Milli komandamızın kapitanı necə narkotik asılısı oldu?! - İNARA HƏYAT HEKAYƏSİNİ DANIŞIR

“Oğurluq etdiyim üçün evə buraxmırdılar, küçələrdə yatırdım”

Narkotiklə yaxalandığı üçün tutuldu, ayağına bilərzik vuruldu...

İnaranın 34 yaşı var. Bakıda anadan olub. Ailənin yeganə övladıdır.

Müsahibimiz 22 il peşəkar idmanla məşğul olub. İdman ustasıdır. Həndbol üzrə Azərbaycan Milli Komandasının kapitanı səviyyəsinə qədər yüksəlib.

13 il ağır narkotik vasitələrdən istifadə edib. Deyir ki, genetik olaraq özünün də narkotik maddələrə marağı olduğundan, ilk dəfə ona təklif olunan psixotrop tərkibli dərmanı qəbul edib. Elə o gündən narkotik həyatını alt-üst etməyə başlayıb.

Belə ki, narkotik asılısına çevrildikdən sonra istər həyatında, istər də idman karyerasında ciddi dönüş yaşanıb. O, nəinki peşəkar idmandan uzaqlaşıb, hətta illər ərzində böyük zəhmət hesabına yığdığı karyerası qısa müddətdə darmadağın olub.

Anası müəllimə olan İnara deyir ki, narkotikə pul tapmayanda hər zaman məktəbə gedib, hər kəsin yanında ondan pul istəyirmiş. Bu isə, şübhəsiz, anasını çətin vəziyyətdə qoyurmuş. Bu səbəbdən, anası onun heç vaxt məktəbə gəlməsini istəmirmiş. Lakin İnara narkotik istifadə etdiyi müddətdə anasını çıxılmaz duruma saldığını bir dəfə də olsun dərk etməyib.

Üstəlik, narkotik üçün evin bütün əşyalarını da satıb: “Evdə hər bir şeyi satdım”. Onun sözlərinə görə, dəfələrlə oğurluq etdiyi üçün, nəhayət, valideynləri məcbur qalıb, onu evə buraxmayıblar. Odur ki, tanış olduğu oğlanla həftələrlə küçələrdə, parklarda gecələməli olub.

İnara onu da bildirir ki, narkotikdən xilas olmaq üçün 21 gün Maştağada yerləşən Respublika Narkoloji Dispanserində detoksikasiya prosesi keçsə də, heç bir faydası olmayıb.

Müsahibimiz deyir ki, narkotiklə yaxalandığı üçün tutulub və ona ayağında 1,5 il müddətinə bilərzik gəsdirməsi haqda cəza verilib. Sonradan aministiyaya düşüb və cəzalarından xilas olub.

14 aydır “ayıq” olduğunu vurğulayan İnara qeyd edir ki, artıq həyatdan gerçək həzz almağa başlayıb.

Çox “dib”lər yaşadığını deyən həmsöhbətimizin dediyinə görə, xərçəng xəstəsə olan anasının dərman pullarını oğurlayaraq narkotikə verməsini heç zaman unuda bilmir.

13 il ağır narkotik istifadəçisi olan İnara həyat hekayəsini “Stop narkotik”ə danışıb. Buyurun, izləyin, verilişimizi paylaşmağı, kanalımızı bəyənməyi unutmayın.

Stopnarkotik.az