Həsən Əliyev: “Narkomaniyanın yayılmasının birinci səbəbi məlumatsızlıqdır”
“Kriminala meylli, “arxa parta uşaqları” arasında maarifləndirmə işlərinə daha çox üstünlük verilməlidir”
“Valideyn hər bir halda uşağını nəzarətdə saxlamalıdır”
Ötən ay Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edildi. Proqramda Ailə, Qadın və Uşaq Probleməri üzrə Dövlət Komitəsinin üzərinə də müəyyən öhdəliklər qoyulur. Bunlar “Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 8.4.7-ci bəndində - narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılması – kimi əksini tapır. Yəni bu bənd birbaşa ailələrlə və uşaqlarla müxtəlif müstəvilərdə işin aparılmasını nəzərdə tutur. Bu baxımdan, məsələnin uşaqlara aid qismi haqda Ailə, Qadın və Uşaq Probleməri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Həsən Əliyevlə söhbətləşdik.
- Həsən müəllim, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda şagirdlər arasında təbliğat işlərinin aparılması nəzərdə tutulur. Təmsil etdiyiniz qurum bu prosesdə iştirakı necə görür?
- Xatırladım ki, bundan qabaq - 2019-2024-cü illər üzrə proqram da var idi. İndi 2025-2030-cu illər üzrə Dövlət Proqramı təsdiq olunub və bir çox qurumlar bu proqramın icrasını təmin etmək üçün fəaliyyətə cəlb edilib. Ümumiyyətlə, bunlar bir az həssas mövzular olduğundan, vahid proqramın olması daha məqsədəuyğun olardı. Məsələn, mütəxəssislər gedirlər, təlim keçirirlər. Hər biri öz yanaşmasına uyğun təlim keçirir. Bu, düzgün deyil. Çünki bəzən mütəxəssis hesab edir ki, uşaqlarla, şagirdlərlə təlimin keçirilməsində narkotik vasitələrin adlarının açıqlanması daha doğrudur. Çünki, deyirlər, onları onsuz da internetdə görürlər, heç olmasa bizdən həqiqəti eşitsinlər. Bəzi mütəxəssislər hesab edirlər ki, ümumiyyətlə, narkotiklərin adı çəkilməməlidir, çünki əks təsir verə bilər.
Ona görə, hazırda bununla bağlı qurumlararası razılaşdırılmış vahid bir proqram yoxdur. Amma bunun olması daha yaxşı olardı. Bu da işin düzgün aparılmasına, işin əks-təsir effetki verməməsinə yaxşı töhfə olardı. Prosesin bu səpkidə aparılması və qurumların qarşılıqlı əməkdaşlığı daha yüksək nəticələrə çıxara bilər.
- Narkomaniyanın qarşısını almağın əsas yolu uşaq vaxtlarından ailələrə nüfuz etməkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu müstəvidə nə kimi işlər görür?
- Biz məktəblərdə yuxarı sinif şagirdlərilə təlimlər keçiririk. Bir çox hallarda rastımıza çıxıb ki, narkomaniya ilə əlaqədar təlim keçirdiyimiz sinif otağında uşaqların valideynlərindən artıq bu bəlaya düçar olanlar olur. Və bu şagirdlərə pis təsir edir. Bir neçə dəfə olub ki, sinifdə şagird bu mövzudan narahat olub. Hətta bəziləri göz yaşını saxlaya bilməyib. Təlimdən sonra biz onunla söhbət aparmışıq. Hətta sonradan qurumlardan aldığımız məlumat əsasında bəlli olub ki, onun ailəsində problem olub. Digər sinif yoldaşları da vəziyyəti görürlər. Biz də başqa bir formada uşaqlara çatdırmağa çalışırıq ki, görürsünüz, ailədə bu cür halların olması uşaqların bütün həyatına, istər təhsil həyatına, istər sosial həyatına necə ciddi təsir göstərir. Təbii ki, uşaq vaxtından düzgün istiqamətləndirmə onların bu cür problemlər yaşamasının qarşısını almaq üçün vacibdir.
İşin qurulmasına gəlincə, bizdə narkomaniya ilə bağlı çoxlu maarifləndirici bukletlər çap olunur. Getdiyimiz təhsil müəssisələrində valideynlərlə görüşdə onları maarifləndirməyə çalışırıq. Bəzi hallarda bizim qurum aidiyyəti dövlət orqanlarının təşkilatçılığı ilə cəzaçəkmə müəssisələrində də məhkumlarla görüşlər keçirir. Orada da maarifləndirici bukletlər, flayerlər paylanır. Sosial şəbəkələrdə müəyyən həştəqlərlə lazımi məlumatlar paylaşılır. Hansı ki, bu məsələ Dövlət Proqramının müəyyən bəndində öz əksini tapır.
- Elə rayonlar var ki, orada narkomaniya çox geniş yayılıb. Sizcə, həmin rayonlarda gücləndirilmiş qaydada iş aparılmasına ehtiyac var?
- Bir şeyi unutmaq lazım deyil, praktika göstərir ki, narkomaniyanın yayılmasının birinci səbəbi məlumatsızlığın olmasıdır. Çünki insanlar narkotik vasitələrin göstərdiyi təsirin hansı səviyyədə olduğunu və sonda hansı fəsadlara gətirib çıxaracağını bilmirlər. Onlara ilkin olaraq narkotik vasitələr başqa adla təklif olunur. Bu zaman verdiyi fəsadlar gizlədilir deyə, onlar məlumatsızlıqdan bu bəlaya düçar olurlar. Ona görə, birinci işimiz bütün qurumların və şəxslərin məlumatlılığının artırılmasına kömək göstərməkdir ki, insanlar narkotik vasitələrin zərərinin hansı səviyyədə olduğunu bilsinlər. Dövlət proqramlarının icrası məqsədiylə noyabr ayının 5-6-7-si tarixində dövlət proqramının bəndində qeyd olunan aidiyyatı qurumla birlikdə cənub zonasında – Cəlilabad, Masallı, Astara, Lənkəran rayonlarının yuxarı sinif şagirdləri üçün geniş təlimlər keçiriləcək. Bir çox rayon məktəblərinin şagirdlərinin, həmçinin valideyinlərin, sinif rəhbərlərinin, məktəb rəhbərliyinin, idarə heyətinin iştirakı ilə onlara həkim-narkoloq tərəfindən, Komitə nümayəndəsi tərəfindən lazımi məlumatlar ötürüləcək və daimi şəkildə də narkotikdən daha çox zərər çəkən rayonlarda bu cür işlər aparılacaq.
- Həsən müəllim, kimsəyə sirr deyil ki, indi uşaqlarda kriminala meyllilik artıb. Bizim üçün maraqlıdır ki, keçirdiyiniz təlimlərə əsasən uşaqların hansı təbəqəsi gəlir? Belə deyək, elələri var ki, “tərbiyəli uşaqlar” kateqoriyasına aiddirlər. Bəziləri isə “AUE”-yə meylli uşaqlar olur, onlar “çətin tərbiyə olunan” uşaqlar kateqoriyasına aiddirlər. Həmin uşaqlarla bağlı sizin qurum ayrıca bir proqram, layihə işləyir?
- Biz dövlət qurumuyuq və məktəblərdə, yaxud müəssisələrdə uşaqlarla görüşərkən məqsədimiz onların gələcək həyatının daha yaxşı inkişaf etməsi üçün çalışmaqdır. Təbii ki, dediyiniz həyata meylli uşaqlar var. Biz aidiyyəti qurumlardan icazəni alarkən ki, təlim keçirmək istəyirik və oraya uşaqların cəlb olunması lazımdır, imkan daxilində bu cür uşaqları cəlb emələrini xahiş edirik. Məsələn, uşaqlar var ki, universitetə qəbul zamanı 500-600-700 bal toplaya biləcək səviyyələrdədirlər, artıq ailə tərbiyəsi görüblər, çox məsələlərdə lazımi səviyyədə yetişiblər. Amma siz dediyiniz uşaqların da təbii ki, maarifləndirilməsi lazımdır. İlk təlimlərdə onlar üçün çətin, maraqsız olur, yenə də öz həyatlarını davam etməkdə israrlı olurlar. Amma bir neçə təlimdən sonra artıq onlar görürlər ki, insanın həyatı necə daha gözəl ola, xoşbəxt ola bilər. Bu formada maarifləndirmə tədbirləri etməklə, onları biz bu yoldan uzaqlaşdıra bilirik.
- Yəni hesab edirsiniz ki, bu təlimlərdən sonra kriminla meylli uşaqlar daha düzgün istiqamət götürürlər?
- Biz müşahidə edərək görmüşük ki, bu təlimlərdən sonra fikrini dəyişən xeyli uşaqlar var. Az öncə qeyd etdiyim kimi, onların yüksək intellektli, lider bacarıqlı uşaqlara qoşulub özlərinə yeni əhatə seçib həyat tərzlərini dəyişməyə nail olduğunu praktikada görmüşük.
- Bizim üçün də bilmək maraqlı olardı, belə uşaqlarla təlimləri necə aparırsınız, nələrə diqqət edirsiniz? Çünki yəqin normal uşaqlarla onlar arasında düşüncə, davranış fərqləri var...
- Bəli, həmin uşaqlarda hər zaman bir daxili aqressiya olur. Hər zaman qarşısındakı insanın danışıq tərzini, verəcəyi sualı məsxərəyə qoymağa, aqressiv cavab verməyə hazır olurlar. Uşaqlar həssas təbəqədir, beyinləri hələ də ağ vərəqdir deyə onlarla danışıq zamanı çox diqqətli olmaq lazımdır. Onlarla mülayim, başa düşə biləcəyi dildə tam səmimi söhbət etmək lazımdır. Məsələn, artıq müəyyən ev tərbiyəsi, intellekt səviyyəsinə malik yetişmiş bir uşaqla söhbət edən zaman biz təbii, bu məsələləri ön plana çıxarmırıq. Çünki o, məktəbdən, ailədən, ətrafından yetərli qədər təhsil alıb, biz onun inkişafı üzərində çalışırıq. Onu yönləndiririk ki, təlimlər necə keçirilməlidir, harada, hansı davranışlara fikir verilməlidir. Yəni təlimləri bir üst səviyyədə keçiririk. Amma digər uşaqlarla təməl bilgiləri bölüşməyə, onları öyrətməyə çalışırıq. Çalışırıq onlara sıfırdan başa salaq ki, gözəl həyatlar, xoşbəxt həyatlar, kriminal olmayan həyatlar hansı formada olur və ona yönləndiririk. Onlar nə qədər bizim fikirlərə qarşı çıxmağa cəhd göstərsələr, öz sevdikləri, yaşadıqları həyatın daha gözəl olduqlarını vurğulamağa çalışsalar da, bizim məqsədimiz odur ki, onları doğru yola çəkək.
- Əsasən ölkənin hansı bölgələrinə kriminala meylli uşaqların çox olduğunu müşahidə etmisiniz?
- Bizdə elə bir statistika yoxdur. Bunu bölgələrə bölə bilmərik. Amma, təbii ki, hər bir bölgədə müəyyən kiçik faiz dərəcəsində rəqəm var. Buna məktəblərin özlərində “arxa parta uşaqları” deyilir. Hər sinifdə 30 uşaq olursa, 2-3 uşaq bu cür avara həyat tərzinə, kriminal həyat tərzinə meyl göstərir. Onlar da artıq bir müddətdən sonra hansı formada dəyişirlər, onu deyə bilmirik. Çünki bizim birbaşa məktəblərə girişimiz yoxdur. Bunu aidiyyəti dövlət qurumları daim nəzarətdə saxlaya bilir. Psixoloqlar, müəllimlər onu bilə bilirlər. Amma biz getdiyimiz, gördüyümüz hər məktəbdə “kriminal” deməyək, dərs oxumaqdan uzaq olan uşaqlar olurlar. Kriminal bir az başqa cür meyllənmədir. Amma uşaqlar var ki, dərs oxumaq istəmirlər, dərsdən zəifdirlər, geri qalırlar, ona görə onlara “arxa parta uşaqları” deyirlər. Amma konkret olaraq statistikanı verə bilmərik, çünki bizdə elə bir statistika yoxdur.
- Necə düşünürsünüz, uşaqların AUE-yə yönəlməsində onların vaxtında ailədə ala bilmədikləri tərbiyə, diqqətsizlik, laqeydlik, yoxsa ətraf mühit əsas rol oynayır?
-Sizə bir şey deyim. Uşaqların bur cür həyatlara meyllənməsinin başlıca səbəblərindən biri informasiya ehtiyatlarından düzgün istifadə etməməkdir. Artıq dünyada hər kəs bilir ki, sosial şəbəkələrin bir alqoritması var. Baxdığın videolara uyğun sənə onun oxşarlarını çıxarır. Uşaq bir dəfə hansısa videoya baxırsa, həmin videonun üzərində çox yox, 10 saniyə qaldığı müddətcə, artıq onu alqoritması sırf həmin video üzərində yenilənir. Burada bir az valideyn məsuliyyətsizliyi rol oynayır. Valideyn uşağın telefonuna nəzarət etməlidir. Nəzarət gücü valideyndə olmalıdır. Çünki onu nəzərə almaq lazımdır ki, onlar uşaqdırlar, hələ də bəzi məsələlərdə düzgün qərar vermək iqtidarında deyillər. Bunu yalnız valideyin tənzimləməlidir. Uşağın sosial şəbəkələrində bu cür videoların çox olduğunu görürlərsə, təcili addımlar atmalıdırlar. Və həmin videolar yalnız Azərbaycanda baş verən videoları çıxarmır. Bilirik ki, Azərbaycanda təhlükəsizlik tədbirləri yüksək səviyyədədir, amma kriminalın yayğın olduğu bəzi xarici ölkələrdə videolar daha dəhşətli, daha açıq şəkildə göstərilir. İzləmə həmin videoları da gətirib yetkinlik yaşına çatmayan uşaqların qarşısına çıxara bilir. Ona görə, valideyn mütləq şəxsən özü nəzarət etməlidir. Biz bilirik ki, yeni dövrdür, artıq “Z” nəsli dediyimiz nəsil internetdən istifadəni daha geniş bacarır deyə, bir yolunu tapıb istədikləri mövzuları özləri üçün əlçatan edəcəklər. Ona görə, hər bir halda valideyn uşağını nəzarətdə saxlamalıdır.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az