“Bu, millətimizin sağlamlığına, gələcəyinə xidmət edən bir qərardır” – MİLLƏT VƏKİLİ YENİ QƏBUL OLUNAN DÖVLƏT PROQRAMI HAQDA

Zahid Oruc: “Azərbaycan dövləti narkotik maddələrə qarşı müharibə elan edib”

“Qələbədən sonra narkomanlığa qarşı mübarizənin təşkili hökumət orqanları, hakimiyyət institutları, cəmiyyətimiz, məktəblər, xəstəxanalarımızın qarşısında dayanan ən mühüm vəzifədir”

Ötən həftə Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üzrə Dövlət Proqamı qəbul olundu. Əlbəttə, son 5 ildə aparılan işlərin ardınca, daha əhatəli yol xəritəsi gündəmdə idi. Üstəlik, əvvəlkindən fərqli olaraq, yeni proqram cəmiyyətin daha geniş sferasını əhatə edir. Bu, özü-özlüyündə dövlətin diqqətində olan problemə baxış bucağını ortaya qoyması cəhətdən təqdir olunası faktdır. Bəs, bu proqram gələcək 5 illik üçün nə vəd edir? Bu və digər suallara millət vəkili Zahid Orucla müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Azərbaycanda Prezidentin sərəncamı ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2025-2030-cü illər üzrə Dövlət Proqramı qəbul olundu. İlk olaraq bu proqramla bağlı fikrinizi bilmək istərdik...

- Milli Məclisin İnsan Hüquqları Komitəsi, o cümlədən Sosial Tədqiqatlar Mərkəzinin təmsilçiləri olaraq, cənab Prezidentin imzası ilə qəbul edilən Dövlət Proqramını Azərbaycanın yaxın 5 illik dövrü üçün ən mühüm strateji qərarlardan biri kimi dəyərləndiririk. Bu, bir sözlə ifadə olunsa, millətimizin sağlamlığına, gələcəyinə, qələbəmizi uğurlu bir şəkildə yaşamağımıza, möhkəmləndirməyə, böyük qayıdışa, azad torpaqlarda sağlam ailələrin quruculuğuna, bütün sərhədlərimizin möhkəmləndirilməsinə, ordumuzun gücünün artırılmasına xidmət edən bir qərardır. Nə üçün biz buna belə strateji məna veririk? Ona görə ki, sənədin preambula hissəsində qeyd olunduğu kimi, ölkə rəhbərinin dəfələrlə çıxşlarında ifadə etdiyi “mənim dövrümdə yetişən gənclik Qarabağı azad etdi, hər kəsin zəhmətinə, fədakarlığına, igidliyinə ehtiramla yanaşırıq, lakin bu savaşan qüvvələrin içində gənclik ön cəbhədəydi”, - sözü o anlama gəlir ki, prosesə təkcə qiymət verməklə yekunlaşmır. 70 mindən artıq Azərbaycan gəncinin hərbi sistemdə mükafatlandırılması, ordenlərlə, medallarla təltif edilməsi ilə yanaşı, onların gələcəyini təmin etməlisən, qurmalısan. Hesab edirik ki, bu anlamda narkotik maddələrin, onların törmələrinin, o cümlədən narkomanlığa qarşı mübarizənin təşkili qələbədən sonra hökumət orqanları, hakimiyyət institutları, cəmiyyətimiz, məktəblər, xəstəxanalarımızın qarşısında dayanan ən mühüm vəzifədir.

“Dövlət Proqramının ali məramının “sağlam gənclik” olduğu xüsusi qeyd olunur”

Sənədi qiymətləndirməyə gəldikdə isə, biz bir neçə mühüm məqamı mütləq qeyd etməliyik. Bir daha söyləyim ki, Dövlət Proqramının ali məramının “sağlam gənclik” olduğu xüsusi qeyd olunur və bundan ötrü 50-dən artıq xüsusi adlı öhdəlik, vəzifələr müəyyənləşdirilir. Prosesə, ötən dövr ərzində keçilən yola qiymət verilir. Bu, müəyyən mənada həm də hesabat xarakterlidir. Digər tərəfdən, o təhlillərin üzərindən gələcək hədəflərin müəyyənləşməsinə keçid baş verir. Burada bir neçə məqamı sizinlə bölüşmək istəyirəm.

İlk növbədə, İT, süni intellektin idarəetmə sisteminə daxil olması fonunda indi narkotik maddələrin əldə olunması, saxlanılması, qanunsuz dövriyyəsinin aşkarlanması imkanları qat-qat artıb. Digər tərəfdən, onun həm də satışı, yayılması imkanları da güclənib. Bu da başadüşüləndir. Çünki, qeyd etdiyimiz kimi, bu kommunikasiyalar dronlarla ölkə ərazisinə atılan narkotik maddələrdən tutmuş, hansı ki, o dronlarla biz qalibiyyət əldə etmişdik və bu gün dünyanın hər yerində savaşlarda ən mühüm strateji silahlara çevrilib, əfsuslar olsun ki, narkotik maddələrin yayılmasında, bir ölkədən digərinə keçməsində onlardan istifadə baş verir. O cümlədən xüsusi olaraq, informasiya platformalarında anonim, yaxud bəzən açıq adlarla narkotik maddələrin onlarla növü özünə dövriyyə qazanır, yayılma arealı tapır. Və biz buradan çıxarış edərək deyirik ki, hara qədər, hansı coğrafiya, hansı yaş qruplarına qədər bu genişlənmiş olur...

- Belə anlaşılır ki, sənədin ən başlıca məziyyəti artıq informasiya texnologiyalarını öndə qeyd etməsidir….

- Bəli. Belə deyək, polis orqanlarının apardığı tədbirlərə rəğmən, burada cəmiyyətin məsuliyyəti, məktəbin, bağçaların, ailənin məsuliyyəti sənəddə əksini tapıb. Mən Əfv Komissiyasında təmsil olunduğum üçün parlament üzvləri kimi Daxili İşlər orqanlarının bu sahədəki çox peşəkar fəaliyyətini, çox sistemli çalışmalarını qeyd edə bilərəm. Açıq demək lazımdır ki, narkotik maddələrə qarşı Azərbaycan dövləti müharibə elan etmişdir. Və müxtəlif ərazilərdə, yerlərdə bəzən qeyri-rəsmi son dərəcə böhtan xarakterli söhbətləri eşidəndə bunu elə həmin narkomanlığın yayılmasının tərəfdarlarının ideologiyası kimi qəbul edirəm. Onlar polis orqanlarını, digər dövlət institutlarını maraqlı tərəf kimi göstərmək, onları bura qatmaq istəməklə və yaxud da sanki bu, məqsədli şəkildə baş verir ki, kimsə orada qazansın, Azərbaycan gəncliyinə qarşı mənfi əməliyyatlarda dövlət, hökumət nümayəndələri də guya iştirak etsin kimi təəssürat yaratmağa çalışırlar.

Təbii, fərdlərin məsuliyyəti hər zaman olacaq, bu ayrı mövzudur. Lakin sistem olaraq dövlətin hakimiyyət institutlarının sırasında Daxili İşlər orqanlarının ayrıca peşəkarlığını və yerini qeyd edə bilərəm. Və o komissiyanın müzakirələrində biz dəfələrlə görürük ki, həqiqətən də dediyimiz kommunikasiya inqilabına rəğmən, cinayətlərin aşkarlanması üçün resurslar kifayət qədər çox gedir. Bu, zaman və DİN-nin gücünü ən çox istifadə edən məsələlər sırasındadır. Ona görə də əməliyyat axtarış tədbirləri ilə yanaşı, burada (proqramda) qoyulan mühüm vəzifələr “ilkin aşkarlanma, tədbirlərin birinci mərhələdə görülməsi” adı ilə ifadə olunub. Buna görə, qurumların üzərinə araşdırmaların aparılması, risk qrupları ilə bağlı mütəmadi monitorinqlər və s. qoyulub.

Mən istəyərdim ki, indiki halda məhz narkoloji xidmət müəssisələri ilə bağlı məsələyə də toxunaq. Sizə bəllidir ki, bu yetərincə azlıq təşkil edir. Həm ölkənin coğrafiyası üzrə narkoloji müəsisələrin paylanma əmsalı çox ağır vəziyyətdədir və bölgələrdə narkomanlığa qurşanan, yaxud da onun dövriyyəsində iştirak edən şəxslərin islah edilməsi, ya özü artıq istifadəçidirsə, mütləq paytaxta gətirilməli olur… Burada onun zərərli vərdişdən daşınması, xüsisilə də cinayətlərə yuvarlanırsa, istifadəçi özündə alışqanlığı yaradıbsa ki, artıq narkotikin vaxtı gəlir və mütləq onu əldə etməlidir, o halda istənilən cinayəti törətməyə qadirdir. DİN hər zaman qeyd edir ki, bu cinayətlərin içərisində narkotik əsaslı cinayətləri ayrıca tədqiq edirik. Bu, çox önəmli bir məsələdir.

Ona görə də, istəyirəm, sənədin, faktoloji rəqəmləri üzərindən problemin miqyasına baxaq: 47863 rəqəmi narkotik əsaslı cinayətlərin rəqəmli fiksasiyasıdır. Onlardan 16 mindən çoxu satışla bağlıdır. Bu kifayət qədər böyük rəqəmdir. 29 min narkotiki özündə saxlama ilə əlaqədardır. Müsadirə olunan narkotikin 12 tonu heroindir. Bu kifayət qədər ağır və təhlükəli maddədir. Heroin Azərbaycanın daxili coğrafiyasında, torpaqlarında yetişmir, xaricdən gətirlir. Və çox maraqlıdır ki, sərhədlərin bağlı olduğu şəraitdə bunun baş verməsi ayrıca qayğı yaradır ki, sərhədlər açıq olarsa, bu rəqəmlər qat-qat artacaq.  

“Təəssüflər olsun, narkotik cəmiyyətimizin həyatına çox nüfuz edib

Düşünürəm ki, 39 mindən artıq insanın son 5 il ərzində bu maddə ilə - narkotiklə əlaqədar -  qəbulu və dövriyyəsi ilə bağlı saxlanması – onların da içində 37 mindən artıq kişi cinsinə mənsub olan şəxslərin, mindən artıq qadının olması o deməkdir ki, təəssüflər olsun, cəmiyyətimizin həyatına çox nüfuz edib. Əhalinin yüz min nəfərinə düşən narkotik istifadəçiləri ilə bağlı statistikalar var. Bu, bizi narahat etməlidir. Kifayət qədər böyük rəqəmdir. Ona görə də, bax, həmin rəqəmlərə əsasən 40 mindən artıq şəxsin narkodispanserlərdə qeydiyyatda olmasını nəzərə alsaq, bu, həqiqətən də cəmiyyətin yaşca gənc hissəsini əhatə edən kifayət qədər insanlar, onların ailə həyatları, onlar cəzaya məruz qaldıqda gəlir yerlərinin itirilməsi, cəzaçəkmə müəssisələri üçün yaranan basqılar deməkdir.

“Narkotikin xüsusilə İrandan gəldiyini açıq söyləmək lazımdır”

Ötən dəfə də sizinlə söhbətdə onun üzərində dayanmışdıq ki, cəzaçəkmə müəssisələrində mövcud olan məhkum edilmiş şəxslərin 34-35%-i məhz narkotik əsaslı cinayətlərlə bağlıdır. Hansı ki, həmin 234-cü maddənin bir neçə növü ilə məsuliyyətə cəlb olunublar. Bəzən qeyd olunur ki, narkotiklər məktəbə də yol tapır, insanları öz tələsinə salır, risk qrupuna daxil olan ailələri belələri daha tez görür, onları “ağ ölüm”ə düçar edir, həyatlarını məhv edir. Narkotikin xüsusilə İrandan gəldiyini qeyd etmək, bunu açıq söyləmək lazımdır. Bu, az qala dövlət siyasəti kimi həyata keçirilir. Silahlı savaşdan sonra elə bil onun davamı, hibrid savaşın bir elementi olaraq millətimizin əleyhinə iş aparılır. Uzun illərdir ki, bu əcnəbi şəxslər məsuliyyətə cəlb olunanların sırasında xüsusi paya malikdir. Azərbaycan dövləti onları əfv etməkdə həmişə bir gözləmə mövqeyi seçir, baxmayaraq ki, həbsxanada olanda onlar bizim üçün “xüsusilə külli miqdarda yaranan yük” deməkdir. Çünki bir məhbusun illik xərci 7500 manatdan artıqdır. Ancaq onları həbsxanadan azad etdikdə sabah yenidən fəaliyyətlərini davam etdirirlər. Və İran kimi bir ölkədə satışla məşğul olanlar ölüm hökmünə məruz qoyulduqları halda, sanki onların mükafatlandırılması fonunda Azərbaycana qarşı fəaliyyətə keçirlər. Biz məcburən qeyd etməliyik ki, bu yöndə tədbirlərin sərtləşdirilməsi çox önəmli məsələdir.

Yekun olaraq deyim ki, sənədin ən mühüm məqamı illik hesabatların hazırlanacağı və müvafiq olaraq bununla bağlı Nazirlər Kabinetinin yanında yaradılan Komissiyada onların rəsmi saytında dərc olunacağı ilə bağlı mühüm müddəanın əksini tapmasıdır. Hesabatlar çox önəmidir. Addımlar müxtəlif qurumların hesabatları əsasında formalaşacaq. Yalnız, bir daha söyləyirəm ki, bu DİN və məhkəmə orqanları tərəfindən veriləcək qərarlar deyil. Bayaq mən Penitensiar sistemdən danışdım. Bəzən deyirlər ki, bəlkə onları cəzaçəkmə müəssisələrinə deyil, ancaq müalicə yerlərinə göndərək, statsitika azalacaq və s. Bu, o qədər də asan məsələ deyil. Təəssüflər olsun ki, hansısa dövlət orqanında çalışan şəxslərdən də bu dəhşətli bəlaya düçar olan insanlar olub. Yəni onların sosial strukturuna, sosial mənşəyinə, tərkibinə, sosial tablosuna baxdığımızda görürük ki, rəngarəngdir.

“Bu, millətimizin sağlamlığına, gələcəyinə, qələbəmizi uğurlu bir şəkildə yaşamağımıza, möhkəmləndirməyə, böyük qayıdışa, azad torpaqlarda sağlam ailələrin quruculuğuna, bütün sərhədlərimizin möhkəmləndirilməsinə, ordumuzun gücünün artırılmasına xidmət edən bir qərardır”

O cümlədən, bunun coğrafiyasının müəyyənləşdirilməsi məsələsi də sənəddə əksini tapıb. Bu çox mütərəqqidir, alqışlayırıq. Həqiqətən də bəzən Azərbaycan üzrə ümumiləşdirilir, amma bir sıra hallarda bəzən cənub zonasının şimaldan fərqli olaraq daha çox narkotrafikin yolları üzərində yerləşməsinə rəğmən, oranın hədəf kimi seçildiyi söylənilir. Sənəddə ümumiyyətlə beynəlxalq proseslərin diaqnostikası aparılıb və qeyd olunub ki, dünya miqyasında narkotik vasitələrin istifadəsi 11 faiz artıb, tranziti genişlənib. Özü də hamımıza yaxşı bəllidir ki, Əfqanıstan uğrunda gedən müharibə həm də heroin və narkotik maddələr uğrunda savaşdır, çünki Avropanın xəstəxanalarının narkoz ehtiyacının 70-80%-ni Əfqanıstanın plantasiyaları qarşılayır. Təəssüflər olsun ki, o ölkənin həyatına vurulan zərbələr sırasında narkotik əkini onların büdcə gəlirlərinin bir hissəsinə çevrilib. Bu yetişdirilir və ölkə sadəcə dünyanın plantasiyasına çevrilir. Onun da keçdiyi yollar sırasında təəssüflər olsun ki, Qafqazlar da var, Azərbaycanı da həmişə hədəf seçiblər. Xatırlayırsınızsa, bir dəfə əməliyyatda 40 tondan artıq heroin aşkarlanmışdı. Ona görə, sənəddə qeyd olunan məsələlər –coğrafiyalar, ayrı-ayrı ərazilər üzrə fərqləri görmək, əsas mənbələri tapmaq, risk qruplarını müəyyənləşdirmək, medianın dəstəyini almaq, yeni xəstəxanaların quruculuğu ilə bağlı addımlar atmaq - bütün bunlar sənədin mükəmməlliyindən xəbər verir. Əminəm ki, orada müddəalar üzrə qurumların üzərinə qoyulan vəzifələr mütəmadi olaraq prosesdə bir hərəkətlənməyə, dinamizmə səbəb olacaq, işin koordinasiyasını gücləndirəcək.

Təmsil etdiyimiz mərkəzin üzərinə də orada xüsusi bir vəzifə qoyulub- araşdırmaların, xüsusi tədqiqatların aparılması. Biz bu istiqamətdə həqiqətən də cəmiyyətin müxtəlif təbəqələrinə ünvanlanmış işlər aparacağıq. Yəni burada önəmli məsələ nədir - bir qonşu başqasının bu bəlaya qurşandığını gördükdə biganə qalmasın. Düşünməsin ki, bunu xəbər verəndə zərbə vurur. Tam əksinə, bəlkə elə onun xilası onu məlumatlandırmaqdadır. Ona görə də araşdırmalar vasitəsilə də üzərimizə düşən işi yerinə yetirməyə çalışacağıq.

Bir daha deyirəm ki, sağlam millət quruculuğunun, xalqımızın təhlükəsizliyinin ayrılmaz parçası olan Dövlət Proqramı statusuna, əhəmiyyətinə görə bütün digər qərarlardan xüsusi fərqlənir. Əminəm ki, artıq parlament iclasları başlayanda millət vəkillərinin də üzərinə düşən vəzifələr sırasında biz də çağırışlar edəcəyik. Biz insan hüquqları üzrə müvəkkilin illik məlumatını dinləyərkən narkoloqların azlığı məsələsinə yer vermişdik. Dövlət Proqramında o məqamlar da özünə yer tapıb. Həqiqətən də peşəkar mütəxəssislərin hazırlanması lazımdır. İş yalnız reabilitasiya mərkəzləri açmaqla bitmir, bəs peşəkar kadrlar haradan formalaşacaq?

(Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az