısa, gəlin razılaşaq ki, artıq cəmiyyətin həyatının mühüm bir hissəsiylə bağlı dövlət üçün çox böyük bir ağır siqnala çevrilərdi. Min nəfər də çoxdur. Lakin bir daha söyləyirəm, biz savaşdan çıxmış ölkəyik və sərhədlərimizin mühüm bir hissəsini yalnız indi qazanmışıq. Qeyd etdiyiniz kimi, 27 sentyabrı həm də bu mənada Azərbaycanın sərhədləri uğrunda müharibə hesab edirik. Bütövlüyə orada qovuşmuşuq. Və o sərhədlər ki biz deyirdik - Zəngilandan Xankəndinə qədər müxtəlif ərazilərdə narkotik maddələrin yetişdirilməsi, dövriyyəsi və tranziti baş verirdi, biz beynəlxalq konvensiyalara, protokollara qoşulanda qeyd şərtlər edirdik ki, o ərazilərə cavabdehlik daşımırıq, çünki nəzarət etmək imkanımız yoxdur. İndi artıq bu təmin olunub, indi həmin dövriyyəyə də zərbə vurulub. Erməni vandallarının təcavüzkarlığı həm də insanlarımıza o xəttlə bu və ya digər formada zərbə vurmağı hədəfləyirdi. Biz indi onların məxfi sənədlərini görürük, Qarabağdakı saxta rejimin macal tapmaması fonunda onların məxfi qərarları dövlətin əindədir. Görürük ki, onlar müxtəlif ərazilərdə narkotik maddələri yetişdirib, nə dərəcədə cəmiyyətmizə fərqli kanallarla daxil etmək istəyirlər. Ona görə də biz dövlət, hakimiyyət orqanlarının fəaliyyətlərini yüksək qiymətləndirərək, bu proqrama o nəzərdən baxmalıyıq. Yəni 5 illik dövr üçün mühüm hədəflər qoyulub. Əminəm ki, sizinlə növbəti dəfə danışanda bu rəqəmlərdə köklü dəyişikliklərin olduğunu görəcəyik. Ən başlıcası, cavabdehliyi daşımaq, o proqramda vəzifələri həyata keçirmək, icra etmək çox önəmlidir. Mütləq mütəmadi monitorinqlər edilməlidir ki, işin icrası nə səviyyədədir. Və buna cavabdehlik daşıyan dövlət qurumları var. Ona görə də mən hesab edirəm ki, məhz zamanında, qələbə ayımızda elə o strategiya ilə, o məramla verilmiş gözəgörünməz düşmən olan narkotik ordulara, onların dairələrinə, narkobiznes üzərində özlərinə böyük biznes quran qüvvələrə zərbə vurmaq üçündür.

Təəssüf olsun ki, narkotik tranziti dövlət himayəli bir prosesdir. Bu termin beynəlxalq aləmdə işlənir. Bunlar ayrıca götürülümüş taksi sürücüsünün, ya qeyrisinin bizim əraziyə yeritmək istədiyi bir yad cism - təfriqə planı, təxribat siyasəti deyil. Bunun arxasında dayanan xüsusi qurumlar var. Ona görə də dövlət təhlükəsizlik orqanlarının rolunu xüsusi qiymətləndirirəm. Onlar bu məxfi məlumatları digər hakimiyyət orqanları, institutları ilə daim bölüşürlər. Onların böyük rolu var. Biz bunları Əfv Komissiyasında geniş və məxfi əsaslarla müzakirə edə bilirik. Və məhkəmə orqanlarının da bu məsələdə cavabdehlik yükü var. DİN həmişə bəyan edir ki, çoxunu aşkarladığımız zaman hansısa reabilitasiya tədbirləri mümkün olursa ona cəlb edirik. Yox, əgər burada cəzadan başqa bir siyasət işləmirsə, xoş məram göstərmək cəmiyyətə pislik etməyə səbəb ola bilər. Yəni bəzən o çağırışları da eşidirəm ki, deyirlər, yox, həbsxanalarda yer doludur, sıxlıq çoxdur, nə üçün biz bunları həbs edirik... Çox maraqlıdır ki, onlar özlərini penitensiar müəssisələrdə çox islah olunmuş, çox qanunpərəst aparırlar. Sanki islah olunublar. Halbuki sabah onları oğurluq cinayətləri, dələduzluq, kiməsə xəsarətlərlə müşayiət olunan qəsdlər, adam öldürməyə qədər əsaslı cinayətlərdə görürük. Ona görə də mən Dövlət Proqramını elə dediyiniz Qarabağdan sonra 2-ci müharibə hədəfimiz kimi qiymətləndirirəm. Əminəm ki, burada da qalib gələcəyik.

“Biz Vətən savaşını Ali Baş Komandanın rəhbərliyi altında, yəni dövlət, ordu, xalq birliyi ilə əldə etdik. Burada da bu triada, bu üçlük sisteminin rolu olmalıdır”

- Yəqin ki, mediada da qarşılaşırsınız, narkotiklə bağlı cinayətlərdə keçmiş məhkumların böyük payı var...

- Təssüflər olsun ki, bu faktlar mövcuddur. Onlar residivlər yaradırlar. Bu o deməkdir ki, özlərini islah edilibmiş kimi göstərdikləri halda nəticə çox fərqlidir. Bəzən bizə ailələr müraciət edir, gəlib çox acizanə xahişlər edirlər. Bir sıra hallarda şəhid ailələri, Vətən müharbəsi iştirakçılarından da müəyyən zəmanətlər alırlar. Onlar da üzərlərinə o öhdəlikləri götürürlər ki, filan şəxsin azad olunmasına dövlət qərar verərsə, gələcəkdə onların da bu şəxslər üzərində nəzarəti olacaq. Ancaq təəssüflər olsun ki, onlara göstərilən humanizm bir sıra hallarda əks-effekt verir. Bu rəqəm bizi ağrıtmalıdır ki, bu cür residivist əməl sahibləri var. Ona görə də cəmiyyət özü özünü qoruma prosesində iştirak etməlidir. Obrazlı söyləsək, biz Vətən savaşını Ali Baş Komandanın rəhbərliyi altında, yəni dövlət, ordu, xalq birliyi ilə əldə etdik. Burada da bu triada, bu üçlük sisteminin rolu olmalıdır. Fərq etməz ki, burada silahla savaşmırsan. Ancaq yenə də burada hüquq-mühafizə orqanları iştirak edirsə, demək, bu ordumuzun, silahlı qüvvələrin bir parçasıdır. Cəmiyyət özü onun fərqində olmalıdır ki, burada “ən böyük uğura imza atanlar”ın, böyük gəlir əldə edənlərin son aqibəti çox acınacaqlı olur. Çünki bu bəd əməl minlərlə, onminlərlə ailənin həyatını məhv edirsə, bunu dinimiz də pisləyir, lənətləyir. Yeri gəlmişkən, burada elə bizim ruhaniyyət sistemimiz, məscidlərimiz, inanc yerlərimiz, din xadimlərimiz rol oynamalıdırlar. Onlar cəmiyyətin həyatına təsir edə bilirlər. Elə şəhid ailələrinin özündən çağırışlar çox böyük fayda verər. Həyatını millət, torpaq üçün vermiş insanların sözünün təsir gücü o adamlar üçün artıq olmalıdır. Nədir onun mahiyyəti - kimsə ani həzz üçün özünü məhv edirsə, sonra onu 2-ciyə də ötürürsə, onu yoluxdurursa, bu narkotik pandemiyasıdır. Nə qədər ki, ona təslim olursan, məğlub olursan. Fərq etməz ki, düşmənin gülləsindən həyatını itirəsən, burada fərq odur ki, müdafiədə alın açıqlığı ilə, ləyaqətlə iştirak edəsən, ancaq narkotik maddənin gülləsindən həyatını itirəsən. Bu, daha acıdır, aclnacaqlıdır. O adamlar millətin genefondundan çıxır. İndi həmin 40 min insanı 4-ə vurduqda, deməli, 160 min insan qayğı içindədir: pulu necə tapacaq, kim onu müalicə edəcək, o adla necə çıxacaq cəmiyyət içinə? Ancaq görürsünüz, paralel olaraq mediada hansısa qüvvələr bu prosesi təşviq edirlər. O üzdən süni intellekt proqramı çox tez analzilər apara və ən yaxşı yardımçı ola bilirlər.

Ötəndəfəki çıxışımda biz müxtəlif ölkələrin praktikasını göstərdik. Hansı ki, sənədin əsas hissəsində də beynəlxalq təcrübənin öyrənilməsi xüsusi vurğulanır. Və hüquq sisteminin təkmilləşməsi, texnoloji sistem, avadanlıqlar - bunlar gerçəkdən də çox önəmlidir. Vacibdir ki, biz nəticə əldə edək. Nəhayət, kimsə məninə bəraət qazandırmaq üçün ki ya vəziyyəti onu tələb edirdi, ya digər səbəblər, onu heç vaxt alqışlamaq olmaz. Xüsusilə də bir şəxsin, müharibə iştirakçısı olmasına rəğmən, o adı daşıyır, bəzən kimsə əsas gətirir ki, bəli, onun ağrıları, acıları, kontuziyası vardı və s. hesab edirəm ki, bütün əlamətlərinə görə Vətən müharibəsində, qələbəmizdə iştirak edən ordumuz ən sağlam, ən nümunəvi qüvvədir. Biz bunu qabartmalıyıq. Yoxsa bir adamın əməlini götürüb onlara şamil edib, düşmən dairələrin əməllərinə rəvac verməklə cəmyyətdə sosial qütbləşməni artırmaq olmaz. Və nəhayət, bəraət yoxdur, haqq qazandırılma yoxdur. Burada heç bir arqument keçərli ola bilməz.        

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az