200 kiloqram heroin Azərbaycanın gömrük məntəqələrini necə keçib? – ÖLKƏMİZDƏ NARKOTİK TRANZİTİNİ HANSI MƏMURLAR HİMAYƏ EDİR?

Narkomaniyanı ayaqda saxlayan, onu qarşısıalınmaz bəlaya, “insanlıq əleyhinə müharbə”yə çevirən sərhədləri keçib alıcısına çatmasıdır. Baxmayaraq ki, hüquq-mühafizə orqanları ölkə daxilində vəziyyəti nəzarətdə saxlamağa çalışır, amma narkoticarət şəbəkəsi hədəflərini reallaşdırmaqdan vaz keçmir, hər vəchlə “ölüm ticarəti”ni ayaqda saxlayır.

Dediyimiz kimi, narkoticarətin əsas zəncirvari halqalarından biri narkotikin tədarük olunmasıdır. Və narkoşəbəkə bu tədarükü min cür fəndgirlik və məharətlə elə reallaşdırır ki, müsadirə olunan narkotik alıcısına çatan narkotikin təqribən 16 faizini təşkil edir. Hansı ki, bu haqda Stopnarkotik.az saytında dəfələrlə məqalələr dərc etmişik.

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də günorta radələrində Gürcüstanda böyük həcmli narkotik qaçaqmalçılığı faktı aşkarlandı. Narkotik yükünü 200 kiloqram heroin təşkil edib və faktla bağlı saxlanılan şəxs İran vətəndaşı olub. Nə qədər ironik də olsa qeyd etməliyik ki, xüsusilə də son 5 ildə - 44 günlük Qarabağ savaşından sonra ölkəmizdə narkotik qaçaqmalçılığı, qeyri-qanuni daşınması insidentlərinin yanında İran vətəndaşının adının çəkilməsinə artıq öyrəşmişik. Məsələnin maraqlı nüansı narkotik daşıyan yük avtomobilinin Azərbaycanı “gəzib-dolaşandan” sonra Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində tutulmasıdır. Yəni yük “Qırmızı Körpü”nün Azərbaycan hissəsini ötüb keçəndən sonra Gürcüstan ərazisində saxlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, qara bazarda dəyəri 50 milyon dollardan çox olan heroin balıq yemi daşıyan yük maşınında gizlədilib. Polis tərəfindən aparılan yoxlama zamanı avtomobilin qoşqusundan 8 çanta heroin götürülüb.

**

Hazırda Gürcüstan tərəfinin hüquq-mühafizə orqanları heroinin son təyinat məntəqəsini və bu cinayətdə iştirak edən digər şəxsləri müəyyənləşdirir. Gürcüstan qanunvericiliyinə əsasən, bu cinayətə görə 20 ilədək həbs və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Görəsən, bu fakt hansı məqamları üzə çıxaracaq? Məsələn, iranlı narkotədarükçünün yolunun Gürcüstana keçənə qədər niyə kəsilməməsi sualı araşdırılacaqmı? Yük avtomobilinin hansı yoxlama məntəqələrindən keçdiyi və həmin məntəqələrdə mənzil başına çatmasına mane olmayan “humanist vəzifəlilər”in kimliyi sualı qoyulacaqmı?

Amma Gürcüstan hüquq-mühafizə orqanlarının açıqlamasından görünür ki, onlar heroin yükünün son təyinat nöqtəsini və bu cinayətdə iştirak edən –başqa sözlə ora çatmaqda qatıqısı olacaq - digər şəxsləri müəyyənləşdirəcək. Yəni söhbət Gürcüstanın daxilindən gedir.

Elə isə Azərbacan əraizisində bu narkotik qaçaqmalçılığında əlbir olan şəxsləri müəyyənləşdirmək Azərbaycan tərəfinin boynuna düşür. Hərçənd, hadisəyə nəzər saldıqda heroin yüklü avtomobilin Azərbaycan boyu keçid-nəzarət məntəqələrini problemsiz, “sorğu-sualsız”, maneəsiz keçərək Gürcüstana keçməsi cinayət iştirakçılarının ədalətli şəkildə üzə çıxarılacağını sual altına qoyur.  

Narkotikin rahatca Azərbaycan ərazisini gəzdikdən sonra Gürcüstanda tutulması onu deməyə əsas verir ki, sərhədin qorunmasına (DSX), ölkəyə təhlükəli yüklərin daxil olmasınını qarşısının alınmasına (Gömrük), təhlükəli yüklərin ölkə ərazisi daxilində hərəkətinin qarşısının alınmasına (DİN) cavabdeh qurumlar vəzifələrinin öhdəsindən gəlməkdə çətinlik çəkirlər, onu doğrultmurlar.

Təhlil qabiliyyətini işə salaraq, belə bir versiya irəli sürmək olar ki, narkotik yükü sərhəddən maneəsiz keçib. Halbuki, hər bir yük maşını, gömrükçülərin dili ilə desək “skaner”dən (“rentgen”) keçir. Üstəlik, bunun üçün xüsusi təlim keçmiş itlərdən də istifadə olunur. Bu məqsdələ Avropa ölkələrindən və ABŞ-dan baha qiymətə cins itlərin alındığı da zaman-zaman mətbuatda yer alır. Maraqlıdır, bütün bunlar olduğu halda 8 çantaya doldurulmuş 200 kq heroin gömrükdən necə keçib?

Üstəlik, sərhədi keçəndən sonra ölkə daxilində sərbəst, əlini-qolunu yelləyərək təyinat nöqtəsinə çatmasına səlahiyyətli şəxslərin “mane olmaması” da onların vəzifə məsuliyyətinə dırnaqarası yanaşmalarını ortaya çıxarır.

Əlbəttə, burada daha bir versiya da hansısa imtiyazlı əlin “toxunuşu”dur. Amma əsas nüans lazım gəldiyi hallarda İrandan ölkəmizə quş uçurmayan hüquq-mühafizə orqanlarının diqqətindən heroin yükli avtomobilin “yayınmasıdır”. Hansı ki, bu yük İran-Azərbaycan sərhədindən başlayaraq, Azərbaycan-Gürcüstan sərhədini çıxanadək maneəsiz “hərəkət edib”. Axı, 200 klioqram heroin iynə deyil ki, iranlı onu “samanlıqda gizlədə bilsin…”.

Hətta o da mümkündür ki, narkoyük daşıyan iranlı onsuz da Azərbaycan ərazisindən keçəcəyini nəzərə alaraq, heroinin hamısını Gürcüstana aparmayıb, “mal”ın Azərbaycandakı “kuratorlar”a çatacaq hissəsini də hansısa nöqtələrə “çatdırıb”, “Qrımızı Körpü”dən yalnız 200 klioqramı keçirib. Ələlxüsus da, əgər İran ölkəmizə daşıdığı narkotiki bizə qarşı “narkomüharibə” çərçivəsində silah kimi istifadə edirsə…

İndi bu məsələdə ölkəmizdəki cavabdeh, aidiyyəti qurumların işi axsayırsa, bu vəzifəni kimə həvalə edək - gürcü əməliyyatçılarına?

Yeni variant kimi bir çıxış yolu təklif edilə bilər - sərhədlərin qorunması və ölkə ərazisinə keçirilən yüklərə nəzarət işini əks-kəşfiyyat tipli qurum təsis edib, ona həvalə etmək olar, ən azı vəziyyət tam nəzarətə alınana qədər. Bu qurumun heyətinə isə xüsusi təyinatlı hərbçi qrupunu daxil etmək olar. Ardınca isə narkotikin aşkarlanması, qara bazarın çökdürülməsi, vəzifəsindən, hansı mövqedə yerləşməsindən asılı olmayaraq narkoticarəti himayə edən şəxsləri üzə çıxarmaq, narkotik əməliyyatlarını keçirmək üçün birbaşa ölkə başçısına tabe olan xüsusi misisyalı əks-kəşfiyyat qurumu təsis etmək bir variant ola bilər.

Yoxsa, belə getsə, ölkə daxilinə istənilən təhlükəli yük “əlini-qolunu yelləyərək”, ayaq açacaq.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az

P.S. Mövzunu davam etdirəcəyik. Aidiyyəti qurumların da mövqeyini dərc etməyə çalışacağıq.