Tonlarla narkotik sərhəddimizi necə “aşır”? – ARAŞDIRMA

“Qara bazar”dakı “bolluğa” görə hansı qurum məsuliyyət daşıyır?

Ötən yazımızda vurğulamışdıq ki, son 30 ildə ölkəmizdə narkotik ticarətinin və narkomaniyanın mənzərəsi xeyli dəyişib. Qeyd etmişdik ki, 1995-ci idə Azərbaycanda narkotiklə bağlı cinayətlərin sayı 2827 idisə, bunun 1852-si qanunsuz satış, istehsal və daşınması ilə, 918-i isə tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edilməsi ilə bağlı idi.

2000-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin sayı 2370 idisə, bunun 1989-u narkotikin istehsalı, satışı kimi cinayətlərlə, 330-u isə tərkibində narkotik maddələr olan bitkilərin kutivasiya edilmə sayı ilə bağlı olub.

2024-cü ildə narkotiklərin qanunsuz dövriyyəsi üzrə cinayətlərin ümumi sayı 8863 olub ki, bunun 8551-i narkotikin istehsalı, satışı ilə, 229-u isə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə əlaqədar olub.

İran ucuz narkotiki ölkəmizə doldurdu, “yerli istehsal” dayandı...

Bu göstəricilərə istinadən qeyd etmişdik ki, zaman keçdikcə ölkəmizdə “qara bazar”da alıcısına çatan narkotik daxildə narkotik tərkibli bitklərin kultivasiyası hesabına yox, daha çox idxal, yəni kənardan gətirilən “mal”ın hesabına təmin olunub. Bununla, ölkəmizdə narkomaniyanın yayılmasında idxaldan asılı olan narkoticarətin payının get-gedə artdığını ortaya qoymuşduq.

**

Əlbəttə, Azərbaycana narkotikin əsasən xaricdən gətirilməsi öz-özlüyündə daha bir problemi gündəmə gətirir. Belə ki, hər il tonlarla narkotik sərhəd xəttimizi aşırsa, gömrükdə “gözdən qaçırsa”, deməli, istər Dövlət Sərhəd Xidməti (DSX), istər də Dövlət Gömrük Komitəsi (DGK) bu məsələdə bilavasitə cavabdehlik daşıyırlar. Çünki, narkotikin ölkəmizə necə və hansı yollarla keçirilməsindən asılı olmayaraq, hər il tonlarla narkotik öz alıcısına çatırsa, şübhəsz, ilk növbədə bu qurumların “yaxasından yapışmaq lazımdır”. Amma təkcə son 1 ayın içində Gürcüstanda ardıcıl olaraq, 200 kq və 250 kq heroinin aşkarlanmasına görə nə DSX-nın, nə də DGK-nın rəhbər şəxslərinə “güldən ağır söz” deyilmədisə, o artıq məsələnin başqa tərəfidir…

Hər il tonlarla narkotik ölkəyə necə daxil olur?

Əlbəttə, 2020-ci ilədək ölkəmizə kiçik həcmli narkotiklərin daşınmasına görə sözügedən qurumların aşağı vəzifəli məmurlarını ittiham etmək olar. Rəhbərlik deyə bilər ki, qaçaqmalçılar hansısa sərhədçi, yaxud gömrükçü ilə anlaşıb, bundan bizim xəbərimiz olmayıb. Amma 2020-ci ildən bu yana, yəni pandemiya səbəbindən bağlı qalan quru sərhədindən tonlarla narkotkin necə və hansı yollarla keçməsi “müəmma”dır. Bu müəmma ifşa edilmədikcə və prosesə dəstək verən şəxslər cəzalandırılmadıqca ölkəyə narkotik gətirilməsi davam edəcək, narkomaniyanın da qarşısını nəinki kəsmək olacaq, əksinə, günbəgün istifadəçilərin sayı artacaq.

Dövlət Proqramı bu dəfə öz hədəfinə çatacaq?

Doğrudur, ötən ay Prezident İlham Əliyev tərəfindən narkomaniyaya qarşı mübarizə ilə əlaqədar 2025-2030-cu illər üzrə Dövlət Proqramı təsdiq edildi. Lakin ötən 5 illik dönəm təsdiq edir ki, atılan addımlara, qəbul edilən sənədlərə rəğmən, narkotik vasitələrin Azərbaycana gətirilməsinin qarşısı kəskin tədbirlərlə alınmasa, cəmiyyət olaraq narkomaniyanın cəngində çıxışı olmayan labiritdəki kimi kor-koranə dolaşacağıq.

**

Digər tərəfdən, daxildə müsadirə olunan narkotiklərin ölkəyə gətirilən “məhsulun” yalnız 16%-i olduğunu nəzərə alsaq, deməli, qalan 84% “qara bazar” vasitəsilə öz alıcısına çatır. Aiddiyyəti qurumların fəaliyyətinə rəğmən, “qara bazar” illərdir ayaq üstə qala bilirsə, deməli, ifşa olunan narkotik satıcıları şəbəkənin yalnız kiçik fiqurantlarıdır. Yəni narkotik alverçilərinin həbsi daxili bazarda satışı azaltmırsa, ləngitmirsə, məntiq bizə onu deyir ki, satış şəbəkəsinin başında duranlar “əlçatmazdır”.

Üstəlik, Azərbaycan sərhəddindən Gürcüstana qədər gedən narkotik maneəsiz təyinat yerinə çatırsa, deməli, ölkədaxili istehlak üçün gətirilən narkotik də maneəsiz sərhədi keçib, asanlıqla “qara bazar”a yol tapa bilir. Faktiki, həm müsadirə olunan tonlarla narkotikin çoxalması, həm də buna paralel olaraq asılıların və cinayətkarlığın artması bunun bariz nümunəsidir. Təsəvvür edin, hansısa bir iş adamı ölkəyə qanuni mal-məhsul gətirir. Bu halda onun ya şəxsi paylama – topdansatış məntəqəsi, ya pərakəndə satış mağazası, ya da o malı bazara çıxaracaq partnyorları olmalıdır. Eyni məntiq narkotik bazarında da işləyir.

Narkoticarətlə formal mübarizə

**

Azərbaycandan keçərək Gürcüstana gedən 200 klioqramlıq heroin yükünün daşınmasına “yaşıl işıq yandıranlar”ın içindən heç bir “dişli məmur” ifşa olunmadı. Tez-tələsik iki sadə fiqurant həbs olundu və onun ardından Naxçıvandan keçməklə Türkiyəyə daxil olmasına cəhd edilən narkotik ələ keçdi. Bu səfər isə heç kimin bu əmələ görə adı çəkilmədi və məsuliyyətə cəlb olunmadı, əksinə, üstündən ehmalca ötüldü. Belə mənzərə formalaşır ki, bu işlərin üstünü örtən beynəlxalq narkotik şəbəkəsinin üzvləri bizim içimizdəki “sanballı” vəzifə tutan əməkdaşlardır. Çünki ölkənin sərhədlərinə hökm etmək yüksək səlahiyyət sahibi olmağı tələb edir. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlara rəğmən, onların ələ keçməməsi o deməkdirmi ki, onların toxunulmazlıq imkanları var? Hər bir halda daxili narkotik bazarının əsl sahiblərinin “əlçatmazlığı”, “toxunumazlığı” ölkədə təhlükəsizliyin, asayişin qorunmasına cavabdeh olan qurumlar üçün başucalığı gətirmir.

Xəyanət şəbəkəsinin üzvləri

**

Üstəlik, onu da nəzərə alsaq ki, əsas tendensiya sintetik narkotiklərin bazarda üstünlüyü ələ keçirməsidir və buna da nail olunub, deməli, məqsəd birbaşa gənc əhalinin qəsdinə durmaqdır. Bu isə birbaşa milli təhlükəsizlik məsələsidir. Odur ki, gənclərimizin qəsdinə duran xarici qüvvələrlə əməkdaşlıq edən, xüsusilə dövlət strukturlarında oturuşmuş səlahiyyətli ünsürlər ifşa edilməli, ən sərt şəkildə cəzalandırılmalıdır. Çünki narkomaniyanın qarşısını almaq maarifləndirmə, sosial-iqtisadi faktorları həll etməklə yanaşı, birmənalı olaraq narkoticarəti himayə edən, buna şərait yaradan, dövlət strukturlarında gizlənən beynəlxalq narkoticarət şəbəkəsinin, xəyanət şəbəkəsinin üzvlərinin zərərsizləşdirilməsindən keçir.     

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az