Bakı, Gəncə, Abşeron, Xaçmaz və İsmayıllıda "YAŞIL TERROR" - Təbiətə 90 760 manat ziyan dəyib

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərlərində, Abşeron, Xaçmaz və İsmayıllı rayonları ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Stopnarkotik.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Vüsal Məhərrəmov küçəsində, Gəncə şəhəri Gülüstan qəsəbəsi Bülbül küçəsində, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində, Quba rayonu Təngəaltı, Xaçmaz rayonu Çaykənarı və İsmayıllı rayonu Zərnava kəndlərinin ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 90 760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.