ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "Apache" helikopterinin vurulmasına cavab olaraq İrana zərbələrin tamamlandığını elan edib.
Komandanlıq bu barədə "X" sosial şəbəkəsindəki açıqlamasında bildirib.
"CENTCOM qüvvələri dünən ABŞ Ordusuna məxsus "Apache" helikopterinin vurulmasına cavab olaraq Ali Baş Komandanın göstərişi ilə İrana özünümüdafiə məqsədilə zərbələri başa çatdırıblar", - bəyanatda deyilir.
CENTCOM-un məlumatına görə, zərbələr Hörmüz boğazında İran radarlarını, hava hücumundan müdafiə sistemlərini və yerüstü idarəetmə qurğularını hədəf alıb.
Həmçinin qeyd edilib ki, zərbələr ABŞ Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin dəqiq idarə olunan sursatları və qırıcı təyyarələri ilə həyata keçirilib.
***08:51
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurmasına cavab olaraq İrana qarşı özünümüdafiə xarakterli zərbələrə başladığını açıqlayıb.
Bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
“ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:00-da Ali Baş Komandanın göstərişi ilə İrana qarşı özünümüdafiə məqsədli zərbələr endirməyə başlayıb. Bu əməliyyat dünən ABŞ Ordusuna məxsus ‘Apache’ helikopterinin vurulmasına cavab olaraq həyata keçirilir”, – paylaşımda qeyd olunub.
Açıqlamada bildirilir ki, əməliyyat İranın “əsassız təcavüzünə” qarşı proporsional cavab xarakteri daşıyır.
Əməliyyat bir neçə saat davam edib və artıq başa çatıb. CENTCOM-un yaydığı bəyanatda bildirilir ki, əməliyyat iyunun 9-da ABŞ Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə həyata keçirilib.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin qırıcı təyyarələri Hörmüz boğazı yaxınlığında yerləşən İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə məntəqələrini və müşahidə radarlarını yüksək dəqiqlikli sursatlarla vurub.
CENTCOM əməliyyatın ABŞ qüvvələrinə və regional sulardan keçən beynəlxalq ticarət gəmilərinə qarşı son hücumlara proporsional cavab olduğunu bildirib.
Açıqlamada qeyd olunub ki, ABŞ qüvvələri İran tərəfindən mümkün təhdidlərə qarşı ayıq vəziyyətdə qalır və müdafiə tədbirlərini davam etdirir.