Və yaxud “Sərxoşları ayıltma məntəqəsi”ndən narkomanları məcburi müalicəyə!
Narkomaniyanın cəmiyyət üçün təhlükəsi danılmazdır. Belə ki, narkotik təkcə istifadəçilərə zərər vurmur, cəmiyyətdə cinayətkarlığın tüğyan etməsinə də səbəb olur.
O cümlədən, statistik göstəricilərə nəzər salsaq görərik ki, 2000-ci ildən sonra ölkəmizdə narkotik cinayətlərinin sayı sürətlə artmaqdadır. Məsələn, 2000-ci ildə narkotklə əlaqədar məhkum olunanların sayı 1658 nəfər olubsa (1558 nəfəri kişi, 100 nəfəri qadın, 3 nəfəri 14-17 yaşlarında yeniyetmələr), 2024-cü ildə eyni ittiham üzrə məhkum olunanların sayı 7659 nəfərə (7442 nəfər kişi, 217 nəfər qadın, 9 nəfər 14-17 yaşlarında yeniyetmələr) çatıb. Bu rəqəmlərdən də görünür ki, ölkəmizdə narkotik cinayətləri sürətlə artmaqdadır.
Beləliklə, narkotikin ən ağır fəsadlarından biri cinayətkarlığın artması olsa da, cinayətə qədərki yolun üstündəki əsas “dayanacaq” yeniyetmə və gənclərimizin narkotik asılısına çevrilməsidir. Digər tərəfdən, narkotiklə bağlı cinayət törədənlərin də istifadəçi olması çox rast gəlinən, yayılmış haldır. Yəni narkotik onları cinayət törətməyə sövq edən əsas amil rolunda çıxış edir.
Aydındır ki, şəxs artıq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair cinayət əməli törədibsə, onu qarşıda məhkumluq gözləyir. Amma yuxarıda vurğuladığımız kimi, narkotik cinayətinə gedən yolun əvvəli narkotik istifadəçisi olmaqdan keçir. Odur ki, yeniyetmə və gənclərimizi ağır cinayətlərdən qorumaq üçün ilk növbədə onları narkotik asılılığından xilas etməliyik.
Yeri gəlmişkən, Ümujmdünya Səhiyyə Təşkilatının (ÜST) narkotik istifadəçisinin müalicəsinə dair diqtə etdiyi əsas tələb onların könüllü, yəni öz iradəsi ilə müalicəyə cəlb olunmasıdır. Amma burada haqlı olaraq ortaya belə sual çıxır: cəmiyyəti məruz qoyduğu təhlükələrə rəğmən, narkotik istifadəçisinə könüllü müalicə imtiyazı vermək nə qədər məntiqli və ədalətlidir?
Məsələnin daha yaxşı mənzərəsini yaratmaq üçün Sovetlər Birliyi dönəminə fikrən səyahət etmək yerinə düşər. Doğrudur, SSRİ dönəmində narkotik istifadəsi elə də yayılmış deyildi. Amma alkoqolizm mövcud idi və daha pis, zərərli, sovet cəmiyyətinə xarakterik olmayan mənfi hal kimi alkoqolizmlə mübarizə aparılırdı. Həm də dövlət səviyyəsində. Sovet hökuməti alkoqolizmə qarşı “Sərxoşları ayıltma məntəqəsi” kimi qurumlar vasitəsilə mübarizə aparırdı.
Haşiyə olaraq xatırladaq ki, “Mozalan” satirik kinojurnalının 1986-ci ildə lentə alınmış 204 saylı bölümündə məhz alkoqol istifadəçilərindən bəhs edilir. Bölümdə “Sərxoşları ayıltma məntəqəsi”nin sədri Y.Tağıyev çıxış edərək, zavodların işçiləri arasından məntəqəyə gətirilmiş sərxoşlardan söhbət açır. Hətta Y.Tağıyev Azərbaycan Dəmiyolu Birliyi İdarəsinin sərxoşluğa və alkoqolizmə qarşı mübarizəni yarıtmaz halda təşkil etdiyini bildirir. O, eyni zamanda Bakı Elektrik Mühərrikləri Zavodunun da bu işi yarıtmaz halda təşkil etdiyini səsləndirir və “görəsən zavod rəhbərliyi nə vaxta qədər bu vacib işə dırnaqarası baxacaqlar?!”, deyə zavod rəhbərliyinə irad tutur.
Həmçinin, o dövrdə “Sərxoşluğa qarşı mübarizə komissiyası” da bu mənfi tendesiyaya qarşı mübarizə təşkil edib.
Yəni o vaxtkı hökumət pis və zərərli vərdişlərlə dağınıq və xaotik yox, davamlı təşkil olunmuş mübarizə aparıb. Cəza kimi iş yelərində sərxoşluğa yol vermiş işçiləri 13-cü maaşdan məhrum edirdilər. Mübarizəni isə idarə rəhbərlərinə, bu qəbildən etik davranışı təbliğ edən komissiyalara həvalə edirdilər.
Dediyimiz odur ki, heç bir dövr mənfi neqativ hallardan xali olmayıb. Amma belə hallarla hökumət rəsmi, təşkilatlı mübarizə aparmalıdır. İctimai qınaq hər zaman təsirli, effektiv vasitə olub. Bu səbəbdən, indi də narkotik istifadəçilərini özbaşına qoymaq, onun öz xoşu ilə nə vaxt etdiyi əməlin cəmiyyəti silkələdiyini, cinayətkarlığı artırdığını dərk etməsinə geniş vaxt ayırmaq olmaz. Düzdür, narkotik istifadəsinin asılılıqdan qaynaqlandığı, bunun bir beyin xəstəliyi olduğu etiraf edilir. Amma bu o anlama gəlmir ki, prosesi cilovlamağa ehtiyac yoxdur. Əksinə, belə şəxslər öz ixtiyarına, yaxud taleyin ixtiyarına qoyulmamalıdır. Yəni onların ciddi çərçivə daxilində könüllü yox, məcburi reabilitasiyaya cəlb edilməsi vacibdir.
Məşhur xalq məsəlimiz var: “Ölünü özbaşına qoysan, kəfəni yırtıb qəbirdən çıxar”.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az