ABŞ-nin “GÖYDƏKİ GÖZÜ” SIRADAN ÇIXARILDI... – İran “uçan komanda mərkəzi”ni necə məhv etdi? / FOTOLAR

Yaxın Şərqdə gərginlik yeni və daha təhlükəli mərhələyə keçmək üzrədir. İran tərəfindən həyata keçirildiyi iddia olunan son hücum, təkcə taktiki deyil, həm də strateji baxımdan ABŞ üçün ciddi siqnal hesab olunur.

İngiltərənin nüfuzlu nəşrlərindən biri olan The Telegraph qəzetinin yaydığı məlumata görə, İran Səudiyyə Ərəbistanı ərazisində yerləşən Prens Sultan Hava Üssünə yüksək dəqiqlikli hücum həyata keçirib. Hücum zamanı ballistik raketlər və kamikadze pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir.

“Uçan komanda mərkəzi” necə məhv edildi?

Hücumun ən diqqətçəkən nəticəsi ABŞ Hərbi Hava Qüvvələrinin ən vacib sistemlərindən biri sayılan "Boeing E-3 Sentry" erkən xəbərdarlıq təyyarəsinin sıradan çıxarılmasıdır.

Bu təyyarə sadəcə adi hava vasitəsi deyil. O:

-yüzlərlə kilometr radiusda hava məkanını izləyir;

-raket və PUA-ları erkən mərhələdə aşkarlayır;

-digər döyüş təyyarələrinə real vaxt rejimində koordinasiya verir.

Yəni faktiki olaraq “göydəki komanda mərkəzi” funksiyasını yerinə yetirir.

Məlumatlara görə, zərbə təyyarənin ən kritik hissəsinə – radar günbəzinin gövdəyə birləşdiyi nöqtəyə endirilib. Bu isə hücumun təsadüfi deyil, əvvəlcədən dəqiq planlaşdırıldığını göstərir.

Dəqiqlik təsadüf deyil: kəşfiyyat izi

Analitiklər hesab edir ki, belə yüksək dəqiqlikli zərbə:

-ya İranın inkişaf etmiş hədəfləmə texnologiyalarına malik olduğunu;

-ya da xarici kəşfiyyat dəstəyi aldığını göstərir

Volodimir Zelenskiy isə iddia edib ki, hücumdan əvvəl Rusiya tərəfindən baza ilə bağlı peyk məlumatları toplanıb və bu məlumatlar İrana ötürülüb.

ABŞ üçün nə dəyişir?

ABŞ arsenalında bu tipdən cəmi 16 ədəd təyyarə var və onlardan birinin sıradan çıxması ciddi itki sayılır. Üstəlik:

-mövcud parkın böyük hissəsi artıq Yaxın Şərqdə yerləşdirilib;

-təyyarələrin əksəriyyəti köhnədir (ən yenisi belə 1990-cı illərə aiddir);

-alternativ model olan Boeing E-7 Wedgetail həm bahalı, həm də məhdud sayda istehsal olunur

Bu isə ABŞ-ın hava məkanına nəzarət imkanlarında “kör nöqtə” yaranması riskini artırır.

Nəticəsiz təzyiq?

Hadisə Donald Trump administrasiyasının həyata keçirdiyi ““Epik qəzəb əməliyyatı” fonunda baş verib. Bu əməliyyatın əsas məqsədi İranı zəiflətmək idi.

Lakin son hadisələr göstərir ki -İran hələ də hücum potensialını qoruyur,  ABŞ bazalarına effektiv zərbələr endirə bilir və strateji hədəfləri dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.

Ekspertlər xəbərdarlıq edir ki, vəziyyət daha da gərginləşə bilər. Xüsusilə Hörmüz boğazı kimi kritik enerji marşrutlarının risk altına düşməsi qlobal iqtisadi böhran ehtimalını artırır.

ABŞ-ın bölgəyə əlavə qoşun göndərmək planları və mümkün quru əməliyyatı ssenariləri isə münaqişənin miqyasını daha da genişləndirə bilər./azpolitika.info