“Rusiyaya “Mefedron” (Mephedrone) xammalı Çindən gətirilir və böyük həcmli qanuni yüklərin arasında gizlədilir”.
Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, məxfilik tədbirlərinə baxmayaraq, Rusiyada hər üç gündən bir “Mefedron” laboratoriyaları bağlanır. “Təkcə 2024-cü ildə 138-dən çox belə laboratoriya dağıdılıb”, - qeyd edən BBC Rusiyada “Mefedron”un yayılma arealı barədə araşdırma aparıb:
“Burada söhbətə başlamadan bir haşiyə çıxaraq qeyd etmək yerinə düşər ki, ABŞ hökuməti dayanmadan bəzi Çin fabriklərinin mütəşəkkil cinayətkarlığın nəzarətində olduğunu və müntəzəm olaraq Amerika bazarını sintetik opiat olan “Fentanil”in prekursorları ilə təmin etdiyini səsləndirir. 2022-ci ildə ABŞ-da “Fentanil” istifadəsi nəticəsində 73 654 nəfər ölüb ki, bu saatda səkkiz nəfər edir”.
“Reuters” bu açıqlamanı irəli sürüb ki, Meksika kartelləri ilə işləyən Çin fabrikləri “Fentanil”in xammalını təmin etmək üçün aşağıdakı sxemi işləyib hazırlayıblar: tərkibində kimyəvi maddələr olan paketlər Çindən gələn böyük miqdarda qanuni istehsal olunan kimyəvi tədarükün arasında gizlənir. BBC isə prekursorların sintezi və təchizatının müzakirə edildiyi topdansatış narkotik satıcılarının qapalı söhbət otağına giriş əldə edib və altı aydan çox narkotacirlərin söhbətlərini izləyib. İzləmənin gedişatında narkotik tədarükçüləri bir-birlərini bayramlarda (Pasxa və "Vətən Pickler Günü") təbrik edirmişlər, etibarsız kimyəvi maddə təchizatçıları və işçi çatışmazlığını və vaxtaşırı prekursor təchizatını müzakirə ediblər. Yazışmalardan belə nəticə çıxıb ki, prekursorların çatdırılması üçün "standart marşrut" Çindən Qazaxıstanadır. ““Boz” gömrük rəsmiləşdirilməsi sərhəd yoxlamalarının qarşısını almağa kömək edir”, - BBC yazır.
Bəs, “boz gömrük rəsmiləşdirməsi” nə deməkdir? Yəni, telefon qutuları, çexolları, idman ayaqqabıları və prekursorlardan ibarət çəllək daşıyan yük maşını gömrüyə gələndə, gömrük işçiləri, məsələn, ofis ləvazimatları və ya tikinti materiallarının göndərilməsini görürlər. Yəni qeyri-qanuni narkotik prekursorları qanuni yüklərin içində, arasında gizlədilir, kamuflyaj edilir.
Marşrutu və çatdırılma üsulunu yoxlamaq üçün özünü alıcı kimi təqdim edən BBC “Fentanil” prekursorlarını satan bir neçə Çin fabrikləri ilə, xüsusilə də “Amarvel Bio” fabriki ilə əlaqə saxlayır. Maraqlıdır ki, “Amarvel Bio” fabrikinin nümayəndələri 2023-cü ildə Ficidə həbs edilmişdi, çirkli pulların yuyulması və “Fentanil” prekursorlarının qaçaqmalçılığı ittihamı ilə ABŞ-a ekstradisiya edilmişdi. Bu hadisədən qısa müddət sonra fabrik nümayəndələri israrla “Mefedron” prekursorları təklif etməyə və Rusiyadakı alıcılara ünvanlı xidmətlərini reklam etməyə başlamışdılar.
BBC müxbirinin bu fabriklə müştəri qismində apardığı söhbətdə fabrik nümayəndələri jurnalisti çatdırılmanın təhlükəsiz olacağına inandırırlar. Onların sözlərinə görə, artıq Rusiyadakı müştəriyə göndərilən yükün izləmə nömrəsini - kodunu göndəriblər. Bu yük Qazaxıstandan da keçib.

Digər fabriklər də BBC müxbirinə öz göndərişləri üçün izləmə nömrələri göndəriblər və bu çatdırılmalar da Qazaxıstan vasitəsilə həyata keçirilib. Hətta “Amarvel Bio” fabrikinin nümayəndələri BBC müxbirinə yükün götürüləcəyinin gözləndiyi anbarın fotoşəkilini göndəriblər. Fotoda qabağında sarı lentə bükülmüş qutular olan sarı qoşqu göstərilir.
BBC bu fotoşəkili 2023-cü ilin oktyabr ayına qədər geolokasiya edə bilib və məlum olub ki, treyler Moskvanın "Yujnye vorota" (Cənub qapısı) bazarının ərazisində yerləşir.
Materialda qeyd olunur ki, 2024-cü ilin yanvarında narkotik alverçiləri arasında qapalı çatda "Cənub Qapısı"ndan bəhs edilib. Narahatlığın səbəbi bu olub ki, çat iştirakçıları kuryerlərin prekursorları götürməyə gələndə tez-tez həbs olunduğunu deyiblər. Narkotacirlərin Çindən malların çatdırılması ilə bağlı söhbətlərdə “Cənub qapısı” “boz gömrük rəsmiləşdirilməsi mərkəzi” adlandırılıb. Bura Çin və Qazaxıstandan mallar axır və onların arasında prekursor boçkaları asanlıqla “itə bilər”.
Ekspertlər təsdiq edir ki, bu cür bazarlar narkotik istehsalçıları və tədarükçüləri tərəfindən geniş istifadə oluna bilər.
Ən maraqlısı isə odur ki, “Cənub qapısı” bazarının ortaqlarından biri kimi Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkinin adı çəkilir. “Baza” nəşri də bu bazarın Çindən gələn prekursorların son təyinat nöqtəsi olduğunu qeyd edir.

“Yujnıye vorota” bazarının rəhbərliyi BBC-nin sorğusuna cavab verməyib. Əslində, "Yujnıye Vorota" narkotik satıcılarının da işinə yarayır, çünki narkotacir bir barel prekursoru aldıqdan sonra, aşpaz və ya kuryer onu tez bir zamanda götürə bilməsi üçün meşədə bir yerdə, lakin magistral yolun yaxınlığında basdırmalı, yəni gizlətməlidir. Onu qazıb çıxartmaq da bir həngamədir. Bu baxımdan, qaçaqmalçılıq yoluyla gəlməkdənsə, qeyri-qanuni narkotik və prekursorlarının bazarlarda qanuni yüklərin arasında gizlədilərək çatdırılması daha optimal variantdır.
Hazırladı: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az