AZƏRBAYCANA NARKOTİK AXINI... - Yaxud DSX və DGK-nın son günlər fəallaşması nə ilə bağlıdır?

Sentyabrın 27-də içərisində 200 kq heroin olan İrana məxsus yük maşınının Biləsuvar Gömrük Məntəqsindən daxil olaraq, daha sonra “Sınıq Körpü” Gömrük Məntəqəsindən Gürcüstana maneəsiz keçməsi cəmiyyətdə böyük rezonans doğurdu. Bunun ardınca o da məlum oldu ki, həmin tarixdə Naxçıvandan Türkiyəyə aparılan dəyəri 10 milyon TL (təqribən 410 min AZN) olan heroin də “Sədərək” Gömrük Məntəqəsində bizim gömrükçülərin “diqqətindən yayınsa” da, qardaş ölkənin “Dilucu” Gömrük Məntəqəsində aşkarlanıb.

Maraqlıdır ki, hər iki məsələ günlərdir Azərbaycan mediasında və sosial şəbəkələrdə müzakirə olunsa da, nə Dövlət Gömrük Komitəsi (DGK), nə də Dövlət Sərhəd Xidməti (DSX) bu barədə heç bir açıqlama verməyi lazım bilmir. Üstəlik, sözügedən faktlarla əlaqədar mətbuatın sorğusu da cavabsız qalmaqdadır.

Amma görünən odur ki, bu susqunluğa rəğmən, hazırda hər iki qurumun – DGK və DSX-nın rəhbərliyində çox ciddi narahatçılıq hökm sürməkdədir. Söhbət ondan gedir ki, son günlər istər DGK, istər də DSX özlərini gözə soxmaq, daha dəqiq desək, eyiblərini ört-basdır etmək üçün qaçaqmalçılara, xüsusilə də narkotik tacirlərinə “göz verib, işıq vermirlər”. Maraqlıdır ki, sentyabrın 27-də baş verən biabırçı hadisələrdən sonra ölkəmizdə DGK və DSX tərəfindən aşkar olunan narkotik qaçaqmalçılığı faktlarının sayı ciddi şəkildə çoxalıb. Bu isə istər-istəməz şübhələr oyadır. Məsələn, necə olur ki, məlum hadisəyədək ay ərzində ölkədə ən yaxşı halda 1-2 fakt aşkarlanırdı, son günlər isə narkotik qaçaqmalçıları sanki sərhəddə “növbəyə dayanıb”?!

Məsələn, apardığımız araşdırma nəticəsində aydın olur ki, sentyabrın 27-dən bu yana təkcə DSX tərəfindən 5 fakt üzrə narkotik vasitələrin ölkəmizə daxil olmasının qarşısı alınıb. Bu haqda aşağıdakı linkə daxil olaraq, məlumat əldə edə bilərsiniz:

**

O ki qaldı DGK-ya, şübhəsiz, son günlərdə bu qurumun aktivliyi daha çox gözə çarpır. Əlbəttə, burada söhbət yalnız gömrükdə aşkar olunan narkotik vasitələrdən getmir. Məlum 27 sentyabr biabırçılıqlarından sonra DGK sədrinin də ciddi fəallıq göstərdiyi, bir-bir sərhəd bölgələrində yerləşən gömrük məntəqələrinə baş çəkdiyini, eləcə də müxtəlif çoxsaylı tədbirlərə qatıldığını müşahidə etməkdəyik. Bunlardan oktyabrın 2-də DGK sədri Şahin Bağırovun Gəncə Gömrük İdarəsi, “Gəncə Beynəlxalq Hava Limanı” gömrük postu və Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” və “Böyük Kəsik” gömrük postlarında mövcud vəziyyətlə tanış olmasını, oktyabrın 3-də Gəncə Gömrük İdarəsinin “Yevlax” gömrük postuna baş çəkməsini, ardınca Naxçıvan Baş Gömrük İdarəsi, Biləsuvar və Tovuz gömrük idarələrində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüşlər keçirməsini, daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin təşəbbüsü ilə xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilməsini və s. misal göstərə bilərik. Bundan əlavə, məlum “narkotik qalmaqalı”ndan sonra Dövlət Gömrük Komitəsi və Baş Prokurorluğun Biləsuvar Gömrük İdarəsinin əməkdaşları və digər şəxslərin qanunsuz əməlləri ilə bağlı birgə məlumat yaymasını da təsadüf hesab etmək olmaz.

Konkret olaraq narkotik qaçaqmalçılığının qarşısının alınması faktına gəldikdə isə, onu deyə bilərik ki, təkcə bu gün – 7 oktyabr tarixində İrandan ölkəmizə daxil olan 106 kq narkotik vasitənin qarşısının alındığı haqda rəsmi açıqlama verildi. Bundan 4 gün əvvəl isə DSX və DGK əməkdaşlarının birgə keçirdiyi sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə marixuana və 1490 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürüldüyü haqda informasiya verildi.

Beləliklə, Azərbaycan gömrük məntəqələrini aşaraq Gürcüstanda və Türkiyədə ələ keçirilən narkotik vasitələrdən sonra DGK və DSX-nin aktivləşməsi tamamilə başadüşüləndir. Sual doğuran isə odur ki, əvvəlki aylar ərzində cəmi 1-2 narkotik qaçaqmalçılığı faktı aşkarlandığı halda, indi - cəmi 10 gün ərzində üst-üstə 7 əməliyyat keçirildi və hər birində külli miqdarda narkotik aşkarlandı?! Sizcə, bu məsələyə necə aydınlıq gətirmək olar? Yoxsa, bəzilərinin iddia etdiyi kimi, əvvəllər ölkəmizə narkotik həqiqətən də “sərbəst axın edirmiş”?!

Stopnarkotik.az

P.S. Mövzunu davam etdirəcəyik.